Riyaziyyatın gündəlik həyatda tətbiqi getdikcə artır - ÖZƏL

"Bu gün Beynəlxalq Riyaziyyat Günüdür. Riyaziyyat yalnız tətbiqi məsələləri həll etmək üçün güclü bir vasitə və universal bir elm dili deyil, eyni zamanda, ümumi mədəniyyətin bir elementidir. Elmin müasir inkişafı hər cür mürəkkəb prosesləri və hadisələri - fiziki, kimyəvi, bioloji, iqtisadi, sosial və digərlərini öyrənmə ehtiyacı ilə xarakterizə olunur. Riyaziyyatın gündəlik həyatda getdikcə artan tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsini də genişləndirmişdir". "Olaylar"ın xəbərinə görə, bunu deyən Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru Misir Mərdanov bildirib ki, riyaziyyat fundamental bir elmdir, onun metodları fizika, kimya, biologiya, geologiya, mühəndislik, astronomiya, logistika, təhlükəsizlik, informasiya texnikası və s. kimi bir çox təbiət elmlərində geniş istifadə olunur: "Uzun illərdir 14 mart Beynəlxalq "Pi" Günü kimi riyaziyyatçılar tərəfindən qeyd edilir. O da maraqlıdır ki, dünyanın ən məşhur alimlərindən biri olan Albert Eynşteyn həmin gün, 14 mart 1879-cu ildə anadan olmuşdur. "Pi" günü 1987-ci ildə San-Fransiskodakı Eksploratorium Elm Muzeyində çalışan amerikalı fizik Larri Şou (1939-2017) tərəfindən təklif edilmişdir. Amerika Birləşmiş Ştatlarında qəbul edilmiş tarix formatına əsasən, 14 mart tarixinin (3/14) və dəqiq saatın 1:59:26 "Pi" ədədinin (3,1415926 ...) ilk rəqəmləri ilə üst-üstə düşməsi onun diqqətini çəkmişdir. Onu da qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə qurumu olan UNESCO 3 sentyabr 2019-cu ildə Paris şəhərində, hər ilin 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Başqa sözlə, UNESCO hər ilin 14 mart tarixini dünya riyaziyyatçılarının bayram günü elan etmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31