Yuxusuzluğun səbəbləri hansılardır və bu orqanizmə necə təsir edir?
27 Mart 2023 13:16 Sosial"Yuxusuzluğun yaranma səbəblərinə depressiya, xroniki stress, emosional narahatlıq, gərginlik, yuxuya mane olan xarici amillər (səs-küy, işıq, isti hava), narahat ayaq sindromu; çox ağır fiziki yorğunluq; uzun müddət sürən ağrılar, aritmiyalar, hormonal pozğunluqlar, narkotiklərə məruz qalma, alkoqol və nikotinin istifadəsi, enerji içkiləri, burun çəpərinin əyriliyi və ya poliplər səbəbindən nəfəsalmanın pozulması, bəzi dərmanlar (məsələn, depressiya, yüksək qan təzyiqi və ya astmanın müalicəsində istifadə olunan dərmanlar), yuxu rejimində dəyişikliklər aiddir". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılovanın sözlərinə görə, əgər yuxusuzluq insanı uzun müddət narahat edirsə, bu ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Nevrotik pozuntular (gərginlik, fobiya, panik ataklar, depressiya və s.) yaranır, yaddaş itkisi, neyrodegenerativ xəstəliklər (məsələn, Alzheimer xəstəliyi), ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, immun sisteminin disfunksiyası, hormonal disbalans riski artır: "Yuxu orqanizmin bərpası üçün zəruri olan təbii bioloji prosesdir. Sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir. Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq, insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə yüksəlməyə başlayır. Qeyd edim ki, yuxusuzluq qısamüddətli (kəskin yuxusuzluq) və ya uzunmüddətli (xroniki yuxusuzluq) ola bilər. Kəskin yuxusuzluq adətən stressdən yaranır və bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən xroniki yuxusuzluq halları da görülə bilər".