“21-ci əsr” məktəbi bina sakinlərinin həyatını iflic edib- redaksiyaya şikayət var

Bakı şəhəri, Nərimanov prospekti 201, 203-cü və İnşaatçılar pr.28 ünvanlarında yaşayan  sakinlər  redaksiyamıza  şikayət məktubu  ilə  müraciət  ediblər.  Müraciətdə  deyilir:
"Bildirmək istəyirik ki, hazırda yaşadığımız ünvanların  həyət sahəsində çox bərbad vəziyyət yaranıb. Buna əsas səbəb, həmin ərazidə fəaliyyət göstərən "21-ci əsr" məktəbidir. Son bir neçə il ərzində məktəb əlavə binalar tikərək öz ərazisini xeyli genişləndirmişdir. Genişlənmə binalara məxsus həyət sahələrinin zəbt olunması hesabına həyata keçirilmişdir. Onu da qeyd etmək istəyirik ki, genişlənmə zamanı bir çox ağaclar qeyri-qanuni olaraq məhv edilmişdir. Faktiki olaraq məktəb və yaşayış binaları arasında qanunvericilikdə müəyyən olunmuş məsafə nəzərə alınmayıb. Bundan əlavə, məktəbin rəhbərliyi, çoxsaylı əməkdaşları və şagirdlərin valideynləri bizim həyəti avtomobil dayanacağı kimi istifadə edirlər. Sakinlər tərəfindən dəfələrlə məktəb rəhbərliyinə müraciət olunub ki, dərslər başlanan və bitən vaxtlarda yaranan vəziyyətə - tıxaca, güclü səs-küyə, pandemiya dövründə insanların sosial məsafə saxlamasına  ciddi nəzarət edilsn. Lakin bütün müraciətlər cavabsız qalıb.  Nəticədə  qeyd edilən ünvanda yaşayan və avtomobil sahibləri olan sakinlər çox böyük çətinliklərlə qarşılaşır. Belə ki, səhərlər maşın çoxluğu səbəbindən sakinlər çıxa bilmir, axşamlar isə evə qayıdarkən maşın saxlamaq üçün yer tapa bilmirlər. Hətta məktəbə uşaqları gətirən valideynlər və  sürücülər tərəfindən yerli sakinlərə qarşı kobud davranış halları baş vermişdi. Üstəlik, məktəbə gedib-gələnlərin  həyətin ərazisini daim  avtomobil yolu kimi istifadə etməsi həyətdə oynayan uşaqlar üçün təhlükə yaradır. 
Sakinlər tərəfindən məktəb rəhbərliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, hər hansı bir tədbir görülməyib və sakinlərin rəyi nəzərə alınmır. Bu acınacaqlı vəziyyətin qarşısını almaq və həyətdə avtomobillərin hərəkətini nizamlamaq məqsədilə 08.11.2021 tarixində Bakı Nəqliyyat Agentliyinin yazılı razılığı ilə sakinlərin öz hesabına həyətdə şlaqbaum quraşdırılmışdır. Bu barədə məktəb rəhbərliyi əvvəlcədən xəbərdar olunmuşdu, lakin 30.11.2021 tarixində Fövqəladə  Hallar Nazirliyinin  nümayəndəsi tərəfindən şlaqbaumun  sökülməsinə cəhd edilib. Buna səbəb kimi, "21-ci əsr" məktəbi  tərəfindən şlaqbaum haqqında daxil olan şikayət qeyd olunub, halbuki şlaqbaumun quraşdırılması hər hansı bir təhlükə yaratmırdı və zəruri hallarda istər Tibbi yardım, istərsə də FHN maşınlarının  həyətə problemsiz daxil olması üçün tədbirlər görülmüşdür. Nəhayət, 06.12.2021 tarixində Yasamal rayon icra hakimiyyəti, FHN, polis   və MKİS işciləri tərəfindən şlaqbaum söküldü.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vətəndaşların hüquqlarının qorunması, ictimai nəzarətin zəruriliyi barədə dəfələrlə bəyan edildiyini nəzərə alaraq, Nəriman Nərimanov prospekti  ev 201, 203 və İnşaatçılar prospekti 28 ünvanlarındakı həyət sahələrinin qorunması, sakinlərin həyətdə təhlükəsiz hərəkət edilməsi, avtomobil sahibi olan sakinlərin rahat şəkildə öz nəqliyyat vasitələrini saxlaması üçün dəstək olmağınızı xahiş edirik və bizim həyət sahələrinin aidiyyəti olmayan avtomobillər tərəfindən yol kimi istifadə edilməsinin qarşısını almağı xahiş edirik.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər  (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

Bu müracəitimiz heç də "21 əsr" məktəbinin bağlanması məqsədini güdmür. Biz bilirik ki, bu mümkün olan məsələ deyil. Müraciətimizin əsas mahiyyətini Sizlərə bildirməkdən ötrü adı çəkilən məktəbə toxunuruq.
