Piştaxtalar zərərli qidalarla doludur - ÖZƏL

"Bu gün piştaxtalar zərərli qidalarla doludur. Öncə  Azərbaycanın əmtəə bazarında istehlakçı, istehsalçı sistemində keyfiyyət faktoruna, mövcud çatışmazlıqlara nəzər salaq. Ərzağın təhlükəsizliyi məsələsi, yetişdirilən məhsulların keyfiyyəti,  istehlakçı təfəkkürünün necə formalaşması, bu sahədə qanunların icra mexanizmlərinin tapılması və digər məqamlar  vətəndaş olaraq  hər birimizi düşündürməlidir". Bunu "Olaylar"a deyən  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli qeyd edib ki, vətəndaş mövqeyinin olmaması və  yaxud zəif olması bir çox bəlalara yol açır: "Görünür, keyfiyyətsiz məhsul yetişdirən, istehsal edən sahibkarda, millətin övladına düzgün təhsil verməyən müəllimdə,  bütün bunlara nəzarət etməyə borclu olan və nəzarət etməyən səlahiyyətli şəxslərdə  vətəndaşlıq mövqeyi acınacaqlı  vəziyyətdədir. İstehsalda  və məhsulların satışında  real vəziyyətə nəzər saldıqda mövcud qanunların tələblərinə əməl edildiyinin şahidi olmuruq. Bu gün istifadəyə yararsız malların satışından potensial istehlakçı olaraq hər birimiz ziyan çəkirik. Yerli sahibkarlar, aqrar sahədə çalışan fermerlər bəzən şikayət edib bildirirlər ki, fəaliyyətimizə mane olurlar,  məhsulumuzu birbaşa bazarlara  çıxarmaqda çətinlik çəkirik, inhisarçılıq var.  Bu iradlarla razılaşmaq olar. Ancaq burada qeyri peşəkarlıq və istehsalçının öz işinə vicdanla yanaşması problemi, bu işə necə nəzarət etmək mexanizmlərinin tapılması məsələsi  və digər narahatedici  məqamlar var. Heç şübhəsiz ki, problemin xeyli hissəsi buradan qaynaqlanır. 

Vətəndaşlıq mövqeyi olmayan  və qanunlara hörməti etməyən şəxslər düşünmürlər ki, özləri keyfiyyətsiz məhsuldan istifadə etməsə də,  onların yaxınları, qohumları, lap elə millətinin digər övlaları belə məhsulları bilərəkdən və yaxud bilməyərəkdən alıb qidalanacaq. Bütün  bunların nəticəsi isə göz qabağındadır. Digər bir vacib məqam var. Buna nəzarət etməyə borclu olan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti bütün bunlara görə qəbul edilməzdir. Problemləri qisməndə olsa aradan qaldırmaq üçün  bəzi addımların atılmasına ehtiyac var. Burada istehsalçıların, istehlakçıların maariflənməsi, dövlətin qanunverici aktlarının dəqiq hazırlanması və icrası, müstəqil məhkəmə sisteminin təkmilləşməsi, həmçinin vətəndaş cəmiyyəti institutlarının geniş fəaliyyət göstərməsi zəruridir. Qida Təhlükəsizliyi Agentliyinin yanında  Vətəndaş Cəmiyyətinin nümayəndələrindən ibarət  İctimai Şura yaradalıb. Təəssüf ki, həmin Şuranın ciddi mövqeyinə, hesabatlarına rast gəlinmir. Deməli, İctimai Şuralar yaradılarkən QHT-nin  ixtisaslaşmasına, həmin İctimai Şuralarda təmsil olunacaq şəxslərin aydın və cəsarətli mövqeyi, dürüst sözü zəruridir. Bu gün sahibkar da, ona şərait yarandan şəxslər də dərk etməlidir ki, keyfiyyətsiz, rəqabətə davamsız məhsulla  insan sağlamlığına  böyük ziyan vururlar. İstehlakçını ucuz, xarab malla aldatmaq yox, onu keyfiyyətli məhsulla heyrətləndirmək lazımdır. İdxal, ixracla məşğul olan milli sahibkarlıq subyektlərində biznes maraqlarının olması təbii haldır. Ancaq bu biznes maraqları vətəndaşlıq mövqeyini, dövlətçilik təfəkkürünü üstələməməlidir. Ən əsası insan  faktoruna, əhalinin  sağlamlıq məsələsinə  heç kəs biganə yanaşmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31