Sosial mediada intihar xəbərləri və İNTİHARLAR

İzləyici toplamaq, selfi çəkmək, trollamaq, saxtakarlıq, stalkinq, kiber zorakılıq, texnologiya asılılığı, rəqəmsal detoks... Bütün bu anlayışlar yeni kommunikasiya dünyasının bizə hədiyyəsidir. Bu gün sosial media vasitəsilə təcavüzə məruz qalan, sosial şəbəkədə izlədikləri kimi "gözəl" olmadığı üçün intihar edən və ya başqalarının intiharından cürətlənib, həyatına son qoyan gənclərə rast gəlirik. Bəs gənc əhali arasında intihar və depressiya nisbətinin artması ilə sosial mediadan istifadə arasında hansı əlaqə var?
Bu mövzuda ABŞ-da araşdırma aparılıb. Bu araşdırma sosial mediadan istifadənin artması ilə gənclər arasında intihar hallarının artması arasında əlaqə olması haqqında dəqiq məlumat verə və bunu qəti şəkildə sübut edə bilməsə belə, lakin belə bir ehtimalın olmasından bəhs edir.
Təəssüf ki, araşdırmalar göstərir ki, qızlar arasında intiharlar daha çoxdur. Bu mövzu 1994-cü ildə nəşr olunan bir kitabda da işıqlandırılmışdı və onun tezisi belə idi: Yeniyetmə qızlar sosial təzyiqlərdən xüsusilə təsirlənirlər. Bu baxımdan sosial medianın rolu nədir? Sosial media ilə bu təzyiq özünü daha çox göstərmək imkanı qazanıb. Bu böyük problemdir və mədəniyyətimizə çox təsir edir.
İnternet və sosial medianın həyatımıza getdikcə daha çox nüfuz edəcəyi bir həqiqətdir. Bu vəziyyət ünsiyyətimizdə və dünyaya baxışımızda geri dönməz transformasiya yaradır. Bəs, Z nəsli bu transformasiyanı daha yaxşı istiqamətləndirmək üçün nə etməlidir?
Sərhədlər tətbiq edilməlidir ki, bu sərhədlər valideynlərdən başlayır. Uşaqlarımızın və gənc nəslin böyüklərdən daha yaxşı sərhədlərə malik olmasını gözləyə bilmərik. Buna görə hər bir yetkinin edə biləcəyi ilk şey yeniyetmələr üçün yaxşı sərhədlər qoymaqdır.
Mütəxəssislər hesab edirlər ki, yeniyetmələr üçün internetdə sərf olunan vaxtı azaltmaq, kompüterləri və televizorları yataq otağından çıxarmaq, telefonları nahar masasından uzaqlaşdırmaq, hər gecə yatmazdan əvvəl telefonlarını son dəfə yoxlamağı dayandırmaq yaxşı ilk addımdır.
Bəs media orqanları nə etməlidir? 
Mütəxəssislər hesablayıblar ki, yalnız intihar xəbərləri oxuyan şəxslərin başqa xəbərlər oxuması da mütləqdir. Araşdırmalar göstərir ki, daim intiharla bağlı xəbər əldə edən insanlar digərlərindən fərqi olur. Həyata baxışında, onların özlərini kollektivdə, cəmiyyətdə aparmasında, fərqlər görünür. Buna görə, həmin ölkələrdə hesab edirlər ki, intiharla bağlı xəbərlər mətbuata az getsə cəmiyyət üçün daha faydalı olar.


