Uşaq və gənclərin fiziki və mənəvi inkişafına mənfi təsir göstərən hallar hansılardır?
17 İyun 2023 15:15 Sosialİstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı günümüzdə hər birimizin qarşısında dayanan mühüm vəzifələrdən biridir. Bu işdə dövlət nə dərəcədə cavabdeh, sorumludursa, eyni zamanda valideyn də bir o qədər məsuliyyətli və cavabdehdir. Təbii ki, bu prosesdə ümumtəhsil müəssisələri, məktəblərin də rolu danılmazdır. Bir sözlə gələcək üçün fiziki və mənəvi baxımdan güclü gənclər yetişdirmək, formalaşdırmaq istəyiriksə, yuxarıda qeyd edilən hər üç faktor bu prosesdə kordinasiyalı şəkildə işləməlidir. Həm dövlət, həm məktəb, həm də valideyn öz üzərinə düşən vəzifəni layiqincə icra etməlidir ki, gənclərimizin fiziki və mənəvi cəhətdən aşınması, onların pis vərdişlərə düçar olması, elm və təhsildən uzaqlaşması kimi mənfi tendensiyalarla qarşılaşmayaq.
Etiraf edək ki, dövlət bu istiqamətdə öz üzərində düşən vəzifəni icra edir. Fiziki və mənəvi cəhətdən sağlam gənclər ordusunun formalaşması, yetişməsi üçün üzərinə düşən vəzifələri həyata keçirməkdə xəsislik göstərmir, onları reallaşdırır. Yerdə qalan iki faktor barədə isə bunu tam əminliklə demək çətindir. Çünki əksər hallarda məktəb və valideyn bu prosesdə koordinasiyalı şəkildə işləmir, yaxud tərəflər bu yükü qarşılıqlı olaraq bir-birinin üstünə atır ki, nəticədə gənclərdə aşınma, fiziki və mənəvi baxımdan deqradasiya meydana gəlir. Elə son vaxtlarda paytaxt və regionlarımızın orta ümumtəhsil müəssisələrində keçirilən tədbirlər, məzun buraxılışı tədbirləri, yaxud əlamətdar günlərlə bağlı təşkil edilən mərasimlərdə daha çox gənclərimizin oğru dünyası, bunu təbliğ edən musiqilər ifa etməsi, yaxud həmin musiqilərin sədaları altında ürəkdən rəqs etmələri deyilənlərin sübutudur. Az qala artıq hər gün qarşılaşdığımız bu kimi mənfi halların baş verməsində məktəb nə qədər günahkardırsa, bir o qədər də valideyn bu prosesdə həmin günaha şərikdir. Çünki hər iki tərəfin uşaqla düzgün işləməməsinin nəticəsində bu kimi mənfi tendensiyalar ortaya çıxır.
Ancaq burada bir məqama da diqqət yetirmək lazımdır ki, o da bu prosesdə media, kütləvi informasiya vasitələrinin roludur. Etiraf etmək lazımdır ki, əksər hallarda media, kütləvi informasiya vasitələrinin yalnış təbliğatı, yaxud şou yaratmaq naminə cəmiyyətə, tamaşaçıya çatdırdığı bu mənfiliklər sonda gənclərin dünya görüşünə, onların yalnış istiqamətində tərbiyə olunmasına, ümumiyyətlə mənəvi cəhətdən deqradasiya olunmasına gətirib çıxarır. Bu da nəticə etibarilə gənclərin fiziki və mənəvi tərbiyəsinə öz mənfi təsirini göstərir.
Məsələ ilə bağlı hüquqşünas Əli İbrahimov deyib ki, valideyin və hüquqşünas olaraq orta məktəblərdəki bu cür meyxana ilə şagirdlərimizin rəqs etmələrini və cinayət aləminə maraq göstərmələrini qəbul edilməz hesab edir: "Qanunvericiliyə uyğun biz yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkil edirik, ancaq bu gün biz islah tərbiyə işini orta məktəblərdən başlamalıyıq. Cinayət törətmiş şəxslərin gələcək adaptasiyasını fikirləşdiyimiz halda effektiv olar ki, törədilmiş cinayətin qarşısını hər bir şəxs üzərinə düşən vəzifəsini yerinə yetirməklə almağa calışsın. Valideyin valideyin kimi, müəllim müəllim kimi, ağsaqqal ağsaqqal kimi və sair".
Əli İbrahimov deyib ki, məktəb yaşlı uşaq və yeniyetmələrin bu cür mənfi təsirlərə düşməsində sosial şəbəkələrin və informasiyanın rolu da az deyil:
"Biz uşaqlığımızda roman qəhrəmanlarına, kosmonavtlara, generallara, müəllimlərimizə, dastan qəhrəmanlarına bənzəmək arzusuyla böyüyürdük. İndiki nəsil "vurub-tutan", "asıb-kəsən", "söhbət həll edən" cayıllara bənzəmək istəyir. İnternetlə evimizə soxulan bu informasiyaların da uşaqların formalaşmasında rolu danılmazdır. Bütün bunların qarşısını almaq üçün övladlarımıza alternativlər təqdim etməli, onların təhsilə və faydalı işlərə yönəlməsinə çalışmalıyıq. Bu baxımdan məktəbin, müəllimlərin, ümumilikdə təhsil sistemimizin məsuliyyəti böyükdür. Məktəblərdə faydalı dərnəklər, klublar fəaliyyət göstərsə, yeniyetmələrimiz maraq dairələrini genişləndirə və təkmilləşdirə bilərlər. Hesab edirəm ki, gənc nəslin təlim-tərbiyəsi, formalaşması üçün diqqətli valideynlərlə yanaşı, vicdanlı və məsuliyyətli müəllimlər olmalıdır. Təhsilin keyfiyyəti və səviyyəsinin getdikcə aşağı düşməsi, sosial şəbəkələrin populyarlaşması, dağılan ailələr, gərgin ailə münasibətləri övladlarımız üçün narahat olmağımıza əsas səbəblərdəndir. "Vorzakon"lara, avtoritetlərə nəğmələr qoşulan, meyxanalar yazılan bir cəmiyyətdə övladlarımızı qorumaq olduqca çətindir. Sosial şəbəkələrdə ziyanlı, əxlaq və tərbiyədən uzaq, təhlükəli dərəcədə qərəzli kontentlərin çoxalması və əlçatan olması ciddi təhlükədən xəbər verir. Bunların aradan qaldırılması üçün mütəmadi olaraq müəllim, məktəb və valideyn üçbucağında ciddi işlər görülməlidir".
Hüquqşünas hesab edir ki, bütün bunılar uşaq və gənclərin fiziki və mənəvi inkişafına mənfi təsirsiz ötüşmür. Əli İbrahimov hesab edir ki, bu istiqamətdə müəyyən boşluqlar var və müvafiq qurumlar bu boşluqların aradan qaldırılması istiqamətində əmək sərf etməlidirlər.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir