"Azadlıq" axtarışında olan gənc qızlar

18 yaşı tamam olan kimi ailələrinin onlara göstərdiyi təzyiqi və şiddəti səbəb gətirərək, "azadlıq" axtarışına çıxan gənc qızlar evi tərk edəndən sonra adətən başına nə gələcəyindən xəbərsiz harada gəldi, barlarda, təsadüfi tanış olduqları oğlanların evində, hətta küçələrdə gecələyirlər. Belə kimsəsiz qalan gənc qızlar isə müxtəlif təzyiqlərlə üzləşir, ya təcavüzə məruz qalır, ya da insan alverinin, hətta narkotikin qurbanına çevrilirlər. 

Təbii ki, bu hər zaman pis sonluqla bitmir. Məsələn, çıxış yolunu evdən qaçmaqda görə gənc qızlardan biri də Nərmindir (ad şərtidir). O, evdən qaçmağını belə izah edir:
"Atam universitetə qəbul olmağım üçün əlindən gələni etdi. Demək olar ki, bütün fənlərdən müəllim yanına gedirdim. Mənə "qəbul olsan istədiyin hər şeyi ayaqların altına sərəcəm, olmasan, məndən heç nə gözləmə" demişdi. Amma mənim oxumağa həvəsim yox idi. Nə qədər cəhd göstərsəm də, oxuduqlarım ağlımda qalmırdı. Təbii ki, ali məktəbə qəbul ola bilmədim. Atam nəinki dostlarımla harasa gəzməyə getməyə, heç marketə getməyimə, evdən çölə çıxmağıma belə icazə vermirdi. Həmin ərəfədə bir oğlanla tanış oldum və bir-birimizi sevməyə başladıq. Dəfələrlə elçi düşsələr də, atam razı olmurdu. Mən də çıxış yolunu evdən qaçıb, xilas olmaqda gördüm. İndi bir övladım var, xoşbəxtəm və peşman da deyiləm. Valideynlər övladlarının qərarlarına hörmətlə yanaşmalıdır".

Bu gənc qız evini tərk edən ilk və son qız deyil. Bəs bu problemin kökündə dayanan başqa səbəblər nələrdir? Gənclərin bu seçimləri hansı faktorlar əsasında formalaşır? Hər zaman valideynmi günahkardır?

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, evdən qaçmaq müxtəlif səbəblərdən baş verə bilir:

"Bunlardan biri, ən vacibi zorakılıqdır. Yəni, adətən, uşağı şəxsiyyət kimi görmürlər, onun düşüncələri, həyata baxışı, təhsilə marağı heç kimi maraqlandırmır, kifayət qədər zorakılıq tətbiq olunur və yaxud gender ayrı-seçkiliyi açıq şəkildə göstərilirsə, bu hallarda evdən qaça bilirlər. Yəni, valideyn uşağını şəxsiyyət kimi görə bilmir, onu qiymətləndirə bilmir. 
Digər bir hal hansısa təsirlərlə bağlıdır. Ola bilsin ki, sosial şəbəkələr vasitəsilə və yaxud müxtəlif yollarla təsirlər olur ki, belə riskli davranışa gətirib çıxarır.
Kimlərsə özünü təsdiq etmək üçün qaçır. Yəni, ətraf onu görsün ki, o şəxsiyyətdir, insandır və qaçmaqla bunu bir çağırış kimi göstərməyə çalışır. Ola bilsin ki, kiminsə başına təcavüz hadisəsi gəlib və o, evdəkilərin bilməsindən narahat olaraq evdən qaçıb. Kimsə hansısa qruplaşmanın təsirinə düşə bilər, kimsə macəra axtarışında ola bilər. Hansısa oğlanı sevib, ona cəsarətli olduğunu sübut etmək üçün və s. hallarda görürük ki, qızlar evdən qaçırlar. Lakin görürsünüz ki, sonrakı proseslərdə risklərlə və çətinliklərlə üzləşirlər. Yəni, çox müxtəlif səbəblər ola bilər. Bu hər ailənin münasibətindən irəli gələ bilər. 
İndi sosial şəbəkələrdə daha çox cəlb etmə prosesi ilə məşğul olanlar olur, qızlar da onların tələsinə düşə bilər. Hamıda eyni səbəblər olmur".

