Onları şantaj yox, ictimai qınaq öldürür...
26 Avqust 2022 11:14 SosialBütün toplumlarda həll yolu çətin olan problemlər var. Həmin problemlərdən biri də şəxsi həyatın toxunulmazlığı məsələsidir. Hüquqların az bilindiyi cəmiyyətdə isə problem həll yolunu tapmır. Təbii ki, burada təhsil problemi, ailə-məişət basqısı da böyük rol oynayır. Təəssüf ki, ölkəmizdə də indiki zamanda belə eyni problem aradabir baş qaldırır. Və böyük fəlakətlər doğurur. Bunlar sadəcə vətəndaşlar üçün yox, vəzifəli şəxslər üçün də istifadə edilən qanunsuzluqdur. Nəticə şəxsin sosial statusuna görə dəyişir. İctimai qınaq isə hər ikisi üçün keçərlidir. Şantaj, hədə-qorxu cinayəti digərlərindən daha ağır nəticələrlə yekunlaşır. Bu cinayətlərdə əksər hallarda zərərçəkən tənqid olunur. Həmin şəxslərin çoxlarının aqibəti isə bizə məlum deyil. Aralarında daha çox intihar etmə halları, özünəqapanma, ölkəni birdəfəlik tərk etmək kimi çıxış yolları tapanlar çoxluq təşkil edir.
Şantaja məruz qalan şəxs hüquqlarını bilsə belə, ictimai qınaqdan qorxaraq heç bir addım atmır. Son olaraq qurbana çevrilir.
Bu kimi problemlərdə hər zaman olduğu kimi mətbuatın və təhsilin rolu böyükdür. Məktəblərdə azyaşlılara bu baxımdan kifayət qədər məlumat verilmir. Ümumiyyətlə, ölkəmizdəki təhsil sistemi gələcəyə bir fərd yetişdirmək prinsipi ilə məşğul olmur. Nəzərə alsaq ki, azyaşlılar və yeniyetmələr günlərinin böyük hissəsini təhsil ocağında keçirir, o zaman, məktəb sadəcə pedaqoji fəaliyyətlə məşğul olmamalıdır. Azyaşlılara, xüsusilə yeniyetmələrə öz hüquqları öyrədilməlidir. Çünki, bütün ailələr eyni səviyyədə tərbiyə verə bilmir övladına. Məktəb isə hər bir şagirdi bərabərləşdirir.
Mətbuat həssas mövzularda peşəkar deyil. Şantaj və bu kimi mövzularla bağlı videoçarxlar demək olar ki, yoxdur. İnsanların əsas qorxusu ictimai qınaq olduğu üçün, sosial media bu problemlərdə işə yaramır. İnsanların fikrini azad ifadə edə bildiyi platformalar şəxsi çıxılmaz vəziyyətə sürükləyir. Başqasının şəxsi həyatına maraq göstərən toplumda gündəmi, trendi, keşfeti də elə bu məsələlər zəbt edir.
Problemin həlli ilə bağlı mütəxəssislər öz fikirlərini Olaylar.az-la bölüşdülər:
Vəkil Turan Abdullazadə
-Turan bəy, şəxsi həyatla bağlı toxunulmazlıq hansı qanunla tənzimlənir?
-Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
- Sizcə, şantaja görə verilən cəzalar yetərlidirmi?
-Şantaj dediyiniz şey qanunvericilikdə "hədə-qorxu ilə tələb etmə" cinayətidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hədə qorxu ilə tələb etmənin üsullarında biri olan zərərçəkmiş şəxs və onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olub olmamasının əhəmiyyəti yoxdur. Başlıcası odur ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda özünün ləkələnəcəyini düşünür. Belə məlumatlara şəxsin intim həyatı ilə bağlı məlumatlar, onun törətdiyi hüquq pozuntusu barədə məlumatlar və sair aid edilə bilər.
- Şantaj olunan şəxsin hüquqi proseslərdən yaxınlarını uzaq tutması mümkündürmü?
-Şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması nəticəsində zərərçəkmiş və hüquqları pozulmuş şəxslər onlara dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən kompensasiya da tələb edə bilər.
