Sosial sığorta haqları vaxtında və tam həcmdə ödənilməlidir

"Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən, fərdi sahibkarlar tərəfindən məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi tələb olunur. Həmçinin, "İşsizlikdən sığorta haqqında" Qanuna uyğun olaraq, fərdi sahibkarlar öz işçilərinə münasibətdə işsizlikdən sığorta haqqını hesablamalı və ödəməlidirlər. "Olaylar" xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Media və kommunikasiya İdarəsinin əməkdaşı Elçin Nəbiyev deyib. Bildirib ki, son illərdə qanunvericilikdə edilmiş dəyişikliklərin əsas istiqamətlərindən biri "kölgə iqtisadiyyatı"nın həcminin azaldılmasına və qeyri-formal məşğulluğun aradan qaldırılmasına yönəlib: "Qeyd etmək istərdik ki, vergi ödəyicisinin gələcək pensiya təminatı onun ödədiyi sosial sığorta haqqından asılıdır. Sosial sığorta vəsaiti fərdi hesabda toplanılır və gələcəkdə pensiya hüququnu təmin edir. Eyni zamanda, ailə başçısının itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti və digər sosial sığorta hadisələri zamanı sığortaolunanların sığorta ödəməsi almaq hüququ yaranır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31