14 yaşın toyu və 16 yaşın analığı...
14 Aprel 2022 11:56 Sosial14 yaşlı gəlin və 16 yaşlı ana... Azyaşlı qızlarımız niyə tez ərə gedirlər, kimdir günahkar, ailəmi,məktəbmi, ya cəmiyyətmi?
Suallarımıza cavab tapmaq üçün bir neçə mütəxəssislə həmsöhbət olduq.
Psixoloq Təranə Paşayeva

Son günlərdə ictimaiyyətdə geniş rezonans və narazılıqla qarşılanan məsələlərdən biri də bir neçə gün öncə 16 yaşlı yeniyetmə qızın dünyaya uşaq gətirməsidir. Sözsüz ki, belə neqativ halların olması çox üzücüdür. Doğrudur, bu kimi halların qarşısının alınması istiqamətində aidiyyatı qurumlar bir çox tədbirlər həyata keçirsələr də, hələ də mütəmadi bu kimi xəbərləri eşitmək məcburiyyətində qalırıq.
16 yaşlı qızın ana olması məsələsi araşdırılarkən digər bir təəssüfedici məqam da ortaya çıxıb. Belə ki, həmin yeniyetmə qız 14 yaşında olarkən ailə həyatı qurub. Bu məsələdə əslində bir yox, iki məqam ortaya çıxır. Erkən analıqla yanaşı, erkən nikah problemi. Hər iki məsələ isə hər zaman cəmiyyətimizin aktual problemləri sırasında qalmaqda davam edir.
Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır: Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər.
Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında özünü büruzə verir.
Erkən nikahın yaratdığı xoşagəlməz nəticələrdən biri də erkən yaşlarda qızların ana olmasıdır. Könüllü və ya məcburi şəkildə ana olan yeniyetmə qızlar bir qayda olaraq bunun fiziki, psixoloji fəsadlarını həyatlarının sonrakı mərhələlərində görürlər.
Məlumat üçün qeyd etməliyəm ki, bu gün insanların hormonal olaraq formalaşması əvvəlki illərlə müqayisədə eyni səviyyədə deyildir. Aparılan araşdırmalar da sübut edir ki, yeniyetməlik yaşı artıq daha da cavanlaşıb. Buna baxmayaraq 14 və ya 16 yaşında olan xanımın orqanizminin tam formalaşmasını demək olmaz. Bu səbəbdən də bir qayda olaraq həmin yaş aralığında olan qızların hamilə qalınması məsləhət edilmir.
Erkən hamiləlik və ana olmağın psixoloji sarsıntıları da çox olur. Bədən buna hazır olmadığı üçün psixoloji olaraq beyin və düşüncələr də buna hazır olmur. Özü hələ tam yetkinləşməyən bir qadının övladın tərbiyəsi ilə məşğul olması çox çətin məsələyə çevrilir. O yaşda analığı tam şəkildə dərk etmək mümkün deyil. Bu məsələdə psixoloji və fizioloji faktorlar paralellik təşkil edir.
Ailədaxili narazılıq, maddi-sosial vəziyyətin qənaətbəxş olmaması və digər müxtəlif səbəblərdən yaranan problemlər zamanı erkən yaşında ana olan qızlarda utanc, günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa, ümidsizliyə səbəb olur, aqressiya, natamamlıq kompleksi, stress, depressiv halları ortaya çıxarır.
Qeyd etdiyim amillərlə yanaşı, bəzən erkən yaşda ana olmaq istəyən bəzi qızlar bədənin tam formalaşmaması, övlad dünyaya gətirmə mərhələsini rahat və təhlükəsiz şəkildə keçirə bilməməsi səbəbindən doğuş zamanı övladlarını itirir, özləri isə sağlamlıqları ilə bağlı ciddi fəsadlarla üzləşirlər. Bir çoxları öz canından olan birini itirməyi qəbullana bilmir, özlərini bağışlamır, hətta müxtəlif vasitələrlə özlərinə xəsarət yetirə bilirlər. Təəssüf ki, bəzən belə xoşagəlməz halların sonu ölümlə də nəticələnə bilir.
Doğrudur, bir çox ölkələrlə müqayisədə Azərbaycanda istər erkən nikahların, istərsə də erkən yaşda ana olan qızların nisbəti aşağı səviyyədədir, lakin hələ də mütəmadi bu cür hallarla üzləşməyimiz onu deməyə imkan verir ki, kompleks və koordinasiyaları şəkildə tədbirlər, maarifləndirmə fəaliyyəti davam etdirilməlidir.
