“İntihar etmək istəyən şəxs həm yaşamaq, həm də ölmək istəyir”
2 İyun 2022 15:00 Sosialİnsan niyə intihar edir, niyə problemindən çıxış yolunu məhz bunda görür? İntiharların qarşısını necə alaq və ya almaq mümkündürmü?
Suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq.
Psixoloq Təranə Paşayeva
![]()
"İntihar mövzusu son zamanlar demək olar ki, hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan biridir. Mətbuatda, saytlarda gedən mövzu ilə bağlı yazılarda, çıxışlarda intihar hallarını daha çox sosial səbəblərlə, maddi sıxıntılarla əlaqələndirən fikirlərə rast gəlirik.
Tədqiqatlar göstərir ki, özünəqəsd biri digəri ilə əlaqədə olan sosial mühit və fərdi psixoloji problemlərin təsiri ilə əlaqəlidir. Bəzi tədqiqatlar isə psixi cəhətdən sağlam olmayan şəxslərin daha çox intihar yolunu seçdiyini göstərir.
İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir. Səbəblərə psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar. Sözsüz ki, insanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial - psixoloji problemlər demək olar ki, eynidir.
İntihar edən şəxs bunu törətməmişdən öncə mütləq bu barədə danışır, sanki mesaj verir, onu bu fikirdən daşındırmaq üçün səbəb axtarır. Diqqət etmisinizsə, intihar hadisələrindən sonra yaxınları bununla bağlı mütləq bir neçə fakt söyləyə bilir. Buradan belə nəticəyə gəlmək olar ki, əslində, intihar etmək istəyən şəxs eyni dərəcədə həm yaşamaq, həm də ölmək istəyir, sadəcə olduğu vəziyyətdən çıxış yolunu tapa bilmir. Bu səbəbdən də, çox zaman intiharlar aşkar şəkildə, hamının görə biləcəyi yerlərdə törədilir.
İmtahan dövrü yaxınlaşdıqca yaşadığımız cəmiyyətdə intihar mövzusu yenə də aktuallaşır. Təəssüflər olsun ki, abituriyentlər arasında xoşagəlməz halların sayında artım hiss olunur. Son bir neçə ildə imtahan nəticələri yaxşı olmayan abituriyentlər çıxış yolunu intihar etməkdə görürlər.
Ötən illərdə imtahan sonrası intiharların neçə gəncin həyatına, neçə ailənin sevincinə son qoyduğu haqqında məlumatları eşidib və görmüşük. Ümidsizlik, hədəflərinə yetə bilmədiyi üçün intihar faktları hər il, orta məktəblərin bitirilmə və ali məktəblərə qəbul dövrü, imtahanlar zamanı da qeydə alınır. İmtahanda arzulanan nəticəni əldə edə və ya kəsilərək ali təhsil ocaqlarına daxil ola bilməyən bəzi gənclər çıxış yolunu intiharda görür.
Cəmiyyətdə bəzən ailə, dostlar, qohumlar, rəfiqələr və digər yaxınların imtahan zamanı lazımi bal yığa bilməməsi, bəzən intahandan kəsilməsi səbəbindən yeniyetmələri qınaması intihara yol açan əsas səbəblərdəndir.
Valideynlərin övladlarından daha çox gözləntiləri olması, uşaqlarını hədələmələri, imtahanın ab -havası, uğursuz olandan sonrakı həyatları abituriyentlərin psixologiyasına güclü təsir göstərir. Nəticə uğursuz olanda da onlara pis təsir edir və bəzən həmin yeniyetmələr yaranan mövcud situasiyadan çıxa bilmir, özlərinə ziyan vurur, hətta ən sonuncu yolun ölüm olduğunu düşünərək intihar edirlər.
