Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
10 Mart 2023 12:19 SosialTürkiyədəki zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını oyatma ehtimalı yoxdur.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti" mövzusunda görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ ocağına ən yaxın məsafə Naxçıvana 712 km-dir.
"Bunun da ölkəmizdəki zəlzələ ocaqlarına təsir ehtimalı çox aşağıdır. Bu birmənalı belədir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda hər gün zəif dərəcədə də olsa yeraltı təkanlar olur və bu, təbii prosesdir:
"Lakin Azərbaycanda yaxın vaxtlarda qorxulu, dağıdıcı zəlzələ gözlənilmir. Təkanların çoxu zəif hiss edilir", - deyə Q.Yetirmişli qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.