"AİLƏ MEDİCAL" klinikası istifadəyə verildi - FOTO
17 İyun 2023 11:00 Sosial17 iyun - Tibb işçilərinin peşə bayramı günü ərəfəsində Suraxanı rayonu ərazisində "AİLƏ MEDİCAL" klinikası ginekoloji xidmətlərlə xanımların istifadəsinə verilib. Sözügedən tibb mərkəzinin açılışında çıxış edən "AİLƏ MEDİCAL"ın rəhbəri tanınmış həkim ginekoloq Firəngiz Rüstəmova ölkəmizin ayrı-ayrı bölgələrində, eləcə də Bakının mərkəzində çoxlu sayda yüksək səviyyəli klinikaların mövcudluğuna diqqət çəkdi: "Paytaxtın mərkəzində mövcud olan ən müasir standartlara uyğun klinikalara Bakı ətrafı ərazilərdə də ehtiyac var. Bu məqsədlə yaradılan "AİLƏ MEDİCAL" klinikası ilə Suraxanı ərazisində qadınların sağlamlığına dəstək verəcəyik. Uzun illər yaşadığım və çalışdığım Suraxanı rayonunun əziz xanımlarına ən müasir standartlara uyğun tibb mərkəzi ilə xidmət etməyi seçdim. Qızlarımızın, qadınlarımızın sağlamlığı, hər bir həkim ginekoloq kimi mənim üçün də prioritetdir. İnanıram ki, hər kəs xidmətimizdən razı qalacaq". Açılış mərasimində iştirak edən Əmircan bələdiyyəsinin
ərazi İdarəetmə şöbəsinin müdiri Cəlaləddin Əhmədov bildirib ki, rayon sakinləri üçün belə tibb mərkəzlərinin əlçatan olması və keyfiyyətli xidmətin göstərilməsi çox önəmlidir. Çünki bu kimi amillər rayonun inkişafına dəstək olmaqla yanaşı, yerli əhalinin də rahatlığını təmin edir. Tibb sahəsinin, Suraxanı rayon ictimaiyyətinin, media nümayəndələri də açılış mərasiminə qatılıblar.