“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib

Aprelin 16-da "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə Xətai rayonunda yaşıllaşdırma aksiyası həyata keçirilib. Bu barədə ictimai birliyin sədri Elman Cəfərli məlumat verib. "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi olaraq əhali arasında maarifləndirmə işləri aparır, təbiətsevər könüllüləri yaşıllaşdırma işlərinə cəlb edirik. Bundan öncə bir neçə dəfə Xətai rayonunun müxtəlif yerlərində yaşıllaşdırma işləri aparmışıq. Bu dəfə Nəsrəddin Tusi küçəsində ağac əkmək qərarına gəldik. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin Hövsanda yerləşən Tingçilik İdarəsindən badam, aylandız və sərv tingləri götürdük. Aksiyamıza ərazidə yaşayan təbiətsevər sakinlər də dəstək verdi. N.Tusi küçəsində 30-dan çox ağac tingi əkdik". İctimai birliyin sədri ağacəkmə aksiyasına verdiyi dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkürünü bildirib: "Ağacəkmə aksiyasına dəstək verdiyi görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, o cümlədən qurumun əməkdaşları İradə İbrahimovaya, Səyyarə xanıma, Elxan müəllimə, Malik müəlllimə minnətdarlığımı bildirirəm. Onlardan yaşıl tinglər və ağac kolları istədik. Əllərindən gələn köməyi əsirgəmədilər". E.Cəfərli bildirib ki, son zamanlar Azərbaycanda yaşıllıqların qorunması, genişləndirilməsi ilə bağlı tədbirlər artıb. "Dövlət başçısının təşəbbüsü ilə son 15 ildə yüzlərlə park, yaşıllıq massivi, əhalinin istirahəti üçün gözəl məkanlar yaradılıb. Son vaxtlar paytaxt Bakıda və ölkəmizin müxtəlif bölgələrində yaşıllıqların qorunması, yeni yaşıllıq zolaqlarının yaradılması istinqamətində irəli sürülən təşəbbüslər, görülən işlər, həyata keçirilən layihələr tədqirəlayiqdir"-deyən, Elman Cəfərli bildirib ki, vətəndaşlar da bu işə dəstək verməli, can yandırmalı, ətraf mühitin qorunması işində aktiv rol oynamalıdır. "Son illər xüsusən paytaxt Bakı şəhərində yaşıllıqların məhv edilməsi, ağacların müxtəlif kommersiya məqsədlərinə görə kəsilməsi halları da artıb. Bakının "oksigen balonu" olan yaşıllığa qarşı ögey münasibət göstərən, onu məhv etməyə çalışan iş adamları bu gün də "iş başındadır". Onlar öz kommersiya maraqlarına uyğun olaraq çoxillik ağacları kəsir, yerində ticarət və iaşə obyektləri, yaşayış binaları tikirlər. Hesab edirəm ki, Bakı şəhərinin sakinləri yaşıllıqların məhvinə laqeyd qalmamalı, ağacları kəsən işbazlara qarşı mübarizədə fəal olmalıdır. İctimai fəalların, vətəndaş cəmiyyəti institutlarının da üzərində böyük məsuliyyət var. Onlar müxtəlif yaş qruplarından olan insanlar arasında, özəlliklə gənclər arasında geniş maarifləndirmə işləri aparmalıdır. Ağacəkmə aksiyasına məktəb yaşlı yeniyetmələrin marağını müşahidə etdik. Hesab edirəm ki, onlarla işləmək lazımdır. Məktəb yaşlı gənclərdə ekoloji tərbiyə vacib şərtdir. Gəncləri doğma torpağı və təbiəti sevməyi, ətraf mühitə biganə qalmamağı öyrətməliyik"-deyə, E.Cəfərli vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31