“ƏƏSMN hər bir müharibə iştirakçısını nazirliyə dəvət etməlidir”
10 İyun 2022 11:41 Sosialİki ildən çox az zaman öncə ölkədə hərbi vəziyyət hökm sürürdü. Əsgərlərə yemək, su, corab daşıyan kim, yol qırağına yığılıb alqışlayan kim. İndi həmin müharibə iştirakçıları yenidən mübarizə aparmalı olublar. Bu dəfə cəbhədə yox, Bakının mərkəzində. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə. Haqları olan qayğını ala bilməmək gəncləri haqlı olaraq hiddətləndirib.
Bu yaşanan ilk hal deyil. Onların içərisindən biri çox təsiredici bir ifadə işlətmişdi. Nazirlik binasını onlardan qoruyan əməkdaşa "bəs sənin evini kimi qoruyurdu?" deyə, etirazını dilə gətirmişdi. Həqiqətən, bizləri qorumaq uğrunda fiziki,ruhi sağlığını, qolunu, ayağını itirən gənclərə dövlət qurumu tərəfindən göstərilən bu münasibət çox acınacaqlıdır. Onlar qurban verdikləri qarşısında ev, maşın, yüksək gəlir belə istəmirlər. İstədikləri tək şey müharibə iştirakçıları üçün müəyyən edilən müavinəti ala bilməkdir. Bəs nə üçün ƏƏSMN insanları bu həddə çatdırır?
Psixologiyası, sağlamlığı pozulan gənclər həkim yoxlanışından keçə bilmir, keçsə də pulunu almaqda çətinlik çəkir. Əminik ki, bu süründürmə üsulu onları müharibədə iştirak etmək daha çox yorur.
Düşmənin üzündə təbəssüm yaradan ƏƏSMN öncədən düşünə bilmirdi ki, gəncləri dinləmək lazımdır? Vəziyyət bu həddə gəlməməli idi. Onlar qaziləri dinləmək istəmirdilər. Sosial media və ictimai qınaqlardan sonra bir qrup qazini dinləmək qərarı alıblar. Bu nədir? Gözümüzdən pərdə asmaq? Buna icazə verə bilmərik. Müharibə iştirakçılarının hər biri dəvət edilməli və problemli həll edilməlidir. Nazirlik sadəcə bir qrup qazini dinlədikdən sonra, yaxasını geri çəkə bilməz.

Sosioloq Ramil Nəcəfli problem ilə bağlı fikirlərini Olaylara danışıb:
"Mənə görə qazilərin, vətən müharibəsi iştirakçılarının sosial problemləri birbaşa müvafiq qurumlar tərəfindən həll edilməlidir. Düşünürəm ki, problem sadəcə ƏƏSMN-nın öhdəliyində olmamalıdır. Xüsusən, həkim yoxlanışı zamanı rastlaşdıqları problemlər çoxdur. Qazilərə əlillik dərəcəsi verilməsi ilə bağlı süründürməçilik mövcuddur. Bir çox dövlət idarələri və.s qazilərin müəyyən nazirliklərin qarşısında etdikləri etirazı qeyri-qanuni hesab edirlər. Onlar ruhi xəstəlik, əsəb problemləri ilə bağlı ittiham olunurlar. Və hamımız bilirik ki, bu fikirlər əsassızdır. Gənclər sağlam vəziyyətdə müharibəyə gediblər. Necə olur ki, onlar müharibəyə gedən zaman bu problemləri görməmişdilər?