Bundan öncəki məktubumuzdan sonra nə Təhsil Nazirliyi, nə Yasamal icra hakimiyyəti bizim problemi həll etmədilər. Əksinə, problem genişlənib və artıq digər qonşu binaların sakinləri də öz narazılıqlarını bildirir. Şlaqbaum  məktəbin şikayəti əsasında sökdürəndən sonra yenə məktəbin maşın seli həyətdən keçməyə başladı. Məcbur olub öz maşınlarımızla həyətdən keçən yolu bağlamalı olduq. Bundan sonra məktəb yeni yolu çəkdi. Ancaq, yeni yol istifadəyə veriləndən sonra da yenə işlək yol həyətin içidir və üstəlik həyətdə hərəkət ikitərəfli olub, yenə tıxaclar yaranır. Baxmayaraq ki, BNA məktəbə 40 maşınlıq duracaq yeri təşkil edib,  yenə bizim 20 maşınlıq ərazimızdə məktəbin maşınları saxlanılır. Bundan əlavə AFB bankın, Capital Tower, "Rent a car", "Belarusski" mağazasının müştəriləri və işçilərinin maşınları da həyətin ərazisində saxlanılır . AFB banka müraciət etməyimizə baxmayaraq, belə bir cavab ünvanlayıblar "... Bankın əməkdaşlarının Bankdan kənar hərəkətlərinə  rəhbərlik  heç bir məsuliyyət daşımır. Bu məsələ ilə bağlı iradlarınızı həmin şəxslərin özlərinə bildirməyiniz tövsiyyə olunur".
Biz öz həyətimizdə qonaq olmuşuq, işdən qayıdandan sonra həyətdə yer tapmayıb başqa yerlərdə saxlamalı oluruq. Bir tərəfdən məktəbin maşınları, digər tərəfdən ətrafdakı obyektlərin sayının artması, həyətdəki sakinlərin rahatlığını və dinc yaşayışını tamamılə pozur. 
Təhsil Nazırliyinin yazdığı məktubda məktəbin qazanxanası və yanğınsöndürmə nərdivanları olmasına istinad edilir. Əgər məktəb rəhbərliyi doğrudan da məktəb uşaqlarının qayğısına qalırsa, eyni dərəcədə yad uşaqların  təhlükəsizliyini hər zaman və hər yanda gözləməlidir. Məktəbin uşaqları uşaqdır, həyətinkilər yox?  Məktəbin maşın seli binanların giriş və çıxışını bağlayır və həyətdəki piyadalar üçün təhlükə yaradır. Həyətdə olan ikitərəfli yol hərəkəti həm həyət, həm məktəb uşaqları üçün təhlükəlidir. Fövqəladə hal  yaranan zaman həyətə nə yanğınsöndürən maşın, nə təcili yardım maşınları keçə bilməyəcəklər. Biz özümüz keçə bilmiriksə, onlar necə keçəcək?
Bu həyətdə yaşamasanız  problemi başa düşməyəcəksiniz. Şlaqbaumun quraşdırılması isə məcburi hal  idi. Problemin mahiyyətinə varmadan şlaqbaumu qırmaq olmaz. Şlaqbaumu qırmaqla həyətin problemi həll olmur. Şlaqbaum həyət sakinlərini qoruyurdu, onun qırılması bizim üçün ölümdür. Hər halda insanlar yaxşı gündən şlaqbauma pul yığmırlar. Hər şlaqbaumu da qırmaq olmaz! 
