Cadunun varlığı Quranda təsdiq olunur, falçılıq isə... - AÇIQLAMA
8 İyun 2023 14:16 SosialElm, texnika inkişaf etsə də, günümüzdə hələ də falçı və baxıcılara inanan xeyli insanlar var. Həmin façı və baxıcılar isə insanların avamlığı, psixoloji zəifliyi və sadəlöhvlüyündən sui-istifadə edərək, onların pulunu mənimsəyirlər.
Bəs, bu cür halların qarşısını necə almaq olar? Hansı psixoloji zəiflik insanları baxıcılara inanmağa vadar edir? Bəs, dində bu kimi fəaliyyətlərlə məşğul olan insanlar haqqında nə deyilir?

Mövzu ilə bağlı psixoloq Gülər Akifqızı Bakupost.az -a açıqlamasında bildirib ki, belə halların baş verməsinə insan psixologiyasındakı boşluqlar səbəb olur:
"Hər bir insanın fərqli inanc sistemi var. Bəzi insanların psixologiyasında, xarakterində müəyən boşluqlar olur. Falçılar da həmin boşluqlardan sui-istifadə edirlər. Çünki insanlar qeyri-müəyyənlikdən əziyyət çəkdikləri üçün nədənsə hali olmaq istəyirlər. Ona görə də, onlar ilk növbədə görücülərin yanına gedib, nələrin baş verdiyini öyrənməyə çalışırlar. Bəzən fikirlər də üst-üstə düşdükdə birmənalı inanırlar. Həyatılarını ona uğun qururlar. Falçılar da çox güclü manipulyatordurlar. Onlar sanki insan psixologiyasına bələd olurlar. Onu elə bir atmosferə salırlar ki, insan bütün həyatının axınını, düşdüyü stuasiyanın təhlilini falçılarla əlaqələndirir. Falçılar da həmin şəxsə xoş gələn fikirlər söyləyir, gündəlik həyatına uyğun sözlər deyirlər".
Psixoloqun sözlərinə görə, bu aldanmaların qarşısını almaq mümkün deyil:
"Bir qisim insan ümumiyyətlə, falçılara üz tutmur. Çünki onlar baş verənləri təbiətin qanunu kimiqəbul edirlər. Bu situasiyadan öz gücü ilə çıxırlar. Özlərini müdafiə və inkişaf etdirə bilirlər. İnsanların bundan yayınması üçün KİV-lərdə daim maarifləndirici məlumatlar təqdim olunmalıdır. Lakin biz bu axının qarşısını ala bilmərik. Bir insanın təfəkkür, potensial tutumu bir yerə qədərdirsə, biz nə qədər desək də, nəticə almayacağıq. Çünki bəziləri istədiklərini eşitmək istəyir".

İlahiyyatçı Tural İrfan isə Bakupost.az -a bildirib ki, baxıcılıq İslam dinində yolverilməz hesab olunur:
"Başqa dinlərə sitayiş edən insanlar da baxıcılara inanmağa davam edir. Bunun bir neçə səbəbi var. Məsələn, insanlar sosial vəziyyətində problemlər yarandıqda düşünürlər ki, bəxtləri bağlanıb və s. Ona görə də, baxıcılara üz tuturlar. İslam dinində baxıcılıq anlayışı yoxdur. İnsanların taleyinə baxmaq, kitab açmaq və s. haram hesab olunur, qadağandır. Lakin cadunun varlığı Quranda təsdiq olunur. Mənfi enerji yönləndirilməsi ilə insanlara təsir etmək mümkündür. Bundan qurtulmaq üçün də psixoloqlara, həqiqi ruhanilərə, ilahiyyatçılara üz tutmaq lazımdır. El arasında yayılmış baxıcı, falçılardan isə uzaq durmaq lazımdır.
Xaricdə mənfi enerji məsələsi ilə bağlı elmi-tədqiqat institutları var. Araşdırırlar. Bizdə isə günah olsa da, bu işlə düzgün məşğul olan adam tanımıram. Hamısı şarlatandır. Hər zaman insanların buna inanmamasını tövsiyə edirik".