Gənclər orqan çatışmazlığını, travmanı müharibədə qazanıblar. Onlara qarşı dözümlü olmaq lazımdır. Onların qayğısına qalmaq lazımdır. Bu qayğını da ən başda dövlət qurumları göstərməlidir. Əlilliyin müəyyən edilməsi ilə bağlı süründürməyə son qoyulmalıdır. Müxtəlif dövlət qurumları özlərini elə aparırlar ki, sanki qazilərə ayrılan müavinət onların cibindən ayrılıb. Bu problemlərin həlli sistemli şəkildə həyata keçirilməlidir. Qazilərin sosial problemləri çoxdur. Ev-məişət problemləri, sağlamlığın qayğısına qalmaq, müxtəlif sənədləşdirmə problemləri, işsizliklə bağlı problemlər və.s
Onların işə qəbul prosesi zamanı qarşılaşdıqları problemlərin həllini müəyyən dövlət qurumları öz öhdəliklərinə götürməlidirlər. Veteranlar, sağlamlığı məhdud olan insanlar üçün dövlət tərəfindən müxtəlif iş sahələri üzrə proqramlar işlənib hazırlanmalıdır. Bu layihələr dövlətə yük kimi yox, bazar iqtisadiyyatı qanunlarına uyğun şəkildə həyata keçirilməlidir. Bacaranlar üçün şərait yaradılmalı, güzəştli kreditlər verilməlidir. Məsələn, biznes fəaliyyəti ilə məşğul olmaq istəyə bilərlər. Taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyə bilərlər. Sürücülük qabiliyyəti olan qazilərə avtomobillər ayrılmalıdır. Onların sərbəst şəkildə pul qazanması üçün şərait yaradılmalıdır. Biz demirik ki, qazilər tamamilə dövlətdən asılı vəziyyətdə qalsın. Xeyr, onlar pensiyadan ona görə asılı vəziyyətdə qalıblar ki, pensiya onlar üçün sığortadır. Şəxs əmək qabiliyyətini itirib və onun işləməsi üçün iş şəraiti yaradılmır. Onların sağlamlıq vəziyyətinə görə plan hazırlanmalıdır. Bu heç də cəmiyyətin, insanların vicdanının ixtiyarına braxılmamalıdır. Bu birbaşa dövlət qurumlarının diqqəti tərəfindən həyata keçirilməlidir. Pensiyalar vaxtında verilmir.
Bu yaxınlarda mənim ürəyimi ağrıdan bir məsələ oldu. ƏƏSMN qarşısında qazilər şüşələri sındıraraq, içəri girdilər. Mən belə düşünürəm ki, onları haqsız çıxarmaq məqsədilə bir neçə gündən sonra başqa bir qrup qazi ƏƏSMN tərəfindən dəvət olundu. Həmin qazilər isə nazirlik tərəfindən qayğı ilə əhatə olunmaqlarından bəhs etdilər. Bu məni çox hiddətləndirdi. Onlar şüşələri sındıran deyil, başqa qazilər idi. Hansı ki, onlar öz hallarından məmnun idilər və nazirlikdəki məsul şəxslərə minnətdarlıq edirdilər. Mən çox böyük təəssüf hissi ilə həmin görüntüləri izlədim. Çox təəssüf ki, həmin qazilər də öz şəxsi mənafelərini güdmüş oldular. Deyək ki, onların vəziyyəti yaxşıdır, qayğı ilə əhatə olunublar. Olmazdımı ki, onlar da nazirlikdə digər qaziləri müdafiə edərdilər? Onların xahişini nazirliyə çatdırardılar.
Hallarından məmnun olan qazilər deyə bilərdi ki, hörmətli nazirlik, biz qayğı ilə əhatə olunmuşuq. Ancaq bizim qazi qardaşlarımız var ki, onlar qayğıdan kənarda qalıblar. Biz istəyərik necə ki, bizim vəziyyətimiz yaxşıdır, onların da vəziyyəti yaxşı olsun. Nazirlikdə çıxış edən qazilər bu cür nitq söyləsəydi, çox yaxşı olardı. Bu onu göstərir ki, cəmiyyətimizdə hələ də müxtəlif qruplaşmalar var. İnsanlar bir-birinə dəstək olmurlar. Özünün problemi həll olundusa, başqasının, yoldaşlarının problemi onu maraqlandırmır.
"SAXTA QAZİ" məsələsindən danışaq. Bilirsiniz, bu, kütləvi deyil. Bunu qabartmağın, "saxta qazilər" deyə bağırmağın əleyhinəyəm. Bu hal nadir hallarda baş verir. Onsuz da belə halları cəmiyyət qınayır. İctimai qınaqdan sonra həmin adamlar bu əməldən əl çəkirlər. Onlar çox cəsarətli deyillər. Lap 3-5 nəfər olsun. Hər halda minlərlə qazinin qayğısına qalmaq əsas məsələ olmalıdır. Qaziliyi sübut etməyin müəyyən parametləri var ki, çox sadə şəkildə şəxsin həqiqi qazi olmadığı ortaya çıxır. Mən istəməzdim ki, insanlar saxta qazi məsələsini qabartsınlar.
