Müharibə əlillərinə birdəfəlik ödəmə verilməsinə hazırlıq işləri aparılır-Nazir müavini
11 Aprel 2022 14:24 SosialPrezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar nəticəsində ötən 4 ildə respublikamızın sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib. "Olaylar" xəbə verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar" mövzusunda keçirilən mətbuat konfransında deyib. Nazir müavini şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının siyasətinin ana xəttini təşkil etdiyini vurğulayıb. Bildirib ki, 19 aprel 2018-ci il tarixli Fərmanla şəhid ailələri daha bir sosial dəstək proqramı ilə əhatə olundu: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı uğurla icra edildi.
Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olundu: "Müharibə veteranı" adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub.