Sosial fobiyanın görünməyən üzü: niyə cəmiyyətdən təcrid olunuruq?

İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biridir. Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar. Bu hal sosial fobiya, sosial narahatlıq kimi də tanınır. Sosial anksiyete pozuqluğu, yəni sosial fobiya, bir insanın qarşısındakı insanlar tərəfindən tənqid olunduğuna və ya hər hansı bir şəraitdə diqqət mərkəzində olacağına görə yaşadığı sıx narahatlıq və qorxudur. İnsan gündəlik həyatında hər hansı bir sosial məşğuliyyət zamanı, məsələn, hardasa çıxış, təqdimat etmək, iş müsahibəsinə getmək, müsahibəyə qatılmaq kimi hər hansı bir fəaliyyətdən əvvəl həddindən artıq gərginlik hiss edir. Bu sosial fobiya, sosial narahatlıq pozğunluğuna bir nümunədir. Sosial anksiyete pozuqluğu da psixi bir vəziyyətdir. Sosial fobiya psixoterapiya və dərmanlarla idarə oluna və müalicə edilə bilər. Sosial anksiyete pozğunluğunun müalicəsində insanın fobiyalarını daha tez aradan qaldırması üçün virtual reallıq tətbiqindən də istifadə edilir.
Psixoloq Ülkər Məmmədli deyir ki, fobiyalar müəyyən vəziyyətlərdə yaşanan qorxular olduğundan, sosial fobiya sosial vəziyyətlərdə yaşanan narahatlıq olaraq təyin edilə bilər. Bəs sosial fobiyanın əlamətləri nələrdir?
"Sosial fobiyanın ümumi əlamətlərinə baxdığımızda görərik ki, sosial fobiya yaşayan bir insan yeni bir mühitə girəndə narahatlıq, sıxıntı və təşviş yaşayır. Ürək döyüntüsü, narahatlıq və özünü ifadə etməkdə çətinliklər bu hadisəni müşayiət edir. Sosial fobiya, sosial fobik insanlar, yaşadıqları mühitdə yeni bir insanla tanış olmaq məcburiyyətində qaldıqda həyəcanlı və sıxıntılı hiss edirlər. Əgər bu şəxs tələbədirsə, sosial fobiyası səbəbindən dərsdə danışmaqda çətinlik çəkir və danışmaqdan qaçır. Danışmaq məcburiyyətində olarsa, üzü qızarır, səsi xırıldayır, əlləri titrəyir, fikrində tıxanma, hətta nitqinin kəsilməsi kimi bir vəziyyətin içinə düşür.
Sosial fobiyanın ikinci dərəcəli mənfi təsiri də cəmiyyətdən uzaqlaşma meyli ilə özünü göstərir. Sosial fobiyanın ilkin mərhələsində uşaq utandığı üçün bu problemi heç kimə deyə bilməz. Xəstəlik bilinməsə və vaxtında müdaxilə edilməsə, uşaq gələcəkdə çətinliklərlə üzləşəcək. Universitet illərində problem daha da dərinləşir. Çünki müalicə edilmədikdə problem getdikcə dərinləşir. Sosial fobiyanın simptomları anksiyete pozğunluqlarına daxil olan pozğunluqlardır. Qorxulu bir vəziyyətlə qarşılaşdıqda özünü göstərir".
Sosial fobiya hansı yaşdan başlayır? Psixoloq bildirir ki, sosial fobiya simptomları uşaqlıqdan başlayan və ilk əlamətləri məktəbəqədər yaşlarda müşahidə edilən bir xəstəlikdir:
"Valideynlər həddindən artıq mükəmməllikçi və qoruyucudurlar, övladlarının heç bir ehtiyacının qarşılanmasına icazə verilmir və çox qoruyucu və məhdudlaşdırıcı bir mühit uşağın gələcəkdə sosial fobik bir fərd olmasına səbəb olur. Bu səbəbdən sosial fobiya əlamətləri olan uşaqlar kiçik yaşlarından fərqli mühitlərə gətirilməlidir. Evdən kənarda, hətta açıq yerlərdə çox vaxt keçirməsini təmin etmək lazımdır.
