Bu gün ölkəmizdə fiziki və mənəvi baxımdan güclü gənclər formalaşıb
10 Mart 2023 10:50 Sosialİstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Hər bir dövlətin gələcəyi onun gənclərindən asılıdır. Ancaq vacibdir ki, gənclər də sağlam ruhda böyüyüb dövlətinə, xalqına layiqli vətəndaş kimi yetişsinlər. Bunun üçünsə gənclərin fiziki və mənəvi inkişafına diqqət ayırmaq lazımdır. Düzdür, Azərbaycanda bu istiqamətdə vəziyyət ürəkaçandır demək olar. Ancaq bu elə bir prosesdir ki, daim nəzarətdə saxlanılmalı, sistemli olaraq iş aparılmalıdır.
Gənclərin fiziki inkişafı dedikdə ilk növbədə onların pis vərdişlərdən uzaq tutulub idmana, bədən tərbiyəsinə marağının artırılması ağıla gəlir. Azərbaycan dövlətinin bu sahədə uğurlu gənclər və idman siyasəti həyata keçirilməkdədir. Günümüzdə uğurla həyata keçirilən bu siyasətin əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ sovetlərin zamanında Azərbaycana rəhbərliik etdiyi illərdə ümummilli lider gənc nəslin fiziki və mənəvi inkişafına yönəlik addımlar atmış, bu istiqamətdə uğurlu siyasət həyata keçirmişdi. Təsadüfi deyil ki, Heydər Əliyevin gənclərin sağlam ruhda böyüməsi, onların idmana marağının artırılması iatiqamətindəki fəaliyyəti təkcə respublika miqyası ilə kifayətlənmirdi. Ümumilli lider bu istiqamətdə müəyyən təşəbbüslər irəli sürərək müttəfiq respublikaların gənclərinin də sağlam ruhda böyüməsi, onların pis vərdişlərdən uzaq duraraq idmana maraqlarının artması istiqamətində addımlar atırdı. Məsələn ittifaq zamanında müttəfiq respublikaların gəncləri, idmançılarının iştirakı ilə təşkil edilən "Dostluq-84" yarışlarının təşkilat komitəsinin sədri məhz ümummilli lider Heydər Əliyev olmuşdur.
Azərbaycanda dövlət gənclər siyasətində yeni bir mərhələ ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra baş verdi. Çətin siyasi situasiyada, dərin iqtisadi böhran vəziyyətində Azərbaycanda hakimiyyətə qayıdan ümummilli liderin hakimiyyətinin ilk illərində atmış olduğu addımlar sırasında gənclər siyasəti xüsusi yer tuturdu. Həmin dövr idi ki, gənclər həm dövlətin, həm də cəmiyyətin diqqətindən kənarda qalmış, onlarda fiziki və mənəvi aşınma, deqradasiya baş vermişdi. Ölkə gənclərinin müəyyən bir qismi xarici ölkələrin kəşfiyyat dairələri, dini qruplaşmalarının təsiri altına düşərək mənəvi aşınmaya məruz qalmış, digər bir qismi isə beynəlxalq narkotizmin tranzit ölkə kimi Azərbaycandan istifadə etməsindən, respublika sərhədlərinin ciddi nəzarətdə olmaması səbəbindən narkomaniyanın geniş yayılmasından dolayı fiziki qüsurluluğa sürüklənmişdilər. Artıq gənclər arasında idmana maraq demək olar ki, tamamilə itmiş, narkotik aludəçisi və dini ekstremist qruplaşmaların ibarət gənclər ordusu formalaşmışdı. Belə bir şəraitdə ümummilli liderin qarşısında duran əsas vəzifə gəncləri özünə qaytarmaq, ölkədə fiziki və mənəvi baxımdan güclü gənclər ordusu yaratmaq idi. Elə bundan irəli gələrək ümummilli lider 1994-cü ildə dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə imzaladığı fərman əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyini yaratdı. Bununla da ölkədə gənclərlə iş sahəsində ciddi bir dönüş yarandı. Həm gənclərlə iş, həm də idman sahəsi ilə məşğul olacaq mərkəzləşdirilmiş bir qurumun yaranması ölkə gənclərinin fiziki və mənəvi inkişafına təkan verəcək addımlardan idi. Gənclər və İdman Nazirliyinin yaradılmasından qısa müddət sonra isə ümimmilli liderin digər bir fərmanı əsasında Azərbaycanda İdman Fondu yaradıldı. Dövlət başçısının 1995-ci il tarixli bu fərmanı ilə tezliklə Fond öz işini qurdu, təkmilləşdirdi.
Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmana münasibət dəyişdi. Ölkədə idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoyuldu. Paralel olaraq qanunvericilik bazası da yaradıldı. Beləliklə, Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman hərəkatı tarixində ilk dəfə Milli Məclis tərəfindən "Bədən Tərbiyəsi və İdman Haqqında" Qanun qəbul olundu.
Beləliklə, qısa müddət ərzində Azərbaycan gənclərində həm idmana maraq artdı, həm də onların fiziki-mənəvi inkişafı istiqamətində çox ciddi addımlar atıldı.
Ümummilli lider Heydər Əliyev idmanın inkişafı istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğulayaraq deyirdi: "Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir".
Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafı bu gün də prioritet olaraq qalır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. İldən-ilə ölkə başçısı tərəfindən gənclərə diqqətin artırılması, ölkəmizin idman şərəfini qoruyan idmançılarımızın dünya və Avropa çempionatlarında daha yaxşı iştirakının təmin edilməsi məqsədilə onlar üçün hər cür şəraitin yaradılması bu istiqamətdə atılan addımlar sırasındadır. Bütün bunların nəticəsidir ki, bu gün ölkəmizdə fiziki və mənəvi baxımdan dövlətinə, Vətəninə sadiq, güclü gənclər formalaşıb.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir