“Qüsursuz cinayət planı yoxdur”
10 İyun 2022 11:56 SosialAzərbaycanda qapalı qalan cinayətlərin sayı az deyil. Hətta ölkə gündəmini zəbt edən cinayət işləri arasında da həllini tapmayan hadisələr var. Cinayətlərin həll olunmamasının səbəbləri müxtəlifdir. Bu səbəblərlə bağlı ətraflı məlumat əldə etmək üçün hüquqşünas Toğrul Məmmədovla həmsöhbət olduq.
-Üstü açılmayan, açılması mümkün olmayan cinayətlər hansılardır? Ümumiyyətlə açılmayan cinayətlər nəyə
deyilir?
-Təcrübə göstərir ki, törədilmiş cinayətlərin hamısı heç də isti izlərlə açılmır. Bəzi cinayətlər var ki, onlar illərlə bağlı qalır. Lakin qanunvericilik müvafiq qurumların qarşısında cinayətlərin açılması və təqsirkar şəxs və ya şəxslərin məsuliyyətə cəlb olması tələbini qoyur. Son dövlər Baş prokuroluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi birgə keçirdikləri əməliyyatlarla 15 il, 20 il əvvəl törədilən cinayətlərin açılması və təqsirləndirilən şəxslərin istintaqa cəlb edilməsi barədə məlumatlar yayılar. Məsələn 18 il əvvəl paytaxtın Yasamal rayonunda nənə ilə nəvənin qətli, 14 il əvvəl Gəncədə 68 yaşlı Nəzərli Nadejda Dmitriyevnanın öldürülməsi, 5 il əvvəl Xaçmazda avtomobildə yandırılan kişi və qadının qətlində təqsirləndirilən şəxsin müəyyən edilməsi və başqa cinayətləri misal gətirmək olar. Açılması mümkün olmayan cinayətlər? Kriminalistlərin belə bir deyimi var "qüsursuz cinayət planı yoxdur". Yəqin ki, bu belədir. Amma yenə də bəzi hallarda cinayətkarların şansı gətirir və istintaqdan yayına bilirlər. Bəzən bu müddət bir neçə il çəkə bilər. Ümumiyyətlə cinayətlərin açılmasında müstəntiqlərin peşəkarlığı qədər kriminalist ekspertlərin də rolu az deyil. Çünki onlar belə demək olarsa lal şahidləri danışdırır. İstintaqda lal şahid maddi sübutlara deyilir. Bildiyimiz kimi fiziki təmas özündən sonra iz buraxır. Hadisə iştirakçısının geyiminin bir parçası ekspertiza aparılması üçün kifayətdir. Bu səbəbdən də hər bir cinayətin açılması zaman məsələsidir. Cinayət törədən şəxs mütləq bir gün məsuliyyətə cəlb ediləcəyini unutmasın. Ümumiyyətlə açılmayan cinayətlər nəyə deyilir? Cinayət hadisəsi məlumdur və istintaq altındadır, lakin onun kim tərəfindən törədilməsi, yəni təqsirkar məlum deyilsə, həmin cinayət açılmamış cinayət sayılır..
-Nərminin cinayət işi niyə hələ də davam edir?
-"Nərmin cinayəti" son dövrlərin ən səs-küylü və mürəkkəb cinayət işlərindəndir. Açıq deyim ki, istintaq materialları ilə tam tanışlığım yoxdur. Amma cinayət hadisəsi ilə bağlı prosesləri diqqətlə izləyirəm. Bu işdə məncə vacib olan məhkəmə prosesinin tez və ya gec bitməsi deyil. Əsas həqiqətin üzə çıxmasıdır.
-Əgər cinayəti törədən şəxs həyatda deyilsə, cinayət işi necə həllini tapır?
- Bu məsələ Cinayət Prosessual Məcəlləsində öz əksini tapıb. CPM-in 39.1.5 -ci maddəsi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsini cinayət təqibini istisna edən hal kimi nəzərdə tutub. Yəni şəxs vəfat edərsə cinayət təqibinə xitam verilir. Bəraətverici əsaslar olmadıqda ölmüş təqsirləndirilən (şübhəli) şəxs barəsində onun hüquqi varisinin, hüquqi varis müəyyən edilmədikdə və ya qəbul etmədikdə müdafiəçinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarıla bilməz. Belə halda cinayət təqibi üzrə icraat davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur.
- Cinayətin araşdırılması üçün zaman limiti varmı? Hansı cinayətlər artıq birdəfəlik bağlanmış hesab edilir?
- Cinayət Məcəlləsinin dördüncü bölmə 11-ci fəsli cinayət məsuliyyətindən və cəzadan azad etmədən bəhs edir. Qanunvercilik müəyyən olunan hallarda şəxs məsuliyyətdən azad edilir. Bu əsaslardan biri müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmədir. Qanunvericiliyin tələbinə əsasən müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məsuliyyətdən azad etmə müddətləri cinayətlərin təsnifatına görə fərqlənir. Cinayət Məcəlləsində cinayətlər 4 təsnifata ayırlıb. Böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər sayılır. On iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab edilir. On iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Bu təsnifatlar üzrə də cinayətdən azad etmə müddətləri müəyyən edilib.
- böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən
- iki il keçdikdə;
- az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;
- ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;
- xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.
Şəxs bu müddətlərin keçməsi ilə bağlı məsuliyyətdən azad edilə bilər. Lakin müəyyən istisnalar var. Sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Əgər maddənin sankiyasında ömürlük azadlıqdan məhrum etmə nəzərdə tutulubsa bu halda cinayət işi məhkəmə baxışına kimi gəlməlidir və məhkəmə tərəfindən qərar qəbul edilir ki, bu iş üzrə müddətin keçməsi tətbiq olunsun ya yox. Burada da bir amil var ki, əgər məhkəmə müddətin keçməsini əsaslı hesab etmirsə və cəza təyin edirsə bu halda təqsirləndirilən şəxsə ömürlük cəza təyin edilə bilməz, həmin şəxsə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə təyin olunmalıdır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
-İndiyə qədər qarşılaşdığınız və sizi ən çox təəccübləndirən cinayət hadisəsi nə olub?
-Artıq 15 ilə yaxındır ki, bu sahədə çalışıram. Bu müddət ərzində qanundan kənarda qalan az olmayıb. Onlardan indi xatırladığım bir neçəsi var. Evindən narkotik maddə, odlu silah oğurlanması barədə polisə şikayət edənlər, mənzilindən oğurluq edilən zərərçəkənin evinə baxış zamanı xeyli miqdarda narkotik tapılması. Bundan sonra o, həm də təqsirləndirlən şəxs olub. 213 kiloqram heronin kartof formasında kisələrdə gizlədən xüsusi istedadlı qaçaqmalçılar. Ən maraqlılardan biri də bir neçə gün əvvəl yayılan xəbər oldu. Özünü ölmüş kimi təqdim edən MTK sədri. Rumıniyada da maraqlı bir hadisə baş vermişdir. Deməli onların DYP-sı yol qaydasını pozan sürücüyə cərimə olunması barədə protokol və pozuntunun fotolarını göndərir. Sürücü də cavabında həmin cərimənin məbləği edən pulların şəklini çəkib polisə ünvanlayıb. Polisin cavabı sürücünün cəriməni ödəməsinə səbəb olub. Yol polisinin sürücüyə cavab fotosu qandal şəkili olub. İnsanların üzlərində təbəssüm nə qədər çox olsa qanundan kənarda qalanların sayı bir o qədər az olar.
Mehriban Xəlilli