Yeni yaradılacaq stansiya ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq - ÖZƏL
14 Fevral 2023 14:50 Sosial"Azərbaycan özünün enerji təhlükəsizliyini daxili istehsal hesabına ödəyən az saylı dövlətlərdən biridir. 13 Fevral " Gülüstan" sarayında ölkə başçısı, cənab İlham Əliyevin iştirakı ilə təməli qoyulan 1280 meqavat gücündə olacaq İstilik Elektirik Stansiyası, ölkəmizin iqtisadi inkişafı və enerji istehsalı potensialının artırılması istiqamətində mühüm əhəmiyyətə malik, əlamətdar hadisədir. Baxmayaraq ki, ölkə rəhbərliyi yaşıl enerji, ikinci ad olaraq bərpa olunan enerji resurslarının inkişafını prioritet məsələ kimi gündəlikdə saxlayır, lakin ənənəvi istehsal sahələrinin də canlandırılması işləri sürətlə davam etdirilir". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, son 20 ildə 34 elektrik stansiyasının istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin əyani şəkildə nümayiş etdirir: "Yeni yaradılacaq stansiya ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı əhalinin yeni iş yerləri ilə təmin olunmasında da mühüm rol oynayacaq".
Pərviz Mirizadə deyib ki, Azərbaycanın uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi imicini formalaşdırdı və bir çox dövlətlər, xüsusilə Avropa dövlətləri Azərbaycanla bu istiqamətdə tərəfdaşlıq üçün ciddi səylər göstərir: "Ötən il imzalanan müqavilələr ixrac potensialının artırılmasına xidmət edir. Bunun üçün ölkəmiz kifayət qədər geniş imkanlara sahibdir. Xüsusilə işğaldan azad olunmuş ərazilərin enerji resursları, ixrac potensialının artmasında mühüm rol oynayacaq ki, dövlətimiz həmin ərazilərin bərpasına ilk öncə enerji infrastrukturunun yaradılması ilə başladı".