Sosial fobiyanın əlamətləri olan uşaq utancaqdır, dərsdə özünü göstərə bilmir, sual verilmədikcə sual vermir və danışmır, tərəddüdlə qısa cümlələrlə cavab verir, utanır və sıxılır, göz təması qurmur, tam danışa bilmir. Titrəmə və əllərdə tərləmə ən əhəmiyyətli simptomlardır. Akademik nailiyyətləri aşağı olan, bacarıqlarını göstərə bilməyən, dostluqda çətinlik çəkən, əks cinslə münasibətdə utanc hissi keçirən, qrupda tək olan, dostluq qura və davam etdirə bilməyən uşaqlar qrup içində dərhal diqqət cəlb edirlər.
Sosial fobiya uşaqlıqda müalicə olunmursa, gələcəkdə ciddi fəsadlar törədə bilər. Əgər ailə sosial fobiyanın əlamətlərini hiss etməmişsə, zamanla sosial fobiyası olan uşaqlarının vəziyyətini görəcəklər. Müəllimlər nadir hallarda sosial fobiyanı başa düşür və ailəni xəbərdar edir".
Bəs sosial fobiyaya necə qalib gəlmək olar? Psixoloqun sözlərinə görə, sosial fobiya bir mütəxəssis tərəfindən müalicə edilməli olan bir xəstəlikdir:
"Müalicənin yaxşı aparılması üçün ilk növbədə müalicəyə mənfi təsir edəcək şərtləri aradan qaldırmaq lazımdır. Əgər insanın fərqli bir psixi pozğunluğu varsa və sosial fobiyasının kökündə uşaqlıqdan gələn qorxu və narahatlıqlar dayanırsa, müalicə zamanı bunlar da qiymətləndirilməlidir. Sosial fobiyanın müalicəsi zamanı psixoterapiyalar və lazım olduqda dərman müalicəsi ilə dəstəklənir. Virtual reallıq müalicəsi də sosial fobiyada yaxşı nəticələr verən bir müalicədir.
Sosial fobiyada dərman müalicəsi hadisənin şiddətinə uyğun olaraq psixoterapiya ilə birlikdə davam edir. Adətən bir illik dərman kursu tövsiyə olunur. Bir ilin sonunda əlamətlərdə əhəmiyyətli geriləmə müşahidə olunur. Psixoterapiyanın tətbiqi ilə rifah yüksəlir. Özünü çox ifadə etməyən cəmiyyətlərdə özünə inamı aşağı olan insanlar bunu yaşayırlar. Problemin başlanğıcı çox vaxt uşaqlıqda müşahidə olunur. Bunu hətta məktəbəqədər yaşda da görmək olar. Utancaq, başqalarına yaxınlaşmaqdan qorxan və təcrid olunmuş uşaqlar diqqətdə saxlanılmalı olan uşaqlardır.
Bir il ilə 6 ay arasında istifadə edilən dərmanların çox təsirli bir müalicə olduğunu söyləmək olar. Bu dərmanlar antidepresanlar qrupuna aiddir. Onlar fobik simptomları aradan qaldıran dərmanlardır. 70-80 faiz hallarda simptomları aradan qaldırır. Deyək ki, o, sosial fobiyası olan insan sosial fobik bir çıxış edəcək. Burada performansdan bir saat əvvəl dərmanı istifadə etmək tövsiyə olunur. Fiziki simptomlar yaşanmadıqda, insan zehnini daha asan idarə edə bilir. Ancaq terapiya ilə əsas düşüncəni aradan qaldırmaq vacibdir.
Sosial fobiyada beyin kimyasındakı bəzi pozuntulardan bəhs edilir. Digər anksiyete pozğunluqlarında olduğu kimi sosial fobiyada da bunun belə olduğu görülür. Necə ki, təhdid hissi var, otonom sinir sistemində həddindən artıq stimullaşdırma, ürək döyüntüsündə sürətlənmə, mədə-bağırsaq traktında hərəkət kimi panik atağa yaxın bir şey yaşanır. Bəzi hallarda huşunu itirmə müşahidə olunur. Sosial fobiya vəziyyətində, digər psixoloji problemlər kimi, kimyəvi maddələrin balanssızlığı var. Sosial fobiya və genetik meyli də qeyd etmək olar. Ailədə olub-olmaması soruşulduqda çox vaxt yaxın qohumlarda da oxşar problemin olduğu görülür.