Belə ki, Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
Qanunvericiliyin məzmunundan göründüyü şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətdir, həmçinin mülki məsuliyyətə də səbəb ola bilər. Bu əməli törədən şəxslərin təqsiri məhkəmə qaydasında sübuta yetirilərsə onlara qanunvericiliklə müəyyən olunmuş qaydada cəza təyin edilə bilər. Eyni zamanda şəxsi toxunulmazlıq hüququ pozulmuş zərərçəkmiş şəxslərin bu hüququn pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini pozan tərəfdən tələb etmək hüququ vardır. Bir sıra şəxslərin xüsusi proqramlar vasitəsilə bağlı sosial şəbəkə hesablarına (WhatsApp, Instagram, Facebook və sair hesablara) daxil olaraq şəxslərin iradəsi ziddinə fotoşəkillərinin, videolarının qanunsuz toplanılması və yayılması qanunvericiliyə ziddir və məsuliyyətə səbəb olan haldır. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsin yaxın qohumlarına aid rüsvayedici məlumatlar da paylaşıla və ya paylaşılma riski altında ola bilər. Bu səbəbdən zərərçəkmiş şəxsin qohumlarını bütün hallarda hüquqi prosedurlardan kənarda saxlamaq hər zaman mümkün olmur.
- Zərərçəkən yetkinlik yaşına çatmayıbsa, ailə necə bir yol izləməlidir? Yeniyetməni prosesdən kənarda tutmaq mümkündürmü?
Əgər zərərçəkən yetkinlik yaşına çatmayan şəxsdirsə onu hüquq mühafizə orqanlarında və məhkəmədə qanuni nümayəndələri ( atası və anası), valideynləri yoxdursa qəyyum və himayəçiləri təmsil edir.
Klinik Psixoloq Aidə Sübhan
-Aidə xanım, şantaj qurbanı olan pasiyentiniz olubmu? Onlar hansı addımları atmalıdır?
-Cəmiyyətdə hal-hazırda, xüsusi ilə qadınları şantaj etmək, onların psixoloji durumunu daha da gərginləşdirmək, onların zəif tərəfindən istifadə etmək, onların şəxsi həyatı ilə oynamaq ciddi faktor kimi yaranıb. Xanımlar bu prosesdə qorxurlar və hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Artıq bəzi kişilərdə də belə bir tendensiya yaranıb ki, mən istənilən xanımı qorxuda, təzyiq edə bilərəm. Təbii ki, bu bütün bəylərə aid deyil. Bununla məşğul olan cəmiyyətin müəyyən bir kateqoriyasıdır. Mənim çoxsaylı bu tip posiyentlərim olub. Onlar şantaj edildikləri üçün intihara cəhd ediblər, həyatdan uzaqlaşıb, stress yaşayıblar. Ümumiyyətlə, düşünürəm ki, buna dövlət səviyyəsində son qoyulsa yaxşı olar. Hüquq-mühafizə orqanlarımız, xüsusilə, bu məsələlərin məxfiliyi ilə bağlı sosial çarxlar çəkilsin ki, insanlar rahat şəkildə gedib müraciət edilə bilsin. Təəssüf ki, nə qədər də etsək, yenə də şübhə halı baş verir. Məhz bu mövzuda maarifləndirmə işi aparmaq, hal-hazırda cəmiyyətinizin əsas nüanslarından biri olmalıdır. Psixoloji cəhətdən həmin xanımlarımızın müraciət edə biləcəyi təşkilat, içində hüquqşunas, mühafizə orqanları, psixoloq olsa belə , həmin xanım mənəvi cəhətdən o qədər dağınıq vəziyyətdə olur ki, ona bir neçə instansiya göstərsək belə, o instansiyalara gedib müraciət etmək istəmir.
-Cəmiyyət bu problemlər zamanı necə davranmalıdır?
-Məsələnin qurbanları, artıq prosesdən əziyyət çəkirlər və onlar psixoloji terapiya alsalar yaxşı olar. Artıq, bir çoxlarında ağırlaşan simptonlar var və onlarla paralel müalicə getsə, yaxşı olar. Cəmiyyətdə isə bir böyük problem də var. Zəif mövqedə olan insanın üzərinə daha çox gedirlər. Bu da sonda intiharla nəticələnir. İntihar baş verdikdə isə, cəmiyyət başlayır bir-birini qınamağa. Tövsiyyə edərdim ki, cəmiyyət bu mövzuda bir az neytral olsun. Məsələn, elə iş yerləri var ki, kişilər qadınlara qarşı o qədər təhlükəli üsullardan istifadə edirlər.
Ə. Səlimi