Uşaqların immunlaşdırılması həyata keçiriləcək

Səhiyyə naziri tərəfindən uşaqların peyvəndləşdirilməsilə bağlı ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib."Olaylar" xəbər verir ki, bu barədə danışan Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova bildirib ki, hazırda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir: "Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır".

Həkimin sözlərinə görə, immunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik və ölümdən xilas olunur: "Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən mütəmadi olaraq peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31