Bu gün bu istiqamətdə aidiyatı qurumlar, hüquq-mühafizə orqanları, təşkilatların fəaliyyətini xüsusilə qeyd etməliyəm. Əvvəlki dövrlərlə müqayisədə neqativ hallarla qarşılaşdıqda operativ tədbirlər görülür. O cümlədən, mütəmadi olaraq paytaxt və bölgələrdə erkən nigahların qarşısının alınması, onun fəsadları barədə layihələr həyata keçirilir, görüşlər təşkil olunur. Təbii ki, bununla kifayətlənmək olmaz.
Bu məsələdə əsas öhdəliklərdən biri də məhz valideynlərin üzərinə düşür. Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində.
Yeniyetməlik dövrü ailələrin övladları üçün xüsusi diqqət etməli bir zamandır. Valideynlər bu dövrdə övladlarının daim yanında olduğunu hiss etdirməli, övladları arasında ayrıseçkilik etməməli, onların fikirlərinə hörmətlə yanaşmalı, təhsil almağına, şəxsiyyət kimi tam şəkildə formalaşmasına şərait yaratmalı, dəstəklərini göstərməlidirlər.
Cəmiyyətin üzvləri kimi hər birimiz də bu məsələdə diqqətli olmalıyıq. Yaxınımızda olan insanları maarifləndirməli, xoşagəlməz hallarla qarşılaşdıqda biganə yanaşmamalıyıq.
Təhsil üzrə ekspert Qoşqar Məhərrəmov

Əslində bu problem yeni deyil. Uzun müddətdir ki, Azərbaycanda, bir çox Şərq ölkələrində, Hindistan, Afrika, Türkiyədə bu problem mövcuddur. Bu məsələ ilə bağlı bir çox layihələr də icra olunub. Amma, yenə də öz həllini tapmır. Bəlkə də müəyyən qədər azalıb, amma, yenə də bu hallarla rastlaşırıq. İnsanlar qız övladlarını əslində səhv böyüdür. Qız övladına seçim haqqı tanımır. Əlbəttə 16 yaşında qızın evlilik xəyalı yoxdur. Varsa da demək ki, onun beyini o qədər səhv yetişdirilib ki, o qədər səhv böyüdülüb ki, 15-16 yaşında ailə, evlilik barədə düşünür. Halbuki, 15-16 yaşında hələ oyuncaqlarıdan yeni ayrılmış bir qız uşağıdır
Belə bir insanın da əqli kamilliyi tam yerinə oturmayıb. Yəni, beynin inkişaf mərhələlərinə baxsaq, 15 yaşındakı qız uşağının beyni fizioloji, anatomik olaraq tam kamilləşməyib. Evlilliyə və yaxud uşaq dünyaya gətirməyə hazır olsa belə, həmin insanın uşaq yetişdirə biləcək qabiliyyətdə olduğunu demək çətindir. Burada günahkar cəmiyyətdir, qızın ailəsi, valideynləridir, o qızı özünə gəlin gətirən bəyin valideynləridir. Belə hallar insanın həqiqətən ürəyini acıdır, çox məyus edir. Cəmiyyətdə bunun qarşısını almaq üçün onlarla iş görülür, bəlkə də hələ nə qədər də görülməlidir. Müəllimələr bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Direktorlar maarifləndirmə işləri aparmalıdır. Əgər uşaq 14-15 yaşında məktəbə gəlmirsə mütləq polis orqanlarına bildirilməlidir. 9-cu sinifdə icbari təhsil bitir. Ona görə də, 9-cu sinifi bitirən nə qədər qız uşaqlarını orta məktəb getməyə qoymur, təhsilini davam etdirməyə icazə vermirlər. Bəzi ailələrdə kasıb olduğu üçün qız uşağını bir "yük" olaraq görür. Tez bir şəkildə "başını bağlayırlar". Çox təəssüf ki, bu ifadələrdən istifadə edirlər. Qız uşağından canını qurtarmaq istəyir. Deyir "ərə verim, canım qurtarsın". Bu tərzdə yetişdirilən qız uşağı da əlbəttə ki, başqa bir xəyal etməyə, düşünməyə, fikir irəli sürməyə şansı olmur, yəni, etiraz etmək haqqı olmur. Bu kölə zehniyyəti əlbəttə bizim cəmiyyətin böyük bir xərcəngidir. Bu xərçəngi isə uzun müddətdir, təmizləməyə çalışsaq da, hələ tam öhdəsindən gələ bilmirik. Ona görə də, qarşıda görüləcək çox işimiz, yolumuz var. Bu mövzuda kütləvi informasiya vasitələrinin üzərinə böyük yük düşür. Eyni zamanda, geniş sistemli, ölkə miqyasında işlər aparılmalı və erkən yaşlarda məcburi nigahların qarşısı alınmalıdır. Çünki, erkən yaşlı məcburi nigahlar həm evlənən insanlar üçün, həm də onların dünyaya gətirdiyi uşaq üçün problemdir. Bu halda onların cəmiyyətdə özlərinə yer tuta bilmələri çox çətin olacaq.
