İctimai nəqliyyatda xidmət keyfiyyəti çox aşağıdır - ÖZƏL
20 İyun 2023 10:47 Sosial"Taksi xidməti haqqında yeni qanun qəbul edildi. Çox güman ki, taksilərdə gediş haqqı artacaq. Taksi sürücüləri də bu xalqın övladlarıdır. Onlar da gündəlik çörək puluna işləmək məcburiyyətindədirlər. Onların da qazancları çox olsun ki, normal yaşaya bilsinlər". "Olaylar" xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyası (MCP) Siyasi Şuranın üzvü, iqtisadçı ekspert Pərviz Şıxalıyev deyib. O, bildirib ki, lakin, taksi xidmətindən istifadə edən sadə vətəndaşların da sosial vəziyyəti yaxşı deyil: "Taksi xidmətinin qiyməti artsa sadə vətəndaşlar bu xidmətdən istifadə edə bilməyəcəklər. Məcbur qalıb ictimai nəqliyyatdan, yəni marşurut avtobuslrından, metrodan istifadə edəcəklər. İctimai nəqliyyatın vəziyyəti isə çox acınacaqlıdır. Xidmətin keyfiyyəti çox aşağıdır. Gediş haqqının artırılması üçün hər il Tarif Şurasına müraciət edən özəlliklə marşurut sahibləri nədənsə xidməti yaxşılaşdırmaq haqqında heç düşünmürlər. Paytaxt Bakının mərkəzində işləyən avtobuslardan fərqli olaraq Bakı ətrafı qəsəbə və kəndlərdə işləyən avtobusların istismar müddəti keçib. 25-30 ilin avtobuslarında sərnişin daşımaq nə dərəcədə düzgündür? Marşrut xətləri üzrə xidmət göstərən avtobusların sayı azdır. Bu da avtobuslarda sərnişin sıxlığının yaranmasına gətirib çıxarır".
Ekspert vurğulayıb ki, ictimai nəqliyyatda xidmətin keyfiyyətinə hökumət nəzarət etməlidir: "Marşurut sahibləri heç vaxt avtobusların sayını öz istəkləri ilə artırmayacaqlar. Eyni pulu 10 avtobusla qazanan marşrut sahibi niyə əlavə xərc çəkib əlavə 10 avtobus alsın? Buna görə də, ictimai nəqliyyatda xidmətin keyfiyyətinə hökumət nəzarət etməlidir. İstismar müddəti keçmiş avtobusların marşrutdan çıxarılmasına və marşurut xətlərində əlavə avtobusların yerləşdirilməsinə hökumət bir-başa təsir etməlidir".