200 minlik maşının yoxdursa, bu restorana buraxılmırsan - ARAŞDIRMA

İctimai-iaşə fəaliyyəti bütün zamanlarda gəlirli sahələrdən olduğu üçün bu sahəyə maraq kifayət qədər böyükdür. İnkişaf templəri və əhalinin gəlirləri artdıqca isə bu sahədə daha sivil və komfortlu xidmətlərin göstərilməsi meyilləri də sürətlənir. Respublikada son illər fəaliyyətə başlayan yeni ictimai iaşə obyektlərinin sayı durmadan artır. Lakin təəssüflər olsun ki, hələ də bir sıra obyektlərdə xidmətin təşkili qaydalarına, istehlakçıların hüquqlarının müdafiəsinə yanaşma qanunvericiliyin tələbləri səviyyəsində deyil. Məhz bu səbəbdən istehlakçılardan hansısa restoran, yaxud kafe barədə şikayətlər eşitmək mümkündür.
Müştərilərin narazılığına səbəb olan belə restoranlardan biri də şəhərin mərkəzində yerləşir. Belə ki, restoranlardan birində vaxt keçirmək istəyən müştərilərdən bunun üçün öncədən müəyyən edilmiş kriteriyalara uyğun olmaları tələb edilir. Ora ancaq bahalı maşınlarla gələn qonaqların, gözəl qızların restorana girməyə icazə verməsi birmənalı qarşılanmır, bu hal müştəriləri narazı salır.

Bəs maraqlıdır, bu kimi restoranlar niyə belə sistemlə işləyirlər?

 

Sosioloq Elçin Bayramlı bildirir ki,  belə obyektlərdə əxlaqsız əyləncələr, qeyri-adi ağlagəlməz vəziyyətlər təşkil olunur:
"Bu açıq qanun pozuntusudur. Belə bir fakt müvafiq orqanlar tərəfindən nəzarətə götürülməlidir, cəzalandırılmalıdır. Belə bir insan hüququ pozuntusu ola bilməz. İaşə müəssisələri vətəndaşların sosial, siyasi, etnik, dini mənsubiyyətinə görə heç bir fərq qoya bilməz. Ümumiyyətlə buna ixtiyarı yoxdur ki, kimisə içəri buraxmasınlar. Əgər müəssisə fəaliyyət göstərirsə, dövlətin qanunları çərçivəsində fəaliyyət göstərməyə görə ona icazə verilib.
Digər tərəfdən baxdıqda, belə obyektlər çoxdur, şəhərdə bir neçə belə obyekt  var. Məlumatlara görə, belə obyektlərdə əxlaqsız əyləncələr, qeyri-adi ağlagəlməz vəziyyətlər təşkil olunur. Yəni, kütlənin, camaatın gözündən uzaq olmaq üçün məhdud kateqoriya, "elit" adlandırılan adamlar, hansı ki, çox pullu, imkanlı bir qrup adam burda belə işlərlə məşğuldur. Burada açıq şəkildə qadın alveri gedir. "Bahalı" qadınların  bahalı şəxslərə satılması, bəzi maddələrdən istifadə, xüsusi içkilər, xüsusi narkotik vasitələr istifadə olunur və s. Bu kimi hallar cəmiyyət arasında sözdə bilinir. Orda işləyən insanlar bu barədə danışırlar. Sadəcə məsələ ictimailəşmir. Çünki ora kütləvi, adi insanların girişinə imkan verilmir. Belə hallarla bağlı ciddi araşdırmalar aparılmalıdır, məsələ ictimailəşdirilməlidir və müəssisə rəhbərləri cəzalandırılmalıdır. Biz vətəndaş dövlətiyik, guya demokratik cəmiyyət qurmuşuq. Belə biabırçılıqlar yolverilməzdir, bu açıq-aşkar təbəqələşmənin ünsürdür, başqalarını təhqir etməkdir. Üstəlik ora ictimai obyektdir, gizli-qapalı obyekt statusu ilə fəaliyyət göstərmir, göstərə də bilməz. O halda hansı əsasla, hansı prinsiplə ora xüsusi seçilmiş insanlar buraxılır və onlar orada nə işlə məşğuldur, bu bilinmir.
Hüquq-mühafizə orqanları, ticarət, iaşə sektoruna cavabdeh olan orqanlar belə məlumatlarla bağlı araşdırma aparmalıdır. Belə obyektlər, onların sahibləri ciddi cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun. Çünki bu sosial qıcıq, sosial narazılıq yaradır. Üstəlik orda bir çox təhlükəli vəziyyətlər ola bilər. Ona görə bu yolverilməz haldır və buna heç bir əsas yoxdur. Yaxşı ki, siz media olaraq bu halları işıqlandırırsınız. Çünki bu gözdən uzaq qalan, gizli məsələlər problemlər yaradır. Cəmiyyət və ölkə şəffafdır. Bu nə məqsəd daşıya bilər ki?  Düzgün, qanuni fəaliyyət göstərən bir əyləncə mərkəzində və ya hər hansı bir turizm müəssisəsində gizli nə ola bilər ki, ora sadəcə xüsusi seçilmişlərin girişinə icazə verilsin? Nədir, bunlar dövlət çevrilişi hazırlayırlar, yoxsa terror aktı? Nəyə görə gizlədirlər? Bu məsələyə sərt yanaşmaq lazımdır. Həm media, həm ictimaiyyət, həm də müvafiq dövlət orqanları sərt reaksiya verməlidir və bununla bağlı açıq araşdırma aparıb, bunun nəticəsi ilə bağlı cəmiyyətə məlumat verməlidir".

