Bakıdakı xarici avtoservislərin özbaşınalığı
7 İyun 2023 16:21 SosialÖlkədə fəaliyyət göstərən avtomobil servis xidmətləri sürücülər üçün əməlli-başlı başağrısına çevrilib. Gördükləri işin keyfiyyətinə və effektivliyinə tam zəmanət verməyən servis mərkəzləri min cür bəhanə ilə üzərlərinə düşən vəzifələrin icrasından da yayınırlar. Redaksiyamıza müraciət edən Camalov Əkbər Əlikram oğlunun da şikayəti məhz bu barədədir. Ə.Camalov bildirib ki, ona məxsus 77 PD919 nömrəli "Changan GS 85" model avtomobilin sürət qutusu (karopka) sıradan çıxıb. Zəmanət müddəti bitmədiyi üçün cari ilin mart ayının 15-dən avtomobili firmanın servis mərkəzinə təqdim edib. Ona bildirilib ki, ehtiyat hissəsi Çindən gətirildiyi üçün avtomobilin təmiri 2 ay çəkəcək. Lakin deyilən müddətdən üç aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də avtomobil təmir olunmayıb. Şikayətçi əlavə edib ki, əslində firma bu müddət ərzində onu əlavə avtomobillə təmin etməli idi. Lakin firmaya etdiyi müraciət müsbət həllini tapmayıb.
Firmanın servis mərkəzindən isə "Olaylar"a bildirilib ki, öz fəaliyyətləri barədə mətbuata məlumat vermirlər: "Mətbuat- zad saymıram, hara istəyir, kimə istəyir müraciət edə bilər. Narazılğı varsa məhkəməyə müraciət etsin. Bizim servisdə kimisə avtomobillə təmin etmək məsələsi yoxdur".