Natəmiz sahibkarlar... Prezident dilə gəldi
14 Aprel 2022 13:10 SosialSirr deyil ki, ölkədə sahibkarların normal fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Azərbaycanda normal biznes mühiti formalaşdığından sahibkarlıq fəaliyyəti daha da genişlənib. Bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, eləcə də dövlətin inkişafında əhəmiyyətli rol oynayır. Məhz bu amili əsas tutan Azərbaycan dövləti sahibkarlığın fəaliyyəti üçün normal mühit dormalaşdırıb. Başqa sözlə, sahibkarlığın inkişafı məqsədilə bütün lazımi hüquqi baza formalaşdırılıb. İndiyədək ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı müxtəlif dövlət proqramları və qanunlar qəbul olunub. Təkcə onu qeyd etmək kifayətdir ki, sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qanunda nəzərdə tutulub ki, sözügedən tələblərə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur.
Etiraf edilməlidir ki, bu addımların atılması həm də siyasi və makroiqtisadi sabitliyə nail olmağın mühüm elementlərindən hesab olunur. Ümumilikdə sahibkarlığa dəstək iqtisadi siyasət strategiyasının ən önəmli hissələrindən birinə çevrilib. Lakin bütün sadalananlara baxmayaraq, dünyada baş verən qiymət dəyişkənliyindən sui-istifadə edən bəzi "işbazlar" süni qiymət artımına yol verməkdədirlər. Xüsusən, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırıblar. Əslində isə ölkədə qiymətlərin bu qədər şişirdilməsinə heç bir iqtisadi əsas yoxdur. Lakin kiçik sahibkardan tutmuş iri fermer təsərrüfatlarına qədər əksər "iş adamları" süni qiymət artının özlərinə rəva bilirlər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd edib ki, bəzi natəmiz sahibkarlar heç bir əsas olmadan qiymətləri artırırlar: "Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir".
Məlumat üçün qeyd edək ki, dünya bazarında qlobal ərzaq qiymətləri son 32 ilin ən yüksək səviyyəsinə çatıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən bildirir ki, qida qiymətləri indeksi martda orta hesabla 159,3 olmaqla 1990-cı ilin əvvəlindən bu yana ən yüksək səviyyəyə çatıb. Yalnız mart ayında qiymətlər 12,6 faiz artıb, son bir ildə isə bahalaşma 33,6 faiz olub. Martdakı yüksək bahalaşma bitki yağları, taxıllar və ət qiymətlərindəki böyük artımla bağlıdır. Bu məhsullarda qiymət səviyyəsi son 32 ilin ən yüksək həddinə çatıb. Martda şəkər və süd məhsullarının da qiyməti xeyli artıb. FAO bildirir ki, martda taxıl məhsullarının qiymətində ciddi artım olub. Bir ayda taxıl məhsullarının qiyməti orta hesabla 17,1 faiz artıb ki, bunun da səbəbi daha çox Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır. Müharibə buğda və digər əsas taxıl məhsullarının ixracında çətinlik yaradıb. Ötən ay yalnız buğdanın qiyməti 19,7 faiz artıb. Bundan başqa, qarğıdalı, arpa qiymətləri də xeyli yüksəlib. Məhz bu kimi amıllərdən "yararlanan" milli sahiibkarlarımız ölkədə süni qiymət artımına start veriblər. Belə ki, son vaxtlar təkcə tərəvəzlərin qiymətində təxminən 70 qəpiyə qədər artım müşahidə edilir. Bazarda kiloqramı 80 qəpiyə satılan soğan hazırda 1 manat 50 qəpiyə, 1 manat 20 qəpiyə satılan kartof isə 2 manata təklif olunur. Alıcılar daha çox yerli məhsulların bahalaşdığını bildirirlər. Maraqlı məqam ondan ibarətdir ki, bölgələrdə qiymət artımı nəzərə çarpacaq dərəcədə çox deyil. Bölgə bazarlarında bu tərəvəzlər təxminən 20 qəpik bahalaşıb. İdxalın azalması, mövsümi amilləri nəzərə alsaq, qiymət artımını təbii hesab etmək olar. Lakin bu artımın birdən birə iki-üç dəfə müşahidə olunması sözsüz ki, süni artımın göstəricisindən başqa bir şey deyil. Görünür yerli istehsal və sosial infrastrukturun yaradılması məqsədilə güzəştli kreditlərin verilməsi kimi dəstək alətləri də sahibkarların xeyrinə işləyib. Sosial məsuliyyət hissindən uzaq olan sahibkarlar vətəndaşları məmnun salmaq əvəzinə onları müflisləşdirməklə məşğuldurlar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu kontekstdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Lakin sahibkarlar bu istiqamətdə fəaliyyətlərini donduraraq vətəndaşların ailə büdcəsinə gözlərini dikiblər. Ən müxtəlif üsullarla vergi ödəməkdən yayınan sahibkarlar vətəndaşların ciblərini soymaqla yox, gəlirlərindən xeyriyyə və humanitar məqsədlər üçün istifadə etsələr daha yaxşı olardı. Sonda qeyd edək ki, azad sahibkarlığın inkişafı, onların maneələrlə üzləşməmələri üçün dövlətimiz üzərinə düşən bütün məsələləri həll edir. Çox təəssüf ki, bəzi sahibkarlar buna adekvat olaraq özəl sektorda üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdə tərəddüd edirlər.
Alim