Sosioloq Lalə Mehralı da deyir ki, övladına kifayət qədər normal davranan valideynin də övladları evdən qaçır:

"Biz həmişə müşahidə edirik, mətbuatda da çox paylaşılır, hətta televiziyalar da bu məsələləri efirlərdə geniş formada müzakirə edirlər, mütəxəssislər öz fikirlərini bildirirlər. Adətən evdən qaçan qızlar haqqında elə düşünürlər ki, valideyn onu incidir, valideyn sıxır, qadağaları çoxdur, ona görə qaçır və s. Amma müşahidələr, analizlər göstərir ki, əslində övladı ilə kifayət qədər normal davranan, ona bütün azadlıqları tanıyan, hər şərait quran, hər imkanı yaradan valideynin övladları da evdən qaçır və burda söhbət daha çox qızlardan gedir.
Yaxşı, qızlar niyə evdən qaçır? Niyə ailələrini küçədə, tanımadığı insanlarla yaşamağa dəyişmək istəyirlər? Onları nə narahat edir? 
Bəzi hallarda buna ətraf səbəb olur. Yəni, özü valideynlərindən kənarda yaşayan, sərbəstliyi tək yaşamaqda görən, azadlığı istədiyi formada geyinib, keçinməkdə, istədiyi yerə getməkdə görən dost-tanışlarını görür, bu yola həvəs edirlər ki, azad, sərbəst yaşamaq daha maraqlıdır. Yəni, yeniyetməlik ağlı, onlara nə qadağandırsa, ona meyl etmək yeniyetməliyin təbiətində var.
Valideyn heç bir halda övladının pisliyini, başına pis iş gəlməsini istəməz. Təbii ki, istisna hallar da var. Valideyn olub, amma valideynlik edə bilməyən insanlar da var ki, övladı ilə yetəri qədər maraqlana bilmir. Öz evinin içində başına pis hadisələr gələn, ya valideyni, ya da yaxın qohumları tərəfindən istismara, təcavüzə məruz qalan yeniyetmələr də var təbii ki. Amma bütün valideynləri bu sıraya salmaq ədalətsizlik olardı. Evdən qaçan bütün uşaqların valideyni pis, qəddar, övladı ilə maraqlanmayan valideyn deyil. Ona görə də, məncə, bu valideynləri tərəzinin eyni gözündə qoymaq doğru deyil. Fərdi olaraq araşdırmaq lazımdır. Çünki uşaqların hər biri fərqli səbəblərdən evdən qaçır.
Qızlar bəzən yaşadığı mühitdə oxumaq istəyən qızlara olan dırnaqarası münasibətə görə evdən qaça bilirlər. Çünki yaxşı bilirik ki, elə ucqar kəndlərdə orta məktəbi bitirən kimi qızları ərə verməyə çalışırlar, təhsil almalarını lazımsız, gərəksiz hesab edirlər. Qızlar artıq bu dövrdə, informasiyanın, texnologiyanın bu qədər inkişaf etdiyi bir zamanda təhsilin vacibliyini anlayırlar və öz təhsillərini vacib olan bir formada davam etdirmək istəyirlər. Tamamilə haqlarıdır və bu haqları təmin edilməlidir. Amma valideyn etiraz edirsə, bu halda qızlar evdən qaçmağa üstünlük verirlər. 
Bəzən zorakı evlilik və yaxud erkən nikah olur ki, bu hallarda da qızlar çıxış yolunu evdən qaçmaqda görürlər. Bəzən də sadəcə şirnikib qaçırlar. Onlar elə başa düşürlər ki, evdən uzaqda həyat  insana hər şeyi vəd edir. Amma təbii ki, çətinliyi görən kimi peşman olurlar.
Bütün hallarda hesab edirəm ki, valideyn evdən qaçan qızına qarşı mülayim davranmalıdır. Geri qaytardıqdan sonra zorakılığa, cəzalandırmağa əl atmamalıdır. Ortaq məxrəc tapılmalıdır, problemlər birlikdə müzakirə edilərək həll olunmalıdır".

Klinik psixoloq Səyyarə Yusubovanın sözlərinə görə, bu məsələdə psixi sağlamlıq problemləri də rol oynaya bilər:

