Baş bağlamaq azyaşlılar üçün məcburiyyətdir, yoxsa istək?- ARAŞDIRMA

Milli Məclisin 4 may 2021-ci ildə qəbul etdiyi qanuna  əsasən, valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Qanun qəbul edildiyi ilk zamanlarda insanlarda fikir ayrılıqları və etiraz doğurmuşdu. 15 yaşdan kiçik qızlara hicabın taxılması ilə bağlı qanun olmaması mövzusuna aydınlıq gətirək. Qanuna əlavələr uşaqların dini etiqada məcbur edilməsini qadağan edir. 1-ci maddənin 5-ci hissəsinə edilən dəyişikliklər yaşı 15-ə çatan qızlara yox, ümumilikdə oğlan və qız olmasından asılı olmayaraq bütün uşaqlara şamil edilir.  "Təhsil haqqında" qanunda hicabla məktəbə gəlmək qadağandır.  "Konstitusiyada dinin dövlətdən ayrı olduğu müddəasına çərçivə qanunlarında istinad olunur. Eyni zamanda, "Təhsil haqqında" qanunda da təhsil müəssisələrində hər hansı siyasi təşkilat və dini qurumların fəaliyyəti yasaqlanır.
Cəmiyyətin bu haqda fikirləri nələrdir?
Toplumun böyük əksəriyyəti hicaba qarşı deyil. Ancaq, dünyada tanınan bir çox akademiklərin fikrincə hicabın həddi- buluq yaşından aşağı endirilməsi azyaşlıya vaxtından əvvəl cinsi ayrı-seçkiliyi aşılamaqdır . Qadın-kişi münasibətlərinin sadəcə cinsəllik zəmini üzərində qurulması cəmiyyətdə qayğı doğurmalı olan problemdir.
Uşaqların inkişafında dini etimad rol oynayırmı?
Qızlar niyə saçlarını örtürlər? Tam cavab vermək mümkün deyil. Mütəxəssislər uşaq inkişafı baxımından hicabı son dərəcə yanlış hesab edir. Elmi araşdırmalar göstərir ki, o yaşda münasibətlər bərabərlik və humanist münasibətlər formasını almağa başlayır. Oğlan və qız fərqi qoymadan uşaqlar bir-birini dost kimi görürlər. Uşaq həm oyunda, həm də sinifdə belə inkişaf edir. Uşaqlıqdan yetkinliyə qədər olan dövrdə cinsi kimlik ön plana çıxır. Erkən yaşda hicab kimi simvolik geyim tərzinin verilməsi, təşviq edilməsi və ya tətbiq edilməsi əslində uşağa cinsiyyəti vaxtından əvvəl öyrədir. Ancaq, cinsiyyətə əsaslanmayan yaxın dostluqlar etmək mümkün olmalıdır ki, gələcəkdə  uşaq cəmiyyətə qatılanda hamıya bərabər baxsın.
Bu cür şərtlər altında böyümək gələcəkdə kişi-qadın münasibətlərinə necə təsir edir?
Bu cür şərtlər altında böyümək qadın-kişi münasibətlərini ciddi mənada təhlükə altına alır. Daha sonra məişət problemləri, anlaşılmazlıqlar ortaya çıxır. Qadının kişiyə, kişinin qadına olan münasibəti fərqli prizmaya keçir. Ailə məsələləri ilə məşğul olan psixoloqlar cinsi həyatla bağlı problemlərin elə bu səbəblərdən yarandığını vurğulayırlar. Halbuki, İslam dini olduqca tolerantdır. Məsələn, katoliklikdə keşişlər və rahibələr cinsi əlaqədən uzaq dururlar. Bizdə belə bir şey yoxdur. 
Başın bağlanması mövzusunda azyaşlılara məcburiyyətdən söhbət gedə bilərmi?
Cəmiyyətin əksər hissəsi bunun yanlış və ya məcburiyyət olduğu qənaətindədir. Araşdırmalara görə isə İslam ölkələrinin bir çoxunda bunu azyaşlının özünün istədiyi məlum olur. İslam ölkələrində bir dönəm gənc qızlar üçün baş örtüsü (hicab yox) aksesuar kimi qəbul edilib. Daha sonra isə ideolojik məna daşımağa başlayıb.  Həmin gənclər indinin anasıdır. Buna görə də ictimai dəyişiklik fenomeni ön plana çıxdı. Azyaşlılar da zaman keçdikcə anası kimi olmaq istəyir. Nəhayət, qapanmaq istədiyini dilə gətirir. Ancaq, bu qərarı şəxsi seçim adlandırmaq olmaz. Bu hal  onlar üçün həyat tərzi olduğuna görə, dolayı yolla, şəxsi seçim kimi qəbul etmək olmaz. 
Bunun adı sosiallaşmaq, ətrafına ayaq uydurmaqdır. 
Məsələnin ideoloji tərəfi varmı?
İdeoloji mahiyyəti var. Çünki, din adı altında edilir. Bizim cəmiyyətdə baş örtüyü həmişə olub, yaylıq şəklində, şal şəklində və.s. Kişilər də başlarına müxtəlif papaqlar taxırdı. Sadəcə başını qorumaq üçün. 
 Yunanıstan və Rusiyada da qadınlar baş örtüyü taxırdılar.  Bizim üçün əsas məsələ saçın görünməməsidir. Qadınların başını örtəməyi məsələsi o qədər müzakirə olunur ki, bu mövzuda hətta, ilahiyyatçılar belə fikir ayrılıqları yaşayır.

 "Dini təhsil olmasa, narkotikvə terror olar" fikri doğrudurmu?
Ölkəmizdə son zamanlar narkotik istifadəsi həddən artıq çoxalıb. Xüsusilə gənclər arasında. Gənclər təhsildən, evlilikdən yayınmağa başlayıb. Narkotik istifadəsinə heç bir halda haqq qazandırmaq mümkün deyil. Problemin altında sosial, iqtisadi, ailə-məişət problemləri olsa da, din təhsilinin olmaması heç bir zəmin yarada bilməz. İslam qanunları altında yaşayan bir çox ölkədə sadəcə dini təhsil olanlar da var. Ancaq, statistikaya gəldikdə, ən çox narkotik istifadəsi, terror aktı həmin ölkələrdə görünür. Yəni, cəmiyyətdə bu tərz problemlərin həllini tapmasında dini təhsil rol oynamır. Təhsil, mütaliə, iqtisadi dayaq, sağlam düşüncə rol oynayır. 

Hazırda İslam dünyasında qadın və kişinin yeri necə paylanıb?
Din deyiləndə niyə ağıla yalnız qadının saçı və başı gəlir? Məsələn, Quranda faizin haram olduğu deyilir. Bunu neçə nəfər dinləyir? Əslində patriarxal dünyagörüşü dinlə qanuniləşdirilərək gücləndirilir və qadınlardan kişilərdən asılı olmaq istənilir. Qoy evdə otursun, uşağına baxsın. Heç bir siyasət qadın əməyinə yönəldilmir. Kişilər və qadınlar eynidir. Qadının intellekti kişi ilə eynidir. Qadının fiziki müqaviməti kişidən daha yüksəkdir. Qadınlar daha uzun yaşayır. Heç bir halda qadın kişidən aşağı deyil.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31