Həmişə öncə VƏTƏN!- "Olaylar"ın 27 yaşı oldu

Bu gün  1995-ci ilin aprelin 24-də   müstəqil media aləminə daxil olan Olaylar  İnformasiya  Agentliyi  və "Olaylar" qəzetinin 27  yaşı  tamam olur. "Olaylar"ın  rəhbəri  Yunus  Oğuz  bildirib ki, "Olaylar" adı təsadüfi seçilmədi: "O zaman xəbər, məkan adları bildirən mətbu orqanlar çox idi.  İlk prinsipimiz "Dövlət, millət, əxlaq" şüarı idi. 27  illik fəalliyətimiz dövründə bu prinsiplərə əməl etdik. Hətta ən çətin məqamlarımızda belə biz bu meyarları əldə rəhbər tutduq. "Olaylar" qəzeti ötən 27  ildə daim öz prinsipial mövqeyinə sadiq qaldı, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etdi, əsl vətənpərvərlik və təəssüfkeşlik nümunəsi göstərdi. "Olaylar" qəzeti və  Olaylar.az  saytı  o mətbu orqanlardandır ki,  "Jurnalistlərin peşə davranış qaydaları"na tam şəkildə əməl edir, içtimai, siyasi proseslərdə baş verən hadisələri obyektiv şəkildə ictimaiyyətə çatdırmağa çalışır".

Y.Oğuz bildirib ki, "Olaylar" qəzeti və Olaylar.az  saytı   xəbər məkanında daim öndə oldu: "Xəbərlərimiz Azərbaycan, rus və ingilis,  türk  dillərində dünyanın əksər ölkələrinə yayımlanır. Əsas işimiz xəbər istehsalı və yayımı olsa da, milli məfkurəni ön planda tuturuq. "Olaylar" qəzeti  və  Olaylar.az saytı  bu illər ərzində dünyada yaşayan Azərbaycan türklərinin əsas tribunasına çevrilməyi bacardı. İran, İraq, Rusiya, Gürcüstan, Türkiyədə yaşayan azərbaycanlılar "Olaylar" qəzetini  və  Olaylar. az  saytını öz doğma mətbu orqanı bilir. "Olaylar" qəzeti və  Olaylar.az  saytı   dünya azərbaycanlılarının haqq  səsi oldu.Azərbaycanın  44  günlük  Müharibəsində  də  Olaylar  qəzeti  və  Olaylar.az  saytı  Azərbaycan əsgərinin  və  Ali Baş  Komandanının  yanında  oldu. Yarandığı  gündən  erməni  faşizminə  qarşı  döyüşdüyü  kimi müharibə  günlərində  də əsgərə  döndü."

Baş redaktorun sözlərinə görə, milli mövqedə olmaqla bərabər peşəkarlıq məsələləri də arxa plana keçirilməyib: "Olaylar" qəzetinin əsas prinsipi obyektivlik, çeviklik və dürüstlük oldu. Qəzet peşakar jurnalist kadrlarının yetişdirilməsində mühüm rol oynayıb. Hansı ki, bu kadrlar bu gün müxtəlif qəzetlərdə, saytlarda çalışmaqla Azərbaycanda mətbuatın inkişafına mühüm töhfələr verirlər. "Olaylar" qəzeti Azərbaycan mətbuatının tarixində ilk dəfə olaraq gənc jurnalist kadrların hazırlanmasında və təcrübə toplanmasında töhfəsini verib. 90-cı illərdə "Olaylar" qəzetinin redaksiyasında gənc jurnalistlər məktəbi fəaliyyət göstərirdi. Bu gün Azərbaycan mətbuatının ünlü simalarından bir çoxu həmin məktəbin məzunları olub. Əminəm ki, hər zaman haqqın, ədalətin carçısı rolunda çıxış edən "Olaylar" qəzeti  və  Olaylar.az  saytı  bundan sonra da öz prinsipindən dönməyəcək, öncə  Vətən olacaq amalı ancaq dövlətə və milli maraqlara xidmət etmək olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31