Valideynlər çox qoruyucu və tənqidi olsalar, uşağın sosial fobik olma riski artır. Hər hərəkəti idarə olunan uşaq həyəcanlana bilər və hətta yaxşı niyyətli hərəkətlər uşağa mənfi təsir göstərə bilər. Gündəlik həyatın hər detalına nəzarət edilən, psixoloji və fiziki zorakılığa məruz qalan uşaqda risk artır. Uşaq özünü dəyərsiz görə bilər, etibarsızlıq yaşaya bilər. Bu isə gələcəkdə məktəb həyatında özünü ifadə etmənin uğursuzluğuna gətirib çıxarır.
Antisosial şəxsiyyət sosial fobiyadan fərqli bir xəstəlikdir. Bu xüsusiyyətə malik olan insanlar cinayətə meyilli olurlar və etdikləri işdən narahat olmurlar və məsuliyyəti başqa insanların və qurumların üzərinə yükləyirlər. Təbii ki, bəzi hallarda bir neçə psixiatrik problem bir arada ola bilər. Sosial fobiyaların cinayətə meylli olduğunu deyə bilmərik, ancaq uşaqlıqda həddindən artıq şiddətə məruz qalan insanlarda müşahidə oluna bilər.
Sosial fobik insanlar depressiyaya meyllidirlər. İnsan həyatındakı məhdudiyyətlər səbəbindən depressiyaya düşür. Sevgili tapa bilməmək, ailə qura bilməmək, işdə yüksələ bilməmək, mühitin imkanlarından istifadə edə bilməmək depressiyaya səbəb olur. Başqa bir ümumi şəkil bunu aradan qaldırmaq üçün spirtli içki istifadəsi və daha sonra isə alkoqol asılılığı və ya maddə asılılığı ola bilər. Tez-tez panik atak və sosial fobiya da müşahidə olunur.
Sosial fobiya həmçinin narahatlıq pozğunluğunun bir çox diaqnozunu ehtiva edir. Bunlardan bəziləri, ayrılıq anksiyete pozuqluğu, spesifik fobiya, sosial fobiya, panik pozuqluğu, ümumi anksiyete pozuqluğu, kəskin gərginlik (stress) pozuqluğu, travma və ttressorla əlaqəli pozğunluqlar və s.-dir.
Ümumiləşdirilmiş narahatlıq pozuqluğu günü əhatə edən mənfi gözlənti vəziyyətidir. Çox vaxt bu vəziyyətin heç bir səbəbi yoxdur, ancaq insan davamlı olaraq döş qəfəsində təzyiq, narahatlıq hissi, nəfəs darlığı, əzələlərdə gərginlik, ağızda quruluq, uyuşma kimi fiziki şikayətlərlə bir vəziyyət yaşayır. Bu vəziyyət qadınlarda daha çox olur.
Normalda sosial fobik insanlar sosial mühitə getməkdən çəkinirlər. Hər gün getdiyi mühitlərə belə girməkdən qaçır. Ancaq müəyyən bir işi varsa, vəziyyəti müəyyən mövqeyə qədər idarə edə bilər, lakin mövqe yüksəldikcə vəziyyət daha da pisləşir. Məsələn, vəzifəsi yüksələn, karyerasında yüksələn, xaricə getməli olan və məclislərdə təqdimatla çıxış etməsi gözlənilən adamları görürük. Təbii ki, bu məqamda onlar çətin anlar yaşayırlar. Ancaq bu vəzifəyə gələnlər öz vəziyyətlərini araşdırmağa və bunun xəstəlik olduğunu öyrənməyə başlayırlar. Beləliklə, müalicə planlanır və müalicəyə başlanır.
Sosial fobiyada güvən baxımından başqa bir problem yoxdursa, xüsusi öyrənmə ilə bağlı çətinlik yoxdursa, müvəffəqiyyət baxımından çox az insan mənfi təsir göstərə bilər. Ümumiyyətlə, sosial fobiya çox böyük sapmalara səbəb olmur. Ancaq həyat keyfiyyəti aşağı düşür, işdə olan münasibətlər karyerasını davam etdirməkdə çətinlik yaradır və ya şəxsi biznesini idarə edirsə və özünü təsdiq edə bilmirsə, bunlar ciddi problemlər yarada bilər".
Göründüyü kimi, bu fobiya müalicəsi olan bir xəstəlikdir. Hər şeydən əvvəl realist olmaq lazımdır. Sosial fobiyanın öhdəsindən gəlmək üçün psixoloji dəstək almaq insanın özünə inam qazanmasına və başqaları ilə ünsiyyət qurma bacarıqlarının inkişafına kömək edir.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31