-İnsanların beynində "saxta qazi" anlayışı formalaşdıqdan sonra, qazilərə qarşı baxış bucağı dəyişib . Buna səbəb nələrdir? Axı, burada həqiqətən qazi olanların günahı yoxdur. Onlara qarşı sosial mühit necə davranış sərgiləməlidir?
Cəmiyyətin və dövlətin görəcəyi işlər bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Cəmiyyətin özünün də problemləri çoxdur. Belə olan halda qazilərə necə kömək edə bilərlər?
Biznesmenlər belə hazırda o qədər də uğurlu deyillər. Onların maddi təminatı insanların öhdəsinə buraxıla bilməz. Dövlət biznesin inkişafı layihələrini dəstəkləməlidir ki, onlar da imkanlarından istifadə edərək qazilərə şərait yaratsınlar. Qazilər dəyərsizləşdirilməməlidir. Onlar qonşu, qohum, hər hansı imkanlı şəxsi vicdanına buraxılmamalıdır. Qazilərin sığortası olmalıdır. Və bu minnətsiz olmalıdır. Qazi başını dik tutaraq dövlətin qayğısını görməlidir. Bu qayğı da, dediyim kimi, iş tapana qədər müavinətlərin verilməsi, yarmarkalar təşkil etmək, işləmək istəyən qaziləri maddi-mənəvi cəhətdən stimullaşdırmaq və.s. Bütün bunların hamısı sistemli şəkildə həyata keçirilməlidir".

Məsələ ilə bağlı digər müsahibimiz deputat Razi Nurullayevdir. Onun sözlərinə görə;
"ƏƏSMN-nin məlumatını gördüm.Onlar bir qrup qazini qəbul edib, dinləyiblər. Bunu alqışlayıram.
Hesab edirəm ki, narazı olan şəhid ailələri, qazilər, əlillər və.s kim olursa olsun, zamanla onları bir neçə nəfər olmaqla qəbul etmək və problemlərini dinləmək vacibdir. Bununla bərabər, bəzilərinin mövcud vəziyyəti əlilliyə təminat vermir. Ancaq onlar bununla razılaşmırlar. Ona görə də bunların canlı şəkildə videoçəkilişi aparılsın. İnternet və ya yutuba yerləşdirilsin ki, insanlar bunu həm canlı, həm də sonradan izləyə bilsinlər. Bundan sonra məsələ ilə bağlı ayrı-ayrı yanaşmalar ortaya çıxmayacaq. Elə olur ki, müharibə iştirakçıları əlilliyi ona görə tələb edirlər ki, onların aylıq qazancı yoxdur. Həqiqətən onların elə çətinlikləri var. Ailələrini təmin edə bilmirlər. Məhz buna görə də, həmin şəxslər işlə təmin edilməlidir. Bu şəxslərə əlillik verilmirsə, pul ayrılmırsa, iş təklif olunmalıdır. Bəzən onların ixtisaslarına uyğun iş olmaya bilir. Ona görə də onları kütləvi şəkildə peşə məktəblərinə, kurslara cəlb etmək lazımdır. Bu dövlət müəssisələri tərəfindən edilməlidir. ƏƏSMN- da onları peşə təliminə cəlb edə bilər ki, sonradan iş tapa bilsinlər. Çoxunun peşəsi olmadığı üçün onlara ləyaqətli iş tapmaq da çətin olur.
Bütün bunlara baxmayaraq bu insanlar müharibədə iştirak ediblər. İnsanların zəhməti və haqqı var. Ona görə də bu haqq, zəhmət üzərindən çıxış edərək deyirəm ki, istənilən halda biz müharibə iştirakçılarına biz ləyaqətli yaşam üçün lazım olan vəsaiti təmin etməliyik. Ona görə təklif etmişdim ki, iştirakçıları müxtəlif peşə məktəblərinə, universitetlərə, 1-2 illik kurslara cəlb edək. Başqa cür bu problemlərin sonu görünmür".
Əfsanə Kamal