Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500 avtomobil verilib
2 İyun 2023 14:47 SosialPrezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və həmin vaxtdan 6 DOST Mərkəzi, habelə Zəngilanın Ağalı kəndində ölkə üzrə ilk "Smart DOST" məntəqəsi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, 154 növdə sosial xidmətin "bir pəncərə"dən, çevik, tam şəffaf şəkildə təqdim edildiyi DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edib. DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub və DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı daim artır. Hazırda DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri diqqətə çatdırılıb. "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Bildirib ki, 2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə 13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.