"Cavanları elmi işlərini vaxtında müdafiə etməyə çağırıram "- ÖZƏL

AMEA-nın 16 mart 2023-cü il tarixində keçirilən ümumi yığıncağında  AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 40 yaşına qədər elmlər doktorlarının hazırlanmasının təşviq edilməsinin də günümüzün əsas mövzularından olduğunu söyləyib.
Mənim fikrimcə, bu olduqca önəmli bir məqamdır.Ailə qayğıları içində elmə həvəsi itirməmək üçün biz alim xanımlar üçün doktorluq dissertasiyasının təşviqi özəlliklə vacibdir. Çox zaman fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsindən sonra tədqiqatçılarda əminliyin, ətalətin yaranması faktı elmi mühitlə yaxından tanış olan ziyalılara məlumdur. Nə qədər elmə fayda verə biləcək tədqiqatçılar bu ətalətin qurbanı olur. Ömrün faydalı illəri bu əminlik altında ötüb keçir, yaş artıqca doktorluq dissertasiyasının müdafiəsinə həvəs də, maraq da qalmır. Bu baxımdan doktorluq dissertasiyasının daha cavan, enerjili vaxtlarda müdafiəsinin təşviqi önəmlidir.
İndi zaman da tədqiqatın daha sürətlə aparılmasına imkan verir. Kompüter texnologiyaları, elektron kitabxanalar daha çox bilik əldə etməyə, yeni dillər öyrənməyə, araşdırmanı dünya elmi mühitinə çıxarmağa, müasir araşdırma üsulları tədqiqatı daha sürətlə tamamlamağa şərait yaratdığı halda müasir alimin keçmiş zamanın sürətinə uyğun, ətalətlə işləməsi absurd deyilmi?
Mənim 38 yaşım var və doktorluq dissertasiyamın  ilkin variantı  hazırdır. Ömrünü elmə həsr etmək istəyən biri kimi mən bununla fəxr edirəm və digər cavanları da həvəslə çalışmağa, elmi işlərini vaxtında müdafiə etməyə  çağırıram.

Elnarə Qaragözova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31