Verdiyi qərarlardan geri çəkilməyi sevməyən insan... Sadiq Qarayev- 51
3 İyul 18:30 SosialTez-tez problem və çətinliklərlə qarşılaşmasına baxmayaraq, ömrü boyu həyatından zövq alan insandır. Güclü enerjiyə sahibdir. Onun həyata sevgisi ruhlandırıcıdır. Əsl kişilərə xas olan bir çox xüsusiyyətləri var. Üsyankar, cəsur, qətiyyətlidir. Elə bu səbəbdən də, bəzən təhlükələrə məruz qalır. Daim aktivdir və həmişə nəyisə araşdırır. O, mistik cazibəsi ilə ətrafındakı insanlara təsir edə bilir. Qürurludur və səliqə-sahmanı xoşlayır...
Deyir ki: "İstənilən yazıçının, şairin və yaxud da alimin ilham mənbəyi onun təfəkküründən, maraq dairəsindən, xarakterindən qaynaqlanır. Bizim də maraq dairəmiz təbiət, cəmiyyət, cəmiyyətdə, təbiətdə baş verən proseslər, onlar arasındakı üzvi əlaqələrdir. İnsanın həm özünü, həm də, onun mənsub olduğu xalqı narahat edən məsələlərdir. Ümumiyyətlə, əsərlərimin ana- süjet xətti Azərbaycançılıq məfkurəsi, təbiət və cəmiyyətdəki proseslərdən bəhs edir. Xəyal dünyası, təsəvvüretmə, fantaziya bir yazar, bir tədqiqatçı, hətta bir siyasətçi kimi mənim üçün çox önəmli məsələdir. Təsəvvüretmə ağlın gördüyü dairə genişliyidir. Bu nə qədər böyük olarsa, o insanın yaradıcılığında, fəaliyyətində bir o qədər zənginlik, rəngarənglik olar. Eynşteyn qeyd edirdi ki, mən oxuduqlarıma görə yox, fantaziyamın genişliyinə görə bu nailiyyətləri əldə etmişəm. Mənim də xəyal dünyamın genişliyi keçdiyimi həyat yolu ilə bağlıdır. Gəncliyim, yeniyetməliyim yaylaqda keçib. Orada müxtəlif insanlarla münasibətlər də buna təsir edib. Beş nömrəli kimya-biologiya liseyi, daha sonra aspiranturadakı təhsilim, oradakı müxtəlif insanlarla ünsiyyətim, eyni zamanda yazıçılarla əlaqələrim də xəyal dünyamın genişliyinə təkan verib..."
Əhvalı tez-tez dəyişə- bir anda sevinə, mülayim davrana, eyni zamanda əsəbi və sərt ola bilir. O, asan yoldan çox, çətin yolu seçməyə üstünlük verir. Dostlarını seçərkən irqi və ya dini təbəqəyə görə ayrı-seçkilik etmir. Həyatda hər şeyin öz istəyinə uyğun olmasını istəyir, öz inancınin fanatıdır. Açıq danışmağı bacarır, lakin emosiyalarını göstərməkdən çəkinir. Heç vaxt yazıq görünməyi xoşlamır, kiminsə ona yazığı gəlməsinə nifrət edir. Çox cazibədardır və daxil olduğu istənilən mühitdə insanların diqqətini asanlıqla cəlb edə bilir. Kiməsə məxsus olmağı sevmir, müstəqil və azaddır. Müstəqilliyini çox sevdiyi üçün, bəzən onu anlamayanlar da olur. Onu daha dərindən dərk etmək istəyənlər, hökmən ona azadlıq hissi verməlidirlər...
"Mənim üçün zaman anlayışı nisbidir. Məsələn, insanla digər başqa canlılar arasında zaman anlayışı müxtəlifdir. Burada həyat tərzinin, rejimin öz rolu var. Müxtəlif işlə məşğul olan insanlar üçün də zaman olduqca fərqlidir. Yazıçı üçün zaman daha çox yazarkən əhəmiyyətlidir, həmçinin düşünərkən də. Yazıçı günlük həyatında hər zaman fikirləşir. Məsələn, yazacağı hər hansı bir əsər, yeni ideyalar haqqında düşünür və bütün bu proseslərdə yazıçı zamanı dəyərləndirir. Qlobal mənada yazıçı üçün zaman daha bütövdür. O, həm keçmişin, həm bu günün, həm də gələcəyin içində yaşayır, səyahət edir. Yazmaq öz daxilindən gələn müəyyən proseslərə öz təxəyyülünlə, mühakimənlə fikir yürütməyin deməkdir. Yazıçı düşünəndə, danışanda deyə bilmədiklərini yazanda deyə bilən insandır. Yazmaq hər kəsə nəsib olmayan xüsusi bir istedaddır..."- söyləyir.