TvPress.Az internet qəzetinin baş redaktoru Elçin Bayramlı bildirir ki, sosial səbəblərdən olan intihar xəbərləri mediada işıqlandırılmalıdır:
"İntihar xəbərlərinin sosial şəbəkələrdə yayılması insanlara, xüsusilə də, azyaşlılara psixoloji təsir göstərir. Amma nə etmək olar? Şəffaf, demokratik cəmiyyət tələbi budur ki, baş verən hər bir hadisə ictimailəşir, xəbər yükü daşıyır və yayılır. Bu olmayanda intihar xəbərlərinin bir çoxu sosial motivli olur, yəni sosial problemlərlə bağlı olur, bir hissəsi də psixoloji problemlərlə bağlı olur. Sosial problemlərlə bağlı olan hadisələr xəbər kimi yayılmayanda, belə hallar artır. Məsələn, tutaq ki, hər hansı bir məmur kimisə boğaza yığır və o da intihar edir. Bu ictimailəşəndə, həmin məmur daha sərt cəzalandırılır, başqalarına da dərs olur və bu məsələ həm dövlətin, həm də ictimai institutların gündəmində olur, aktual olur, bunun aradan qaldırılmasına çalışılır. Amma gizlədiləndə, üzərindən keçiləndə, belə hallar adiləşir, çoxalır. Ona görə, mən tərəfdarıyam ki, sosial motivli intihar xəbərlərini yaymaq lazımdır ki, günahkarlar tapılsın. Cinayət məcəlləsində intihara vadar etmək maddəsi var. Bu məsələ ictimailəşib, daha da araşdırılmalıdır, diqqətdə saxlanılmalıdır ki, belə hallar aradan qalxsın. Burda hökümətin də fəaliyyəti ortaya çıxır. Məsələn, ölkələrin idarəetməsində intiharların rolu çox əsasdır. Bir ölkənin nə səviyyədə olduğunu ordakı intiharların sayı, nisbəti təyin edir. Əgər bir ölkədə intiharlar yüksəkdirsə, o ölkədə yaşamağa dəyməz, o ölkə normal ölkə hesab oluna bilməz. Əgər intiharların sayı aşağı səviyyədədirsə, deməli o ölkə yaxşı ölkədir və normal yaşanılası ölkədir. Ona görə də, sosial, hüquqi problemlərlə bağlı işdə, təhsildə, digər yerlərdə təzyiqlərə, zorakılığa məruz qalan insanların intiharı ictimailəşdirilməlidir. Media orqanları, QHT-lər bununla ciddi məşğul olmalıdır. Amma psixoloji səbəblərdən olan intiharlar yaxşı olar ki, ictimailəşdirilməsin. Çünki bu artıq başqa bir prosesdir. Bu sosial-iqtisadi məsələ deyil, bu hüquqi məsələ deyil. Burada hər hansı bir kənar təsir yoxdur. Bunların yayılması başqalarına da təsir edə bilir. 
Bəzən elə gülünc intihar səbəblərinə rast gəlirik ki, bu artıq insanlarda psixoloji problemlərin artdığını göstərir və bu təbliğatın nəticəsidir. Məsələn, imtahan verib, universitetə qəbul ola bilməyən bir abituriyentin intihar etməsi gülüncdür, biabırçılıqdır. Yəni, bu o deməkdir ki, o, psixi xəstədir. Çünki insan həyata ümumiyyətlə hər hansı bir universite qəbul olmaq üçün gəlməyib. Ona görə bu məsələlər əsassız bəhanələrdir, burda heç bir ciddi səbəblər yoxdur. Bunlar yayılmamalıdır. Amma dediyim kimi, o məsələlər ki ictimai əhəmiyyət kəsb edir, əhalinin sosial problemi ilə bağlıdır, tutaq ki, işsizliklə bağlı olan intihar halları nəinki ictimailəşdirməlidir, hətta bunu uzun müddət gündəmdə saxlamaq lazımdır. Bu məsələlər qaldırıldıqca, çoxaldıqca, müvafiq orqanların məsuliyyəti artır və onlar problemi aradan qaldırmağa media, cəmiyyət tərəfindən məcbur edilməlidir. 
Problemi gizlətmək yox, problemi həll etmək lazımdır. Gizlətməklə heç nəyə nail olmayacağıq. Dediyim sosial səbəblərdən olan intiharlardır ki, onlar gizlədildikcə bu onun azalmasına xidmət göstərməyəcək, daha da artacaq. Çünki onu vadar edən səbəblər aradan qalxmır. Amma psixoloji məsələlər dediyim kimi, təbliğə ehtiyacı yoxdur, bu sadəcə psixi problemdir. Bununla bağlı da müəyyən tədbirlər görülə bilər. Məsələn, əhalinin yoxlanması keçirilməlidir, hər kəs pulsuz şəkildə psixi müayinədən keçirilməlidir və psixi problemləri olanlara həm bioloji, həm fizioloji dəstək göstərilməlidir. Başqa cür bu problemin həll yolu yoxdur. Burda balans gözlənilməlidir".


Sosial media eksperti Azər Həsrət bildirir ki, sosial mediada paylaşılan istənilən məlumat, çağırış əlbəttə ki, ümumi kütlənin psixologiyasına öz təsirini göstərir:
"Paylaşılan məlumatın, çağırışın xarakterindən asılı olaraq insanlar onu mənimsəyir. Bu baxımdan, bu məsələ ilə bağlı sosial medianın neqativ təsirləri əlbəttə ki, az deyil. İnsanların psixologiyasının pozulması, xüsusilə də, konkret şəxslərin hədəfə alınaraq gərginlik altında tutulması, onlara hücumların təşkil edilməsi, ayrı-ayrı fərdləri bu və ya digər şəkildə qısnama sosial media üzərindən çox rahat bir şəkildə həyata keçirilir. Yəni, o baxımdan insanların əlbəttə ki, hətta intihara qədər sürüklənməsi mümkün variantlardan biridir. Doğrudur, xaraktercə möhkəm olan, özünü bilən, özünü tanıyan, özünə qarşı hücumların qarşısında duruş gətirə bilən insanlara bunu tətbiq etmək asan deyil. Yəni həmin insanlar xarakterləri möhkəm olduğuna görə duruş gətirə bilirlər. Amma zəif insanlar olur ki, bunlara xüsusən orta məktəb uşaqları iddir. Biz uşaqların sosial media səbəbilə intihar etməsinin şahidi olmuşuq. Təbiidir ki, bu neqativ tendensiya istənilən halda cəmiyyəti çox ciddi narahat edir və bu baxımdan həm psixoloqlar, həm sosioloqlar, həm sosial media ekspertləri, yaxud bu sahəyə məsul olan şəxslər məsələ ilə ciddi şəkildə məşğul olurlar. Amma mən düşünürəm ki, görülən işlər yetərli sayıla bilməz. Əgər həqiqətən də sosial mediada hərc-mərclik hökm sürürsə, istənilən şəxs istənilən şəkildə insanları, fərdləri, qrupları hədəfə ala bilirsə, əlbəttə ki, problem çox böyükdür. Bu baxımdan düşünürəm ki, sosial medianın tənzimlənməsinə yeni qaydalar tətbiq edilməlidir. Elə edilməlidir ki, kimlərsə sosial media üzərindən kimlərisə məhz bu məqsədlə hədəfə ala bilməsin".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31