Təhsilli qadın həm də savadlı bir anadır
28 Mart 2023 11:01 SosialAzərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb. "Müasir cəmiyyət və qadın hüquqları" İctimai Birliyinin təsisçisi Xanım Əhmədzadə həyata keçirdikləri layihə haqqında məlumat verərək bildirmişdir ki, hər bir qızın, qadının mükəmməl təhsil alması üçün ölkəmizdə çox geniş resurslar mövcuddur. Müəyyən səbəblərdən təhsildən yayılan qızlarla bağlı da dövlət müxtəlif motivasiyalı proqramlar, preventiv tədbirlər həyata keçirir və problemin qarşısının alınmasına dəstək olunur. Çox təəssüf ki, hələ də "oxutmuram, əl çəkin" prinsipi ilə yaşayan valideynlər, təhsildən yayındırılaraq erkən nigaha vadar edilən, arzuları yarımıq qalmış azyaşlı qızlar var. Erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Həm də yeniyetmələrdə səbirsizlik, dözümsüzlük faktoru yüksək olduğundan, ailədə istənilən problemin ağırlığı altında depressiyalara, bəzən hətta ağır psixi pozuntulara daha çox məruz qalırlar.
Cəmiyyətdə baş verən bu kimi problemləri nəzərə alaraq, hazırda bizim İctimai Birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Təhsilli qadın təhsilli cəmiyyətin təməlidir" adlı layihəni icra edir. Layihənin icra müddəti 4 aydır və 01.02.2023 -cü il tarixindən icra fəaliyyətinə başlayıb. Maarifləndirmə tədbirləri Bakı və Bakıətrafı kəndlərdə yaşayan benefisiarlar üçün nəzərdə tutulub. Layihənin əsas ideyası qızlar arasında təhsildən yayınma hallarının səbəblərinin öyrənilməsi və maarifləndirmə tədbirlərinin təşkil edilməsidir. Layihə bu problemin həll olunmasına kömək etməkdən, yaranma səbəblərini ictimaiyyətin özündən öyrənməkdən, təşəbbüslərini müvafiq dövlət orqanlarına, cəmiyyətə çatdırmaq məqsədilə maarifləndirmə tədbirləri təşkil etməkdən, belə hallarla üzləşmiş qızlar və ailələri ilə görüşlər keçirməkdən bəhs edir. Layihənin nəticəsi olaraq əsas gözləntimiz qızlar arasında təhsildən yayınma hallarının azalmasına nail olmaq, bu problemin səbəblərini öyrənmək və aradan qaldırılmasına dəstək olmaqdır.
Qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək istəyirsə, mütləq təhsil almalı, peşə öyrənməli, sənətə yiyələnməli, iqtisadi cəhətdən təmin olunmalıdır. Həqiqətən də, bir qadının təhsil alması onun cəmiyyət üçün savadlı övlad yetişdirməsinə zəmin yaradır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakı şəhərində müsəlman Şərqində ilk qızlar məktəbi açaraq, kişi və qadın bərabərliyində mühüm addım atmış oldu. Özünün təhsilsiz olmasına, dövrün yerli ruhanilərinin maneçilik törətməsinə baxmayaraq, qızların təhsil almalarının vacib olduğunu vurğulayırdı və gəncləri öz hesabına oxudurdu. Z.Tağıyevin dediyi kimi, "Bir kişinin təhsil alması, yalnız savadlı bir insanın olması deməkdir. Amma bir qadının təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir". Qadının təhsilli olması, işləməsi iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini də azaldır.