Haqqında söhbət açdığım Sadiq Qarayev 1974 -cü ilin iyul ayının 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kəndində dünyaya gəlib. 1991-ci ildə Bakı şəhər 5 Nömrəli Kimya-Biologiya təmayyüllü internat məktəbi, 1997-ci ildə Nəsrəddin Tusi adına ADPU-nin biologiya- kimya fakultəsini, 2000-ci ildə AMEA-nın Botanika institutunun aspirantura şöbəsini bitirib. 2004-cü ildə namizədlik dissertasiyası müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Hazırda AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, 2016-cı ildən isə AMEA Botanika institunun elmlər doktoru hazırlığı üzrə dissertantıdır və "Azərbaycanın Turqay florasının mezotermik reliktlərinin bioekoloji xüsusiyyətləri və müasir vəziyyəti" mövzusunda tədqiqatlar aparır. Elmi tədqiqatlarının nəticələri yerli və xarici mətbuatda dərc olunmuş 45 elmi əsərdə öz əksini tapıb. "Orbitlər və Universal mövcudluq" nəzəriyyələrinin (Şəhadətnamə N-8686, qeydiyyat N-04/C-8225-15), "Sahilsiz Təzadlar" və " Sahibsiz Kölgələr" adlı irihəcmli elmi, fəlsəfi romanların müəllifidir. Prezident təqaüdçüsü, "Qızıl kəlmə" mükafatçısıdır...
Deyir ki:- "Yazıçı güclü müşahidəçi olmalıdır. O, dövrünün proseslərini izləməli, eyni zamanda dünyəvi elmlərdən də, yüksək səviyyədə olmasa da xəbərdar olmalıdır. Yazıçı həm milli mədəniyyətdən, həm də dünya xalqlarının mədəniyyətindən məlumatlı olmalıdır. Onların oxşar və fərqli xüsusiyyətlərindən yararlanmalıdır. Daha yaxşı olardı ki, öz təxəyyülü ilə yox, real həyatdan olan hadisələri qələmə alsın."
Onun sərbəst və rahat hərəkətləri ətrafındakı insanların diqqətini çəkir. İnsanlarla söhbət etməyi və onlarla yaxın münasibət qurmağı bacarır. O, heç vaxt fikirlərini bölüşməkdən qorxmur və son dərəcə cəsarətlidir. Mürəkkəb və demək olar ki, qeyri-mümkün problemləri necə həll edəcəyini yaxşı bilir. Adətən, bütün ictimai fəaliyyətini planlayır və rəngarəng, maraqlı şəxsiyyəti ilə hamının sevimlisinə çevrilir. Lazımsız ünsiyyəti xoşlamır, amma sevdiyi insana təsir etmək üçün əlindən gələni də əsirgəmir. İnsanların görkəminə aldanmır, onun üçün daxili gözəllik həmişə vacibdir...
Bəli, Sadiq Qarayev anadangəlmə liderdir, yorulana qədər işləməyə davam edir. Necə deyərlər, əsas meyarı da- işləmək, işləmək, yenə də işləməkdir. Yəni, bu yolda çox dözümlüdür. Hər baş verən hadisədən asanlıqla sarsılmır. Sabit fikirli olduğundan, verdiyi qərarlardan geri çəkilməyi sevmir. Bəlkə də inanmayacaqsınız, o qədər fərasətlidir ki, dünyanı təkbaşına idarə edəcək qədər güclüdür. Böyük işlərdə iştirak etməkdən, insanları doğru yola yönəltməkdən, kütləni idarə etməkdən həzz alır. Həyatın müvəqqəti olduğunu dərindən dərk etdiyi üçün, risk etməkdən, yeni yollar sınamaqdan və fərqli üsullar tətbiq etməkdən çəkinmir...
Xülasə, iyulun 5-də 51 yaşını qeyd edəcək qəhrəmanım xeyli nəcib xüsusiyyətlərə malikdir. Haqsızlığa dözümsüz, humanist, xoş niyyətli və cəsarətlidir. Onu ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram...
Bir də deyir ki:- "Yeni roman yazmağı düşünürəm. Bu haqda xeyli maraqlı fikirlərim var. Amma növbəti kitabımı doktorluq dissertasıyamdan sonra yazacağam..."
Uğurlar!..
Hörmətlə AYB, AJB üvü, şair- publisist Elman Eldaroğlu