Azay Quliyev şəhid ailələri və qazilərlə görüşdü - ÖZƏL - FOTO
3 Noyabr 2022 18:59 SosialOlaylar.az xəbər verir ki, Milli Məclisin deputatı Azay Quliyev şəhid ailələri və qazilərlə görüşüb.
Bu barədə Azay Quliyev bildirib:
"Bu gün Binəqədi rayonu 283 saylı orta məktəbdə Şəhid ailələri və Qazilərlə görüşdüm.
Məktəbin həyətində Şəhidlərin əziz xatirəsinə ucaldılmış xatirə lövhəsinin qarşısına gül çələngi qoyduqdan sonra Şəhid Nurlan Mustafayevin və Şəhid Tural Zeynalovun adına əbədiləşdirilən sinif otaqlarını ziyarət etdik və orada təhsil alan 1-ci sinif şagirdlərilə qısa söhbət etdik.
Sevindirici haldır ki, məktəbdə şagirdlərimizin milli və vətənpərvər ruhda böyüməsi və təhsil alması üçün hər cür şərait yaradılıb.
Məni ən çox duyğulandıran Xüsusi Təyinatlı Qüvvələrin kapitanı,Şəhd Nurlan Mustafayevin anası Rəhilə xanım Ramazanovanın qələmə aldığı "Ruhən şəhid ANAnın NURLANmış xatirələri" adlı kitabı oldu. Nurlan kimi qəhrəman övlad böyütdüyü və Şəhidimizin həyat yoluna işıq salan kitabı mənə hədiyyə etdiyi üçün Rəhilə xanıma xüsusi təşəkkür etdim.
Sonra 283 saylı məktəbin kollektivinin hazırladığı "Zəfər Günü"nə həsr olunan tədbirdə şagirdlərin ifasında çox maraqlı təqdimatlar oldu.
Fürsətdən istifadə edib məktəbin direktoru Sevinc xanım Musayeva başda olmaqla bütün kollektivə bugünkü tədbirə görə təşəkkür edirəm.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimiz və Veteranlarımız var olsun!"





