Qırılıb düşən “ölüm maşınları”- Bakının  lift  dərdi

Çoxmərtəbəli binalarda quraşdırılan lift insanların mənzil başına tez və rahat çatmasına xidmət edir. Bu səbəbdən  liftdə təhlükəsizlik qaydalarına hər kəs riayət etməlidir. Çox gözəl bilirik ki, lift deyilən zaman insanların ağlına gələn ilk düşüncə daşıma funksiyası, içərisində qalma və ya baş verə biləcək hər hansı qəza qorxusudur. Dünyanın ən yeni texnologiyaya cavab verən liftlərində belə orada qala bilmə faizi və ya başımıza hər hansı qəza hadisəsi gəlmə ehtimalı mövcuddur. Bəs belə hallarda nə etmək lazımdır?

Zaman-zaman lift qəzaları barədə xəbərlərə rast gəlirik. Odur ki, liftə minərkən qəza baş verəcəyi təqdirdə nə edəcəyimizi bilmək həyati baxımdan vacibdir. Çünki bu qəzalardan heç kim sığortalanmayıb.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev   Olaylar.az-a bildirib ki, liftlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək lazımdır:

"Liftlər təhlükə potensiallı obyektlər siyahısındadır. Ona görə liftlərdən istifadə zamanı mütləq şəkildə təhlükəsizlik qaydalarına ciddi olaraq əməl edilməlidir. Stasionar şəkildə quraşdırılan və səyyar yükqaldırma mexanizmləri olan eskalatorlar, funklyorlar, kanat yolları, liftlər təhlükə potensiallı obyektlərdir. Bütün ərazilərdə, istər ticarət mərkəzi, obyektlər, fərdi, çoxmənzilli yaşayış binaları, biznes mərkəzləri olsun, liftlərin istismarı zamanı belə deyək, təhlükəsiz istifadəsi üçün zəruri olan bütün texniki təhlükəsizlik üzrə dövlət standartları, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ekoloji, sanitar-epidomoloji hallarda müdafiə normalarına uyğun olmalıdır. Baş verə biləcək qəzaların qarşısının alınması üçün lift şaxtalarının tikintisi, onun konservasiyası, quraşdırılması zamanı dövlət standartlarına, digər texniki normativ təhlükəsizlik standartlarına cavab verən sertifikatlaşdırılmış materiallardan istifadə olunmalıdır. Bütün liftlər müntəzəm olaraq yoxlanmalıdır. İstismar müddəti bitmiş, mexanizmləri, avadanlıqları (troslar, relslər, əlcək, əyləc sistemi, digər elektrik mühərrik sistemləri) vaxtında dəyişilməlidir. Əgər liftlərin istismar müddəti bitibsə, mütləq onun istismar müddəti bitən ehtiyat hissələri vaxtında aradan qaldırılmalıdır ki, liftlər daim saz vəziyyətdə olsun. Ancaq ümumiyyətlə liftlərin istismarı ilə bağlı hansı liftlər qurumun balansındadırsa, məsələn, köhnə tikililərdə istər mənzil korporativlərinin balansında olan, istər mənzil kommunal təsərrüfatı birliyinin, ya bələdiyyələrin, icra orqanlarının balansında olan liftlər hansı qurumun balansındadırsa, onlar liftlərin təhlükəsiz istismarını həyata keçirirlər və mütəmadi olaraq yoxlamaların aparılması, nasazlıqların aradan qaldırılması üçün həmin qurumlar məsuliyyət daşıyır. Digəri isə mənzil korporativləri, tikili binalar, ticarət mərkəzləri, digər sahibkarlıq subyektləridir, məsələn, restoranlar, əyləncə mərkəzləri və s. quraşdırılan liftlərə də həmin obyekti işlədən şəxslər, obyektin icarədarları, rəhbərliyi liftlərin təhlükəsiz istismarını həyata keçirirlər. Yəni, buna onlar məsuliyyət daşıyırlar, liftin təhlükəsiz istismarına mütləq cavabdeh şəxs olur və həmin şəxsin özünün məsuliyyəti, vəzifə öhdəlikləri olur ki, liftin təhlükəsiz istismarını təmin etsin. Nasazlıq baş verərsə, aradan qaldırılması, dəyişilməli olan detalların vaxtında dəyişilməsi, insanların rahat, təhlükəsiz formada liftdən istifadəsini həyata keçirməsini təmin edir.

Ümumilikdə insanların da liftdə riayət etməli olduğu təhlükəsizlik qaydaları var ki, insanlar o qaydalara mütləq riayət etməlidirlər. Harda olmasından asılı olmayaraq, insanlar ilk növbədə açıq-aşkar nasazlığı olan liftlərdən istifadə etməsinlər. Yanğın zamanı istər çoxmənzilli yaşayış binasında, istər biznes və ticarət mərkəzlərində liftdən istifadə etmək yolverilməz. Liftə minərkən mütləq yalnız qalxıb-düşəcəyi mərtəbənin düyməsini basmaq lazımdır. Yəni, digər düymələri basmaq, bir neçə anda eyni düyməni basmaq, lüzumsuz hərəkətlər etmək, tavana, divarlara, içəridən liftin qapılarına toxunmaq, qapılara söykənmək, aralamaq yolverilməzdir. Azyaşlı uşaqla liftə daxil olduqda birinci böyüklər, sonra uşaqlar daxil olmalıdır. Bu ev heyvanlarına da aiddir. Liftdə yalnız onun texniki göstəricilərinin imkan verdiyi yük tutumu qədər yüklərin qaldırılması və göstərilən insan sayı qədər şəxslərin liftə minməsinə diqqət etmək lazımdır. Bunlar bütün insanların əməl etməli olduqları təhlükəsizlik qaydalarıdır.

Liftdən istifadə edərkən hər hansı bir nasazlıq yaranarsa, lift mərtəbə arasında dayanarsa və ya qəza baş verərsə insanların riayət etməli olduğu təhlükəsizlik qaydaları var ki, birinci növbədə liftdə hərəkət dayanarsa, içəridə qalan şəxs panikaya düşməməli, səbrli, təmkinli olmalıdır. Əgər liftdə işıqlar sönübsə, qapıya sərt formada yox, normal şəkildə vurmaqla kömək çağırıla bilər. İçəridə isə heç yerə toxunmaq olmaz".

Köhnə binaların liftlərinə onsuz da qorxa-qorxa minən paytaxt sakinlər lifitin qırılıb düşməsi ilə bağlı yayılan xəbərlərdən sonra daha da təlaşa düşürlər.

2 gün əvvəl Bakının Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Bu cür hadisələr zamanı məsuliyyət kimin üzərindədir?

Ekspertin sözlərinə görə belə hadisələrdə məsuliyyəti liftin quraşdırıldığı obyektin məsul şəxsi daşıyır:

"Lift hansı obyektdə quraşdırılıbsa, o obyekti işlədən şəxslər, binadırsa, bina kimin balansındadırsa, restoran, kafe fərq etmir, məsul şəxs liftin təhlükəsiz istismarına görə məsuliyyət daşıyır. Liftdə qəza baş verərsə, məsuliyyətini servis və ya onun layihələndirilməsini həyata keçirən texniki servisini göstərən hansısa bir müəssisə daşıyır. Əgər qəza zamanı yaralanan və ya həyatını itirən varsa, məsul şəxs cinayət məsuliyyətinə cəlb olunur".

Mövzunu  davam  etdirəcəyik.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31