123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilib - ÖZƏL

"Dövlət başçısının 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərmanla məhkəmə islahatlarımız müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçmişdir.Fərmanın icrası üzrə qısa müddətdə bu sahədə nəhəng işlər görülmüş, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır". "Olaylar" xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov bildirib. Qeyd edib ki, məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi, işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı Mülki-Prosessual Məcəlləyə 350-dək dəyişikliklər edilmişdir. Həmçinin, sadələşdirilmiş və yazılı icraat genişləndirilmiş, proseslərdə video-konfrans və elektron icraat, habelə məhkəmə rüsumlarının diferensiasiyası tətbiq olunmuşdur: "Cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər görülmüş, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklər nəticəsində bir çox əməllər dekriminallaşdırılmış, bəzi cəzalar yüngülləşdirilmişdir. Hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilmişdir. Bununla əlaqədar yol verilən sistem xarakterli nöqsanların müəyyən edilməsi üçün Ali Məhkəmənin monitorinqlər aparmasına dair ayrıca Qaydalar qəbul olunmuş, digər zəruri tədbirlər görülmüşdür. Eyni zamanda Fərmana uyğun olaraq hakimlərin fəaliyyətinin müasir tələblərə cavab verən yeni, şəffaf qiymətləndirmə Qaydaları müəyyən edilmişdir. Bu prosesdə Ali Məhkəmə əhəmiyyətli rol oynayır, hər bir hakimin fəaliyyətini ətraflı və prinsipial təhlil etməklə rəylər verir. Məhkəmə-Hüquq Şurasının üzvü olan Ali Məhkəmənin hakimləri qiymətləndirmə prosesində bilavasitə və fəal iştirak edirlər. Fərmanla həmçinin, hakimlərimizin sayı üçdə bir qədər - 200 vahid artırılmış, bu ştatların tezliklə komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter almış və artıq 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilmişlər. Onların yarıya qədərini qadınların təşkil etməsi xüsusi qeyd olunmalıdır. Bu isə daha təcrübəli hakimlərin irəli çəkilməsinə imkan yaratmış və nəticədə son dövrlər ərzində Ali Məhkəmənin tərkibi 70% təzələnmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31