Hər işin başı təhsildir
9 Sentyabr 2022 10:01 Sosial"Hər işin başı təhsildir" ifadəsinin mənasını qavramaq görünür, çətindir. Bu ifadəni dövlət müəssisələri, özəl tədris mərkəzləri, təhsil ocaqları və bir çox yerə həkk etmək lazımdır. Hər işin başında təhsil dayanırsa, necə olur, təhsili belə olmayan adamlar "dərs" verməyə hünər göstərir?
"Puluna minnət" sözünü bu formada işlətmək günahdır desələr, yəqin, o zaman insanlar qanunsuz əməllərdən çəkinəcəklər.
Jurnalist həkim işləyə bilmədiyi kimi, həkim də müəllim işləyə bilməz. Əlinə sadəcə neştər alan şəxslər xilas etmir insanın həyatını. Qələm, mikrofon hər biri neştər qədər önəmlidir insan üçün. Sadəcə bir cümlə ilə ata bilərsən insan həyatını təhlükəyə və ya əksinə. Peşələrin insan həyatı üçün mahiyyəti önəmlidir ancaq müəllim olmağın sadəcə bir yolu olmalıdır. Təhsil! Pedaqoji biliklər və fəaliyyət...
Bağçalarda, özəl müəssisələrdə fəaliyyət göstərən hər kəs, müəllimindən aşbazına qədər uşaq psixologiyasını bilməli, əsl pedaqoq olmalıdır. Hazırda valideynlər övladlarını ürək açıqlığı ilə təhsil almağa göndərə bilmir. Şiddət sanki istiqamət dəyişdirib. Direktor da, müəllim də, yeməkxana işçisi də azyaşlılarla necə davranacaqlarını bilmirlər.
Problem təkcə özəl tədris mərkəzlərinə aid olsaydı, dərd yarı. Özəl mərkəzlərin fəaliyyətini dayandırmaq mümkündür. Ancaq , orta məktəblərdə belə həmin hallarla tez-tez rastlaşırıq. Müəllim işdən qovulur .Ən yaxşı halda töhmət alır. Bəs, həmin şagirdin psixoloji vəziyyəti?
Nəyə görə işə götürülən müəllimlər, loqopedlər psixoloji testlərdən keçmirlər? Hazırda bu barədə ciddi bir fikir irəli sürülməyib. Deməli, biz övladlarımızın psixi, fiziki sağlamlığını müəllimlərin vicdanına buraxmalıyıq.
Özəl tədris mərkəzlərində problemlər daha çoxdur. Yaxın bir neçə həftədə gündəmi zəbt edən "loqoped vəhşiliyi" özəl mərkəzlərdən birində baş vermişdi. Videokadrlar olmasaydı, həmin vəhşiliyi sübut etmək mümkün olmayacaqdı. Daha onlarla bu cür zorakılıq halları gizli qalıb. Azyaşlıların ən həssas dönəmində, böyümə çağında gələcəyinə zərbə vurur bu cür "müəllimlər". Psixoloqların 90%-nin fikirlərinə görə, gələcəkdə özünəqapalı və ya cinayətə, zorakılığa meyilli olan gənclər illər öncə zorakılığa məruz qalan azyaşlılar olur. Deməli, müəllim, tədris ocağı azyaşlıların həyatını işıqlandırmaqla birlikdə, qaralda bilir.
Müəllimlə r psixoloji testə tabe tutulmursa, iş valideynin üzərinə düşür. Əsas da özəl mərkəzlərdə valideynlər müəllimlərdən sənəd tələb etməlidir. Övladına kimi təhsil verdiyini, bundan əvvəl harada fəaliyyət göstərdiyini bilməlidir. Əsas da uğurlu pedaqoq imici olmalıdır. Özəl mərkəzlərdə müəllimlərin işə qəbulu çox sadə prosedurdur. Coğrafiya müəllimi tarix dərsi tədris edə bilir.
Özəl tədris mərkəzlərinin sayı getdikcı artır. Valideynlər məktəbdəki təhsilin kifayət qədər olmadığını düşünüb, özəl yerlərə üz tuturlar. Və nəticədə tələyə düşmüş olurlar. Əgər, yaxşı biznesmen, iş adamı olmusansa, deməli, tədris mərkəzi aça bilərsə n. Qəbul öhdəlikləri zəif, keyfiyət aşağıdır. Tək məsuliyyət valideynin boynuna düşür. Valideyn övladını qiymətinə görə keyfiyyətsiz bir yerə "təhsil" üçün göndərməsə, mərkəzlərə təlabat olmayacaq. Eyni zamanda özəl tədris mərkəzi ifadəsi aradan qalxmış olacaq.
Müəllimlər "anbar" sözünün necə yazılması ilə yox, əsl pedaqoq kimi sınağa çəkilməlidirlər.
Bu, kimi hallar hüquqi baxımdan necə tənzimlənir ?

Özəl təhsil mərkəzlərinin açılması məsələsi Təhsil haqqında Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir. Belə ki, Təhsil haqqında qanuna əsasən Azərbaycan Respublikasının Аzərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələri fəaliyyət göstərir.
-Bu müəssisələrin təsisçiləri kimlər ola bilər?
Qanuna əsasən təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər. Lakin təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Təsisçilərin məsuliyyəti, səlahiyyətləri və müəssisə ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Ümumilikdə dövlət bütün təhsil müəssisələrinin, o cümlədən özəl təhsil müəssisələrinin inkişafını qanunvericiliyə uyğun kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil müəssisələrinə güzəştlər tətbiq etməklə dəstək olur.
Özəl təhsil müəssisələrinin maliyyə mənblərinə gəldikdə isə təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər, təsisçilərin vəsaitləri, qanunvericiliyə uyğun olaraq aldıqları qrantlar və kreditlər, hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr, təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr təşkil edir. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edirlər.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Əsasnaməsinə əsasən Nazirliyin funksiyalarından biri bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək, eyni zamanda özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq etmək və dəstəkləmək, onlara metodik kömək göstərməkdir.
-Təhsil müəssisəsinin qeydiyyata almaq üçün hansı sənədlər lazımdır?
Qeydiyyat orqanına ərizə;
qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qurumun təsisçisi (təsisçiləri) tərəfindən imzalanmış qərar;
qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi;
təsisçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
təsisçi hüquqi şəxs olduqda, dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər;
qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti;
qanuni təmsilçinin yəni direktorunun şəxsiyyətini təsdiq edən sənədin surəti;
nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla, nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);
özəl təhsil müəssisəsi yaradıldıqda, nizamnaməyə dair Təhsil Nazirliyinin rəyi.
Qaldı ki, təlim mərkəzləri, dil kursları qanunvericilikdə onların hansı formada təsis edilməsi ilə bağlı hər hansı norma yoxdur. Onlar adi qaydada hüquqi şəxslərin qeydiyyatı və ya fiziki şəxsin VÖEN alması yolu ilə yaradıla və fəaliyyət göstərə bilər.
Autizmli uşaqlar barəsində törədilmiş əməllərə gəldikdə, həmin əməlləri işin hallarına əsasən Cinayət Məcəlləsinin fərqli maddələri ilə tövsif edilə bilər. Buraya Qəsdən sağlamlığa ağır zərər vurma, Qəsdən sağlamlığa az ağır zərər vurma, Qəsdən sağlamlığa yüngül zərər vurma və ya Əzab vermə maddələri daxildir. Konkret işin halı Əzab vermə cinayətinə daha yaxındır. Belə ki, həmin maddənin ağırlaşdırıcı halına əsasən Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi nəzərdə tutulur. Maddənin sanksiyası isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
Əfsanə Kamal