Pandemiyadan qabaq həyətin yaşlı nəsil nümayəndələri Arif Qaraşovun yanına gedib ondan məktəb tərəfdən şlaqbaumun qoyulmasını xahış etmişdi, biz də oz tərəfimizdən şlaqbaumun qoyulmasını öz boynumuza göturdük. Lakin vaxt gedirdi, ancaq dediyinə əməl etmirdi, həyətdəki vəziyyət isə  getdikcə pisləşırdi. Sakinlər 2019-cu ildə Yasamal rayon  icra hakimiyyətinə məktubla müraciət etdilər və problemi həll etmək əvəzinə tövsiyə olundu ki,  DYP-yə müraciət edək. Və geyri -rəsmi olaraq bildirildi ki, Arif Qaraşov imkan verməyəcək orada şlaqbaum quraşdırasınız.
Vaxt gedirdi, həyətdəki vəziyyət daha da çətinləşirdi, valıdeynlərin sakinlərə qarşı hörmətsiz münasibəti sakinləri cana yığmışdı. Sakinlər öz təhlükəsizliyini və sakitliyini təmin etməkdən ötrü, BNA-nın icazəsi əsasında  öz təşəbbüsləri ilə vəsait toplayıb şlaqbaum quraşdırdılar. Lakin məktəb rəhbərliyinin şıkayəti nəticəsində heç 1 ay keçmədən şlaqbaqum sökdürüldü və yenə məktəbin maşınları həyətin ərazisindən keçməyə başladılar. Maşınlar, hətta blokların qabağı ilə, sakinlərin həyatına təhlükə yaradaraq sürürlər. Bloklardan uşaqlar çıxa bilərlər və bu çox təhlükəlidir. Şənbə-bazar günləri isə kənar maşınların yüksək sürətlə keçmələri  müşahidə olunur. Həyəti məktəbin maşınları trasa çeviriblər. 
Bu artıq illərdir davam edir. Sakinlərin səbri tükənib. Problemin tezliklə həll olunması üçün bütün zəruri tədbirlər görülməsə, çox ciddi fəsadlar yarana bilər.
Bir də  Yasamal İcra hakimiyyətinin ünvanladığı məktubda istinad olunur ki, güya həyət sakinlərinin içində narazı olanlar var. Narazı olanlar başqa bina sakinləridir, hansılar ki, bizim həyətdə maşınlarını saxlayırdılar. Problemi  həll etməkdənsə müxtəlif bahanələr gətirilir.
Bizim binalar "Memarlar" və "Rəssamlar" binası adlanır. 1958 -1959-cu illərdə  inşa edilib, binanın ərazısı dövlət tərəfindən bina sakinlərinin istifadəsinə verilib. Beləliklə, şlaqbaumun quraşdırılması həyət sakinlərinin istifadəsində olan torpaq sahəsində quraşdırılıb, bu halda bu bina sakinlərinin xüsusi mülkiyyətidir,  sakinlər öz vəsaitləri hesabına həyəti təmir edirlər,belə olduğu halda, sakinlərin ixtiyarındadır kimi həyətə buraxmaq, kimə isə məhdudiyyət qoymaq.  
Problem ondadır ki, Arif Qaraşovun bizim binanın həyətinə iddiası var, ya uşaq meydançasını ələ keçirmək istəyir, ya maşınlarla  insanlarda qıcıq oyadır. "Ora pul vermişəm mənimdir, bura pul vermişəm mənimdir.". Danışmışdıq yol açılandan sonra bir -birimizə maneçilik törətməyək. Ancaq yenə maşınları həyətdən keçir, köməkçi yoldan istifadə olunmur. Özlərinə necə sərf edir, elə də edirlər. Məktəbin statusundan sui-istiFadə edib bu ərazıdə heqemonluq, hökmranlıq edir. Özünü elə göstərir güya sakinlərin xeyrinə çalışır. Sakinlərin tənqidinə etinasızlıq göstərir, suallarımız cavabsız qoyulur, eşidimir. Öz hərəkətlərində çox rahat və arxayındırlar. İndiyə  kimi məktəb boynuna almır şlaqbaumun onların şıkayəti əsasında sökürüldüyünü. 2001-ci ildən ancaq həyətin sahəsi  istismar edilir. 
Hansı fövqəladə haldan danışılır? Arif Qaraşovun bu həyətə düşməyi elə fövqəladə haldır. Ancaq bizim əsəbimiz, sağlamlığımız hesabına pullar qazanılır. Bu məktəbin naliyyətlərindən çox baş ağrısı var. Hanı bu məktəbin 700 demirik, 600 bal yığan şagirdləri?  Məktəbin rəhbərliyi üçün məktəb "obyektdir". Təfəkkür - budur!  Bu düşüncədə olan insanlar nə tərbiyə verəcəklər?
