Taksi fəaliyyətinə əl gəzdirmək, bu sahədə tədbirlər həyata keçirmək lazımdır

Son vaxtlar vətəndaşlar tərəfindən polis orqanlarına daxil olan şikayətlərin bəlli bir qismi də taksi sürücüləri, yaxud taksi fəaliyyəti ilə bağlıdır. Şikayətlər müxtəlifdir. Sürücü kobudluğu, yol-nəqliyyat qaydalarının kobud şəkildə pozulması, taksi sürücülərindən bəzilərinin müştəri ilə qeyri-etik ifadələrlə söhbət etməsi və s. Elə buna görə də cəmiyyətdə haqlı olaraq bildirilir ki, taksi fəaliyyətinə əl gəzdirmək, bu sahədə tədbirlər həyata keçirmək lazımdır. Elə İqtisadi Təhlik və Qiymətləndirmə Mərkəzi də belə hesab edir. "OLAYLAR"-ın xəbərinə görə, Mərkəzdən daxil olan açıqlamada bildirilib ki, paytaxtdakı taksilərlə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac var. Ancaq bir şərtlə ki, həmin tədbirlər taksi fəaliyyətinin monopoliyaya alınmasına xidmət etməsin. Qeyd olunur ki, həyata keçiriləcək tədbirlər taksi fəaliyyətinin əngəllənməsi, onun bir əldə cəmlənməsinə yox, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasına xidmət etməlidir:

"Apardığımız araşdırmalardan məlum olub ki, ölkədə yeganə sahə taksi fəaliyyətidir ki, burada monopoliya yoxdur, azad rəqabət mühiti var. Məhz azad rəqabət mühitinin olmasıdır ki, təkcə elə paytaxtda onlarla taksi şirkəti mövcuddur və onlar sərnişinə fərqli qiymətlər təklif edirlər. Ona görə də taksi fəaliyyətinə qarşı tədbirlər həyata keçirilərkən mütləq bu amil, azad rəqabət mühiti nəzərə alınmalıdır"

Sözügedən mərkəz də hesab edir ki, taksi şirkətlərinin bir çoxu, eləcə də sürücülər sərnişinlə normal qaydada davranmır, qeyri-etik hərəkətlərə, ifadələrə yol verirlər. Qurum hesab edir ki, bu da bəzi taksi sürücülərinin narkotik aludəçisi olması ilə bağldır:

"Bu bir həqiqətdir ki, paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir çoxu narkotik aludəçisidir. Belə şəxslərin taksi fəaliyyəti ilə məşğul olması təkcə özləri üçün, insanlar üçün də təhlükəlidir. Ona görə də taksi şirkətləri sürücüləri işə götürərkən onları narkoloji testdən keçirməlidirlər".

Qurumdan bildirilib ki, bu kimi neqativ hallar cəmiyyətdə ümumilikdə taksi şirkətləri və ya onların sürücüləri barədə mənfi rəy formalaşdırır:

"Ona görə də taksi şirkətləri sürücü işə götürərkən onları mütləq narkoloji testdən keçirməlidirlər. Həmçinin, taksi sürücülərinin psixoloji testdən keçirilməsi də olduqca vacibdir".

O da bildirilib ki, günümüzdə valideynlər bəzi hallarda övladlarını taksi xidmətindən istifadə edərək dərsə, yaxud repititor yanına göndərir: "Hər hansı bir taksi sürücüsünün psixoloji pozğunluğu, avtomobili yol hərəkəti qaydalarına uyğun olmayaraq sürməsi uşaqda stresslər, əsəb gərginliyi yarada bilər. Ona görə də şirkətlər mütləq bunlara diqqət yetirməlidir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31