Bir şəklin tarixçəsi - Mama-ginekoloq işləyən FLORA KƏRİMOVA

Yəqin ki, bəzi oxucularımız Azərbaycan estradasının korifeyi, bu yaxınlarda (23 iyul) 80 yaşını tamam edən Xalq artisti Flora Kərimovanın ilk ali təhsili Azərbaycan Tibb İnstitutunda aldığını bilmir.

Modern.az saytının "Bir şəklin tarixçəsi" rubrikasında təqdim etdiyi bu fotoşəkil Flora xanımın həkim işlədiyi dövrü xatırladır.

Zaman 1972-ci il... Məkan o vaxtkı Əzizbəyov adına Doğum Evi... Həkim, mama-ginekoloq Flora Kərimova yenicə ana olan qadınların vəziyyətilə maraqlanır.

Şəklin tarixçəsindən danışan Flora xanım deyir ki, o, atasının arzusu ilə həkimliyə yiyələnib və sonra 3 il bu ixtisas üzrə işləyib:

"1971-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra mən Konservatoriyada oxuya-oxuya 3 il o vaxtkı Əzizbəyov adına Doğum Evində mama-ginekoloq işləmişəm, doğuş qəbul etmişəm... Mən o vaxt yeni doğulan hər körpəyə "bu dünyaya xoş gəldin" deyirdim...".
Sənətçi deyir ki, həkimlik karyerasını bitirməsinə səbəb özünə qarşı təxribatlar olub. Hətta həmin təxribatlara görə, ölkədən getməyə də məcbur qalıb.

Flora Kərimova 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu bitirib. 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu başa vurub. 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

13 yaşından səhnə fəaliyyətilə məşğuldur. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub.

Yaradıcılığında klassik və milli operaların, romansların, bəstəkar və xalq mahnılarının minlərlə nümunəsi yer alan sənətkar Azərbaycan estrada janrının görkəmli nümayəndələrindəndir.

Flora xanım "Qanun naminə" bədii filmində aktrisa kimi baş rolu ifa edib, 50-dən çox bədii və televiziya filmində, ona yaxın cizgi filmində mahnı və dublyaj səsləndirib.
1992-ci ildən Xalq artistidir...


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31