Biz bir də vurğulayırıq. Bu "pristroyka" tikilən zaman nə Bakı, nə Yasamal İcra hakimiyyəti tərəfindən, nə tikinti şirkəti tərəfindən xəbərdarlıq olunmayıb, sakinlərin rəyi nəzərə alınmayıb. Əksinə, sakinlər bacardıqları müqaviməti onlara göstəriblər. Buna baxmayaraq bir gecə ərzində ağaclar məhv olub və bina tikilib. Və üstəlik binanın tikintisi zamanı ciddi pozuntulara yol verilib. Bir də vurğulayırıq, məktəb binasının qanuni tikili olmasına şübhəmiz var.
Məktəb binasının öz infrastrukturu olmalıdır, harda oldu məktəb tikmək olmaz! Harda görsənib həyətin içində məktəb tikilsin? Yasamal İcra başçıları necə onda görmürdülər, eləcə də indi həyətdəki vəziyyəti görmürlər. Eləcə də DYP. Şəhərin mərkəzində, burunlarının qabağında olanları görmürlər, ya görmək istəmirlər? DYP gündə necə dəfə keçir N. Nərimanov və İnşaatçılar pr. görmürlər? Siz də görmürsünüz? O məmurları iş başına təyin ediblər Qaraşov kimilərə himayədarlıq etməyə, ya sadə Azərbaycan vətəndaşının yanında olmağa? Bunlarla bir həyətdə qonşuluq etmək mümkün deyil! Münaqişəlidirlər. Bir dövlət qurumu problemin həll yolunu göstərmir. 
Bu məktəb tək bizim üçün yox, bütün ətraf binalar üçün baş ağrısıdır. "Rəssamlar binası" yorulub məktəblə mübarızə aparnaqdan. Onların həyətlərinin bir tərəfi bağlıdır, məktəbin maşınları dönməyə keçəndə tıxac yaranır. Valıdeynlər tərəfindən şlaqbaumları necə dəfə qırılıb. Şlaqbaum bizim həyətləri qoruyur, bizim sakitliyimiz, dincliyimiz deməkdir. 
Biz şlaqbaumun bərpasını tələb edirik. Şlaqbaumlar bütün sivil ölkələrdə tətbiq olunur. 
Kim imza atıbsa bu binanın tikilməsinə, indi məktəbi ayırsın həyətdən, ya yer verin bunlara başqa yerdə məktəb tiksinlər. Bizim Konstitusiya haqqlarımız pozulur, bu nə münasibətdir? Bizim maneəsiz, təhlükəsiz  öz "dranka" evlərimizə keçməyə haqqımız var, bunu bizə heç kəs qadağa edə bilməz! Bizim binalarda dövlət və xalq qarşısında xidmətləri olan insanlar yaşayır. Budur, onlara qoyduğunuz hörmət?  Necə məktub yazılmalıdır ki, siz bizim problemimiz ilə maraqlanasınız? 
Hazırda ən əsası bizim Konstitusiya hüquqlarımız pozulmuşdur. Yəni özbaşınalıq görün hansı həddə çatmışdır ki, sakinlərin yığdığı pul ilə tikilmiş şlaqbaum sabiq məmurun göstərişi ilə sökülür. Ümid edirik ki, biz sakinlərin pozulmuş hüquqları bərpa olunacaq və sakinlərin ümumi mülkiyyətində olan həyətyanı sahələr Nərimanov prospekti  və İnşaatçılar prospekti ilə hərəkət edən avtomobillərin daxil olmasının qarşısı alınacaqdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0-ci maddəsinə əsasən, Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:
354.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına;
354.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına görə fiziki şəxslər, vəzifəli şəxslər, hüquqi şəxslər maddi məsuliyyət daşıyırlar.

Odur ki, yuxarıda göstərilənlərə əsasən,
XAHİŞ EDİRİK:
Bakı şəhəri, Nərimanov prospekti 201, 203-cü və İnşaatçılar pr.28 ünvanlarında həyətyanı sahədə şlaqbaum bərpa edilsin və ya Nərimanov prospekti ilə hərəkət edən avtomobillərin binanın həyətyanı sahəsinə daxil olaraq sıxlıq, hərəkət məhdudiyyəti yaratmasının qarşısı alınsın.. 
  
Sakinlər  adından  Mehriban  Şirinova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31