Sosioloq Sahib Altay

Biz ümumiyyətlə sosial tədqiqatı,sosial araşdırmanı və yaxud, hər hansısa sosial məsələ haqqında rəyi təkcə şəxslərə bağlamırıq. Ümumi problemlərə, hadisələrə baxırıq.Yəni, elmin əsas məqsədi problemləri araşdırmaqdır. Bir şəxs üzərindən, 16 yaşında bir qız hamilə qalıb .O niyə hamilə qalıb? Onun üzərindən araşdırma aparaq və rəy söyləyək,bu yoxdu elmdə. Elm fərdə yox,fərdlərə baxır.Tutaq ki, buna dair,bu səbəbdən dolayı hər yolu dedik. Bəs digərləri? Növbəti 16 yaşında hamilə qızlara nə olacaq? Ümumilikdə mən sizə problem haqqında danışacam. Azərbaycanda hamiləlik yaşı gəncləşməyib.Ümumiyyətlə hamiləlik halı gəncləşməyib. Bu onsuz da var idi. Bizdə, əsasən də əyalətlərdə, regionlarda, kənd yerlərində erkən nigah faktları var. Bu indinin problemi deyil. 100 il öncə də mövcud idi, indi də mövcuddur. Erkən nigah faktoru ya könüllü halda baş verir, ya da məcburi. Ailə məcbur edir. Azərbaycan kütləvi şəkildə mental təfəkkürə sahibdir və bunun bir neçə səbəbi var. Həm maddi, həm də mənəvi. Mənəvi səbəb bundan ibarətdir ki, Azərbaycan toplumu mental toplumdu və sırf əxlaqın, namusun, qeyrətin qadının üzərinə yükləndiyinə görə, sanki ailələr qız uşaqlarını tez ərə verib qeyrət yükündən, namus yükündən azad olmaq istəyirlər.
2-ci səbəb iqdisadi və maddi səbəbdir. Yeri gəlmişkən bizim mentalitetimizə, kütləvi ənənəvimizə görə insanların ən böyük arzusu ailə qurmaqdır. Valideynlərin də ən böyük arzusu övladlarının toyunu görməkdir. Bu bizim mental ənənəmizdi həm təfəkkürümüzdə, həm də həyat tərzimiz də. Bir növ erkən yaşda toyunu görmək üçün, bir növ də onun iqtisadi çıxarlarından qurtulmaq üçün, erkən yaşda qızları ərə verirlər ki, "oxumayacaq","işləməyəcək" "evdar qadın olacaq". Bununla da öz qızlarını tez ərə verirlər ki, nəvə oynatsınlar və evdəki yemək qazanına girən qaşığın biri azalsın.Yəni belə desək, evin çıxarı azalsın.Bir qız uşağı ərə veriləndən sonra onun bütün xərclərini ər ödəyəcək.Yəni, bizdə əsasən qadına belə yanışılır. Bu da bizdəki iqtisadi sosial rifahla bağlıdır. Bizdə iqtisadi sosial rifah olsa heç bunu istəməzlər. Demirəm Azərbaycanın hər yerində hər kəs belədir. Yox. Bu əsasən kəndlərdə olur və bu kasıbçılıqla, həyat tərzi ilə əlaqəlidir. Bir qız oxumursa onun evdə qalıb 25-30 yaşına kimi subay qalmasına pis baxırlar.Ona görə də ərə verirlər. Digər tərəfdən də "camaat nə deyər?" təfəkkürü var ki, qızların yaşı bir az çoxalan kimi onun arxasınca danışırlar.Yəni bizim insanların fərdi yaşayışı, şəxsi həyatımız yoxdur. Biz azərbaycanlılar mental təfəkkürə və "camaat nə deyər" prinsipinə xidmət edirik. Digər məsələlərə gəldikdə bunun nikahdankənar halları var.Erkən nikah nədir?
