2018-ci ildən ölkədə yeni sosial paketlərin tətbiqinə başlanılıb

"Bu gün Azərbaycan iqtisadi cəhətdən nəinki regionda, hətta dünyada sürətlə inkişaf etməkdə olan nadir ölkələrdəndir. Bu inkişafın təşəkkül tapmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin böyük rolu var. İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsindən bizi 4 illik bir zaman ayırır. Prezident İlham Əliyev 18 aprel 2018-ci ildə keçirilən andiçmə mərasimində çıxışı zamanı növbəti illərdə görüləcək işlər haqqında çox aydın təsəvvürü, planları, proqramları olduğunu bəyan etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, 2018-ci ildən ötən 4 il ərzində qarşıya qoyulan məsələlərin əksər hissəsi demək olar ki, həyata keçirilib. Bu illərdə Azərbaycan tarixinə xüsusi dövr kimi daxil olub, yeni sosial paketlərin tətbiqinə başlanılıb, minimum əməkhaqqı 2,3 dəfə artırılıb və 300 manata çatdırılıb. Bu müddətdə minimum pensiya məbləği 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatıb. Təbii ki, bu islahatlar əvvəlki illərdə həyata keçirilən iqtisadi siyasətin nəticəsində mümkün oldu. Azərbaycan pandemiyadan sonra iqtisadi artımı bərpa edib və 2021-ci ili yüksək iqtisadi inkişaf göstəriciləri ilə başa vurub. 2021-ci ildə Azərbaycan iqtisadiyyatı isə 5,6 faiz artmaqla son səkkiz ildə ən yüksək artım tempi göstərib: "İqtisadiyyatda bərpa proseslərinin sürətlənməsi, postpandemiya dövrünə keçid və hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar müsbət iqtisadi dinamikanı təmin edib. Ötən il iqtisadi artım 5 faizdən çox olub, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz, sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu inkişaf göstəriciləri post-pandemiya dövründə ümümdünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Beləliklə, 2021-ci ildə ölkəmizdə 92,8 milyard manatlıq, yəni əvvəlki illə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Yəni, Azərbaycan iqtisadiyyatı artıq gerilmə frazasından yeni inkişaf fazasına daxil olub.

Vətən müharibəsində Zəfərdən sonra ölkəmizdə bütün sahələrdə uğurlu addımlar nəzərə çarpmaqdadır. Xüsusilə də ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi kimi Azərbaycan post-müharibə və post-pandemiya mərhələsində qarşıya qoyulmuş hədəflərə doğru ən qəti inkişaf senariləri üzrə irəliləyir. Ötən il qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İxrac idxalı təxminən 80 faiz üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. Bu isə tədiyyə balansının cari vəziyyətini gücləndirir, valyuta və makroiqtisadi sabitlik bazasının möhkəmləndirir. Ölkəmizin valyuta ehtiyatları da əhəmiyyətli dərəcədə artıb. Son bir ildə strateji valyuta rezervlərimiz 2,5 milyard dollar artaraq 53 milyard dollara çatıb. Bu, güclü iqtisadi sabitlik təminatıdır və həmçinin möhkəm təhlükəsizlik yastığı deməkdir. Bütün bunların fonunda həm də onu demək mümkündür ki, iqtisadi artım, qeyri-neft ixracının son 30 ildə ən yükəsk səviyyəyə çatması və idxalı 5 dəfə üstələyən strateji valyuta ehtiyatlarının formalaşması Azərbaycanın güclü iqtisadi mövqeyini və milli valyutamızın dayanıqlı sabitliyini möhkəmləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31