Postsovet  ölkəsində təhsilə  baxış

Yay aylarında Estoniya və Fİnlandiyaya səfər edən təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov ortaq tariximiz olan Estoniyada  təhsil sistemi  haqqında Olaylar-a danışıb.

-Qoşqar bəy, təhsil işçilərinin xarici ölkələrə səfəri hansı layihə əsasında həyata keçirilir?

Avqustun 26-dan sentyabrın 1-dək "Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı II" baş tutub. Proqram Estoniyanın Karyera Təhsil Akademiyası və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə reallaşıb. Proqramda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva olmaq üzrə bir qrup azərbaycanlı təhsil işçisi, məktəb direktoru, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər.

-Nəyə görə Estoniya?

-Əvvəla bunu qeyd edim ki, Estoniya postsovet ölkəsidir. Buna görə də bizi birləşdirən ortaq tarix var. Ortaq ənənələrimiz var. Bu, ortaq tarixdən yola çıxaraq biz hər iki ölkənin məktəbəqədər, orta və ali təhsilini ölkəmizlə müqayisə edə bilərik. Müqayisə  nəticəsində  təhsilimizdə  müəyyən qədər müsbət və mənfi cəhətlər ortaya çıxdı. Estoniya da Azərbaycan kimi 1991-ci ildə müstəqillik qazanıb. Onların üstün cəhətləri bu olub ki, SSRİ dövründə  belə eston dərsliklərini, dilini və mədəniyyətini qoruyub, saxlaya biliblər. Müstəmləkə ideologiya və ənənəyə qarşı gəliblər. 1991-ci ildə  islahat planına başladıqları zaman qarşılarına üç əsas prioritet qoyublar. Eston dili, eston mədəniyyəti, təhsil və texnologiya. Bu, üç məsələ üzərində geniş  işlər görülüb. Ölkədə təhsil sisteminin 99%-i rəqəmsallaşdırılıb. Əhalinin sayının az olması onlar üçün böyük avantajdır. 1 milyon 200 min əhalisi olan ölkə əlbəttə, təhsil baxımından daha çevik addımlar ata bilir. Onlar, 2000-ci illərdə "pələng sıçrayışı" adlı strateji plan qurublar. Nəticədə təhsildə böyük uğurlar əldə ediblər. Təhsil tam rəqəmsal sistemə keçib, bütün məktəblər eyni səviyyəyə çatdırılıb. Müəllimlər və direktorlar daha yüksək standartlar əsasında seçilirlər. Məktəblərə, müəllimlərə, regional təhsil idarələrinə güvənirlər. Bunun nəticəsidir ki, Estoniya son PİSA imtahanında Finlandiyanı belə geridə qoyub.

-Mərhələli şəkildə təhsildə gördüyünüz fərqlərdən danışa bilərsiniz?

-Estoniyada məktəbəqədər təhsil əsasən fəaliyyət üzərində dayanır. Təbiəti qorumaq , eksperiment, təcrübə bu, mərhələdə əsasdır. Problem situasiyaların həlli üzərində dayanır. Geniş oyun sahələri var. Təbiətlə iç-içə mühit yaradılıb. Azyaşlılar erkən yaşdan təbiətə qarşı həssas böyüdülür.

Universitet olaraq Tartu universiteti çox qədim təhsil ocağıdır. Dünyada xüsusi yer tutur. Ali təhsilin də keyfiyyətində avtonomiya diqqət çəkir. Təhsil keyfiyyətində dünya standartları nəzərə çarpır.

-Köhnə Sovet ölkələrindən çoxunda rus dili hələ  də geniş şəkildə istifadə edilir. Estoniya bu baxımdan fərqlənirmi?

-Əhalisinin 30%-i rus olan Estoniyada ana dilində danışmaq üstün və vacib sayılır. Hər kəs eston dilini öyrənməyə və öyrətməyə çalışır. 30%-i rus olan bir ölkədə rusdilli məktəblərin sayının çoxalmasını da, ləğv edilməsini də istəyənlər var. Ölkədəki rus əhalinin çoxu eston dilini bilmir.. Rusdilli məktəbdə isə öyrənmək çətinləşir. Buna görə də ölkə  rəhbərliyi rusdilli məktəblərin sayının azaldılmasından yanadır. Buna da rus vətəndaşlar qarşı çıxır. Orta təhsildə rus bölməsi olsa da, ali  təhsildə rus bölməsi artıq ləğv edilib. Eyni zamanda rus bölmələrində eston müəllimlər işləmək istəmir.

-Müəllimlərin aylıq gəlirləri hansı aralıqdadır?

-Müəllimlərin gəliri 1400-2000 avro arasında dəyişir. Bu eston xalqı üçün orta gəlir hesab edilir.

Estonlarda diqqət çəkən işlərdən biri də az resursla böyük işlər bacarmalarıdır.

-Orada  nəzərinizə çarpan hansısa ixtisas oldumu, ölkəmizdə də tədris edilməsini istədiyiniz?

Bəli. Fİnlandiyada sinif rəhbəri olmaq üçün ayrıca bakalavr ixtisası var. Ölkəmizdə də olmasını istərdim.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31