Mediasiya prosesini keçməyənlər boşanmaq üçün məhkəməyə müraciət edə bilməzlər - ÖZƏL

Azərbaycanda boşanmaların sayının artmasına baxmayaraq vətəndaşlar nikahın hansı hallarda məhkəmə qaydasında pozulması ilə bağlı yetərli bilgiyə malik deyillər. Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, Qanunvericiliyə əsasən nikah pozulmasının 2 qaydası var: "Onalrdan biri nikahın Qeydiyyat Şöbəsində xitam verilməsidir ki, Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə  ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər. Nikahın pozulması zamanı nikahın bağlanması kimi hər iki şəxsin  şəxsən  iştirak etməsi tələb edilir.
İkincisi isə məhkəmə qaydasında nikahın pozulmasıdır ki, ər-arvaddan biri boşanmağa razı deyilsə, yaxud onların 18 yaşdan aşağı uşaqları varsa, nikahın pozulması üçün məhkəməyə müraciət olunmalıdır. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır. İddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Əgər iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar varsa və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkirsə, nikahın pozulması haqqındakı iddia iddiaçının yaşadığı yerə görə verilə bilər".
Hüquqşünas qeyd edib ki, Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə Mediasiya təşkilatına müraciət etməlidir. Mediasiya Şurası tərəfindən təyin edimiş mediator tərəfləri barışdıra bilmədiyi təqdirdə isə tərəf məhkəməyə müraciət etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31