Bəs istehlakçıların hüquqlarının bu şəkildə pozulması, onlar arasında ayrı-seçkilik qanunla necə tənzimlənir? Belə hallarla qarşılaşan vətəndaşlar hansı orqanlara müraciət etməlidirər?

Vəkil Turan Abdullazadənin sözlərinə görə, şəxsin görünüşünün, qiyafəsinin kasıb görünməsi və avtomobilinin olmamasına görə onu restorana buraxmamaq tam qanunsuzdur:
"Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bərabərlik hüququ öz əksini tapıb. Həmin maddədə qeyd olunmuşdur ki, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Heç kəsə bu maddənin bu göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
Buradan da görünür ki, şəxsin hansı sosial sinifə və sosial mənsubluğa malik olmasından asılı olmayaraq ictimai iaşə müəssisələrinin, kafelərin, restoranların fəaliyyətindən yararlana bilər.
Şəxsin görünüşünün, qiyafəsinin kasıb görünməsi və avtomobilinin olmamasına görə onu restorana buraxmamaq tam qanunsuzdur.
Belə hallarla qarşılaşan vətəndaşlar  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və İnsan hüquqları üzrə müvəkkilə (Ombudsman)  şikayət ərizəsi ilə müraciət edə bilər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin hazırlanmasında iştirak edən və həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası haqqında qanuna əsasən, qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Tam əksinə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər.
İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir".

Bəs görəsən, bu, restoranların "high class" insanları, oliqarxları cəlb etmək üçün ortaya atdığı marketinq hiyləsi ola bilərmi?

Marketinq üzrə mütəxəssis Səfər Aslanov isə bildirir ki, bu bir hiylə deyil və bu şəkildə qiymətləndirmək olmaz:
"Bir çox təşkilatlar satışdan daha çox gəlirin əldə edilməsi üçün müəyyən meyarlara əsaslanırlar. Bu meyarlar hər m2, masa və orta çekin dəyərinin yüksəldilməsidir. Bunun üçün müxtəlif addımlar atılır. Buna misal olaraq, ofisiantlar tərəfindən maya dəyəri az olan yeməklərin təklif olunması, masalara müəyyən miqdar minimum depozit əsasında xidmət göstərilməsi, masaların rezevr olunmuş kimi göstərilməsini, yaxud ümumiyyətlə restorana girişin rezervasiya ilə olmasını və restoranın önündə bahalı avtomobillərin parklanmasını, eləcə də, yalnız digər müştərilərin referansı (tövsiyyə məktubu) olduğu halda restorana daxil olmağa icazə verilməsini və üzvlük kartları əsasından xidmətdən faydalanmanın mümkünlüyünü misal göstərmək olar.
Əlavə olaraq, bu marketinq gedişi istehlakçı davranışlarını nəzərə alaraq, müəyyən refferent qrupları (aspirativ və assosiativ) istinad mərkəzi seçməklə, bazada mövqelənməyə çalışmaqdır. Bu bir hiylə deyil və bu şəkildə qiymətləndirmək olmaz. Xidmət müəssisəsi öz xidmət spektrini seçməkdə sərbəstdir və öncədən xidmət şərtlərini ifadə edə bilər. Bu şərtlər qanunvericiliklə təzad təşkil etmirsə və sosial cəhətdən əlverişsiz və ya ayrı-seçkiliyə məruz qalan insanların qruplarını kənarlaşdırmaq, marginallaşdırmaq və ya təhqir etmək kimi qəbul ediləcək ifadə və hərəkət formaları ilə müşayət olunmursa, burda yanlış heç nə yoxdur".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31