"Gənclərin ünsiyyət, özünü ifadə ehtiyaclarının ödənilməsi çox önəmlidir. Gender fərqləri bizim cəmiyyətimizdə gənclərin həyatının qurulmasında bariz fərqlilikləri ilə üzə çıxır. Xüsusilə, böyük şəhərdən kənarda gənc qızların sərbəst toplaşa bilmə, asudə vaxtlarını keçirmələri ilə bağlı imkanları olduqca məhduddur. Cəmiyyətin mental dəyərlərində gənc qızların həyatı necə yaşamasına dair açıq-aydın təsəvvürlər var. Bu təsəvvürlər kəskin həyat qaydalarıdır. Yəqin ki, mühafizəkar ailə tərbiyəsi mühitində yaşayan gənc qızlar valideynləri və bəzən digər ailə üzvləri tərəfindən də təzyiqlərə məruz qalırlar.
Bu məsələdə psixi sağlamlıq problemləri də rol oynaya bilər. Bəzi hallarda, psixi inkişafın yaşıdlarından geri qalması, əqli gerilik kimi tibbi ədəbiyyatda adlandırılan hadisələrdə cəmyyətin sosial dəyərlərinə uyğun olmayan davranışlar müşahidə oluna bilir. Evdən qaçmaq kimi adlandırsaq da, hadisəni dəqiq qiymətləndirmək lazımdır.
Psixiatriyada fuqa adlı termin var, insan harasa gedir, yaşadığı, olduğu məkandan xeyli uzaqlaşır, bir dövrdən sonra aşkarlayır ki, haradasa başqa yerdədir. Yəni bu hadisələr həm şəxsin açıq etirazı ola bilər, yaşadığı qaydalara, həm psixi sağlamlıq problemi ola bilər. Həm də bəzi hallarda hansısa çıxılmaz görünən situasiyadan acil bir çıxış yolu kimi görünə bilər. Bu məsələdə valideynlərə, gənc qızların həyatında söz haqqı olan şəxslərə böyük iş düşür.
Cəmiyyətin iqtisadi, sosial və hüquqi səviyyəsində qızlarla oğlanların bir o qədər də fərqi olmadığı şəraitdə, yaşama və hərəkət etmə baxımdan gənc qızlar gənc oğlanlardan qat-qat daha az imkanlara malik olurlar. Müsbət hadisələr də çoxdur əlbəttə. Gənc qızların akademik uğurları müşahidələrimə əsasən deyə bilərəm ki, bəzi hallarda hətta üstün olur. Ancaq ki, gənc qızların həyati məsələlərdə sərbəstliyi o qədər də yoxdur. Mental səviyyədə qızlar özlərini azad hiss edə bilmirlər. Həyatının hansısa bir məhələsində, xüsusilə də uşaqlıq və ya yeniyetməlikdə evdən qaçmış bir şəxsin həyat hekayəsində bu hadisə öz sözünü deyəcəkdir.
Evdən, ailədən ayrılma - separasiya adlanır. Separasiya ayrılma kimi tərcümə edilmişdir bizim dilə. Bəlkə də eşitmiş olarsınız, bağlanma haqqında. Güvənli və güvənsiz bağlanma anlayışları var. Dəyərli olan ilk qayğı göstərənimizin həyatımızın ilk illərində bizimlə qurduğu münasibətlərdən öyrəndiklərimiz əsasında sonradan münasibətlərimizi qururuq. Yəni, şəxsiyyət həyatında önəmli olan insanlarla yaxın-uzaq ünsiyyətdə olduqca, dəyərləri, həyat qaydaları formalaşır. Ailəsindən öyrəndiyi qaydaları mənimsəmək və ya rədd etmək, başqasını qurmaq üçün çalışır.
Görünür evdən qaçmaq gənc birinin, bizim söhbətimizdə gənc qızların evdən qaçması bu qaydalarla, yaşadığı psixoloji mühitlə bağlı yenidən qurmalara ehtiyac duyduğunu göstərir.
Təcrübəmdə, cinsi orientasiyası fərqli olan qızlar olmuşdur. Onlar ailəsi, ən yaxınları tərəfindən təhdidə məruz qalmış və məcbur olub, evdən qaçmışdır
Düşünürəm ki, gənc qızlar üçün məhz ayrılmış bir sığınacaq evi olsa, hər hansı təcili şəraitlərdə bu müəssisələrə gələ bilərlər. Belə olduqda, ailə münaqişələri və ya həyati təhlükəli məsələlər daha peşəkarcasına həllini tapar. Gender əsaslı zorakılıq mövzusu bu məsələ ilə birbaşa əlaqəlidir. Belə keyslərə ailə mərkəzli yanaşma olmalıdır. Biz mütəxəssislər olaraq, yaxud cəmiyyətin üzvləri olaraq ailələrin daxili qaydalarına dəyişdirməyə iddialı ola bilmərik. Ancaq eyni zamanda həm mütəxəssis olaraq, həm də cəmiyyətin üzvü olaraq bir-birimizin həyatına laqeyd də yanaşa bilmərik.
Bəzi məsələlər haqqında açıq danışmaq adətimiz olmaması da problermləri ağırlaşdıra bilir. Halbuki, gənc qızların həyatında gedən rol keçidi dəyişkənlikləri olduqca əhəmiyyətli və stresli hadisələrdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31