İlk olaraq valideyn övladla dost kimi münasibət qurmalı, lakin bununla bərabər onun üzərində nəzarəti həmişə saxlamalıdır. Övladının hansı filmlər izlədiyini, hansı kitablar oxuduğunu, hansı cəmiyyətdə və kimlərlə dostluq etdiyinə mütləq diqqət göstərməlidir. Dostluq şəraitində qurulan bu diqqət, sevgi münasibətlərini möhkəmlətməklə yanaşı uşağın yanlış təsirlər və bu təsirlərin yol aça biləcəyi intiharlardan uşaqları qorumuş olacaq.
Xüsusilə imtahan ərəfəsində valideynlər övladlarına diqqəti daha da artırmalıdırlar. Bu dövrlər övladları üçün xüsusilə gərgin keçdiyini nəzərə almalı, dəstək olmalı, nəticənin necə olmasından asılı olmayaraq onun daim yanında olduğunu hiss etdirməli, imtahanın son olmadığını onlara başa salmalıdırlar"
Sosioloq Sahib Məmmədov

"İntihar axıracan öyrənilməmiş bir fenomendir. Bəziləri bunu sosial-iqtisadi şəraitlə bağlamağa cəhd edir, bəziləri çıxılmazlıqla və.s
Əslində dünya üzrə statistikaya baxanda vəziyyət bir qədər başqa cür görünür. Misal üçün, 2019-cu il göstəricisi ilə baxdıqda, Azərbaycanda hər 100 min nəfərə 4 nəfər statistika verilir. Firavan ölkələri misal götürdükdə isə, Avstraliya ittifaqı 11.3 nəfər, hər 100 min nəfərə. Avstriyada 10.4 nəfər, Kanadada 10.3 nəfər, Latviyada 16.1 nəfər, Litvada 20.2, Rusiyada 21.6, Yaponiyada 12.2, İsveçdə 12.073 təşkil edir. Bunlar firavan ölkələrdir. İsveç dünyanın ən firavan ölkələrindən biridir, amma hər 100 min nəfərə demək olar ki, 13 nəfər intihar var. Bu son statistikadır. Ən çox Lesotdır ki, orada 87.5 nəfərdir. Türkiyədə 4.5 nəfərdir. Ona görə də, bunu sosial-iqtisadi şəraitlə əlaqələndirmək düzgün deyil. Əksinə kasıb ölkələrdə rəqəmlər daha aşağıdır, nəinki firavan ölkələrdə. Yəni, bu, öyrənilməmiş bir fenomendir. Təəssüf ki, heç kəs bundan sığortalanmayıb. Ona görə də, əlbəttə kütləvi informasiya vasitələri mühüm rol oynayır. Bir çox ölkələr çalışır ki, bu məlumatı gizlətsin. İndi internet dövrüdür. Əvvəllər Avropa ölkələri və digər ölkələr çalışırdı ki , bu mövzunu o qədər də yazmasınlar. Hazırda bu , təəssüf ki , mümkün deyil. Sosial şəbəkəler, facebook, tvitter, youtube və.s. Bu mövzularda kütləvi informasiya vasitələri bir qədər ehtiyatlı olmalıdır. Valideynlər çalışmalıdır ki, uşaqların davranışı ilə maraqlansınlar, nəzarət etsinlər. Məktəblərdə komissiyalar, psixoloqlar olmalıdır. Uşağın davranışlarını qeydə almalıdır. Təkcə bu məsələyə görə yox, məsələn kimsə məişət zorakılığının qurbanıdır, kimsə narkomaniyaya yuvarlanıb, məktəbdə dərhal hiss olunur. Psixoloqlar həmin an onu müəyyən etməlidir. Təəssüf ki, bizdə, məktəblərdə bu yoxdur. Bu mövzuda konkret bir resept demək çətindir. Hər halda uşaqları zərərli informasiyalardan qorumaq lazımdır. Bununla bağlı Azərbaycanın qanunu var. Uşaqların zərərli informasiyalardan qorunması haqqında ekspert şurası yaranıb. Müəyyən tədbirlər bizdə görülür. Amma təəssüf ki, bizdə bəzən bu hallar qaçılmaz olur."
Mehriban Xəlilli