Erkən nikah müəyyən qəbul olunmuş yetkinlik yaşı var.Bir var bioloji, bir də var psixoloji-sosial yetkinlik .Psixoloji-sosial yetkinlik əsasən 18 yaş və 18 yaş üstü hesab olunur.Yəni fərd özü haqqında müstəqil qərar qəbul edə bilir. Buna görə də 18 yaşdan öncə ailə qurulmasına erkən nigah deyilir. Bunun hüquqi tərəfləri də var ki, 17 yaşdan öncə nikah bağlanmır. Hətta, hüquq qəbul etsə belə yenə də yaşam şəraitinə, bu günki dövr, dövrün tələbləri, inkişaf tendesesiyasına görə 18 yox, 20 yaş olmalıdır. Nikah faktoru deyə fikirləşirəm. Bu mənim şəxsi fikrimdir. Bəs hüquq bunu dəstəkləmirsə, bu necə baş verir?
Valideynlər gizlin köçürürlər öz qızlarını, ərə verirlər. Dini nikah qıyılır, dini nikah vasitəsilə ərə verilir. Yaxşı bəs cinayətdirmi? Cinayətdir. Polisə pul verirlər, rüşvət verirlər, icra nümayəndəsinin başını alladırlar və.s. Bu erkən nigah faktorlarının nəticəsində 14,15,16,17 yaşında qızların hamilə olmağını müşahidə edirik. Digər tərəfdən də bu nikahdankənar təcavüz formasında baş verir. Psixoloji metodlarla qız uşaqlarının başını aldadırlar və bu hadisə baş verir. Bu hadisə kütləvi hal deyil, istisna haldır ki, təcavüz hadisəsi nəticəsində hansısa qız uşağı hamilə qalsın. Erkən yaşda olan qızlar sırf erkən nikaha görə qalırlar və bu da ailələrin, valideynlərin təzyiqi ilə baş verir, ya da ki, psixoloji olaraq qızları elə yetişdirirlər ki, artıq o yaş dövrlərində ərə versinlər. Əslində heç kim səssiz qalmır. Media işıqlandırır, müxtəlif orqanlar dulə gətirir. Cəmiyyət niyə bu hallara səssiz qalır? Çünki, kütləvi şəkildə biz bu təfəkkürə xidmət edirik. Kütləvi şəkildə mental təfəkkür höküm sürür. Bizim həm həyat tərzimizdə, həm də təfəkkürümüzdə. Yəni, bu insanlarımıza sərf edir. Bunun qarşısını necə almaq olar? Bunun qarşısını yalnız dövlət ala bilər. Dövlət bu sahədə maarifləndirmə işləri, tədbirləri aparmalıdır. Məcburiyyətlə heç nə əldə olunmur. Orta məktəblərdə, kəndlərdə əyalətlərdə gücləndirilmiş maarifləndirmə işləri aparılmalıdır.
Hüquqşünas Şamil Paşayev

Ümumiyyətlə, məsələnin hüquqla tənzimlənməsi bundan ibarətdir ki, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.
18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Nəzərə alınmalıdır ki, rəsmi evlilik, qeyri-rəsmi nikah, valideynlər, qız və oğlan arasında razılıq, birlikdə yaşamağa qərar verilməsi - bütün hallarda qızın 16 yaşı tamam olmayıbsa, onunla cinsi əlaqə cinayət məsuliyyəti yaradır. Təcrübədə bu kimi hallara könüllü evlilikdə və ya qızqaçırma hallarında rast gəlinir. Qadının doğuş edərkən yaşının az olması tibbi heyət və hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə bilməz. Belə faktlar aşkarlandıqda ərin məsuliyyətə cəlb edilməsi üçün zəmin yaranır. Çünki CM-nin 152-ci maddəsində göstərilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Valideynlərin erkən yaşda və ya yetkinlik yaşına çatmış şəxsi ailə qurmağa məcbur etməsi, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Azərbaycan Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu yerdə qeyd edək ki, erkən nikah, erkən nikaha məcbur etmə hallarına əsasən qızlar arasında rast gəlinir. Ailə qızını evlənməyə məcbur edirsə, onların da məsuliyyəti var. Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir.
Nikah yaşına çatmayan şəxsin evləndirilməsi isə qanunsuz və əsassızdır, eyni zamanda şəxs nikah yaşına çatsa belə, arzulamadığı, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağan edilir. Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb.
Mehriban Xəlilli