Ölkə məhkəmələrinin 80 faizində "Elektron məhkəmə" informasiya sistemi yaradılıb - ÖZƏL
15 Fevral 2023 10:37 Sosial"Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatları yaradılmış, onun fəaliyyətinə müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmləri müəyyən edilmiş, məhkəmə büdcələri təsdiq olunarkən Şura ilə razılaşdırılması, habelə hakimlərin əmək haqqının azaldılmasının qanunla qadağan olunması təsbit edilmiş, digər tədbirlər görülmüşdür". "Olaylar" xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov bildirib. Qeyd edib ki, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilmiş və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılmışdır. Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji - hi-tech bina və komplekslər inşa olunaraq istifadəyə verilmişdir:"Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür. Eyni zamanda, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə məhkəmə fəaliyyəti elektronlaşdırılmış, insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sistemi yaradılmışdır. Artıq məhkəmələrin 80%-ə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur".