Yeni istifadəyə verilmiş penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub

Xəbər verildiyi kimi, cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün bu ərəfədə Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə verilib. İnsan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub. Ədliyyə Nazirliyindəm "Olaylar"a bildirilib ki, ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə məhkumların müasir tələblərə uyğun şəraitdə saxlanılması, islahı, faydalı əməklə məşğul olmaları, asudə vaxtlarını səmərəli keçirmələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri, cəmiyyətə reinteqrasiyası üçün lazımi infrastruktur yaradılıb və artıq məhkumların yeni müəssisələrəköçürülməsi tam başa çatdırılıb. Cəmiyyətin marağı nəzərə alınaraq həmin penitensiar müəssisələrdə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aprelin 15-də geniş ictimai təqdimat keçirilib, media-tur təşkil olunub. İctimai təqdimatda Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının rəhbərliyi, beynəlxalq qurumların təmsilçiləri, hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, çoxsaylı media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müəssisələrdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində

penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür. Eyni zamanda, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Bununla əlaqədar Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub. Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır. Bu sahədə görülən tədbirlər çərçivəsində cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşasına xüsusi əhəmiyyət verilib.Məlumat verilib ki, ümumi sahəsi 22.600 m2 olan müəssisələr inzibati binalardan, yataqxanadan, hər cür məişət şəraiti olan mətbəxdən, yeməkxanadan, ana və uşaq bölməsindən, müvafiq tibbi avadanlıqla təchiz olunmuş tibbi-sanitar hissədən, məhkumların yaxınları ilə uzun və qısamüddətli görüş binasından və digər tikililərdən ibarətdir. Məhbusların saxlanması və islahı üçün hər cür şərait yaradılıb, istirahət, psixoloq, ibadət və digər otaqlar ayrılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı da vardır. Dövlət başçısının istehsalat sahələrinin genişləndirilməsi, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq yeni müəssisədə məhkumların faydalı işlə məşğul olmaları üçün toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexləri təşkil olunub.İştirakçılar müəssisədə dövlətimizin humanizm siyasətinə və Vətən müharibəsində Zəfər salnaməsinə həsr olunan stendlərlə tanış olublar. Stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin humanizm siyasətinə, minlərlə ailəyə sevinc bəxş edən və cinayət törətmiş şəxslərin islahına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edən əfv və amnistiya qərarlarının, o cümlədən respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş humanist aktların əhəmiyyətinə həsr olunmuş fotolar nümayiş etdirilir. Həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşünü, işğaldan azad olunmuş torpaqlarımıza müntəzəm səfərlər edilərək həmin ərazilərin dirçəldilməsi üzrə görülən işləri əks etdirən ekspozisiyalar yaradılıb.Sonra məhkumların tibbi təminatı ilə bağlı yaradılan şəraitlə tanışlıq olub. Diqqətə çatdırılıb ki, ikimərtəbəli binada fəaliyyət göstərən müəssisənin tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatoloji kabinetlər, laboratoriya, aptek, pediatr üçün və digər yardımçı otaqlar yerləşir. Eyni zamanda stasionar bölmə və fərdi girişi olan izolyasiya üçün palatalar mövcuddur. Binada məhkumların tibbi müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılıb.İctimaiyyət və media nümayəndələri həmçinin, binada məhkumlarla qısamüddətli görüş, eyni zamanda məhkumların ailə üzvləri ilə 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlara baxıblar. Bundan əlavə, müəssisələrin ərazisində inşa olunmuş məktəb binaları barədə məlumat verilərək burada məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil və peşə ixtisası alması üçün hər cür şərait yaradıldığı bildirilib. Müəssisələrlə tanışlıqdan sonra akt zalında qadın və yetkinlik yaşına çatmayan məhkumlarla görüş keçirilib. Sonra görüş akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan ədəbi-bədii tədbirlə davam edib, məhkumlar üçün həmçinin, ehsan süfrəsi təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31