Gecə klubunda ölmək: günahdır, yoxsa?..
7 Aprel 2022 13:06 SosialBir neçə gün öncə Bakıda gecə klubunda baş verən dəhşətli partlayış cəmiyyətimizdə birmənalı qarşılanmadı. Hadisənin başvermə səbəbi bir cür suallar doğurdu, zərərçəkənlər başqa cür qınandı. Və baxışlar da, münasibət də fərqli oldu. Bu baxışlarda isə daha çox hiddət və təhqir duyuldu. Bəs ziyalılarımız nə fikirləşirlər?
Məsələnin bu qədər ictimai qınaqla üzləşməsinin hüquqi və dini tərəfləri nədir?
Əməkdar jurnalist Qulu Məhərrəmli:

"Mən hesab edirəm ki, o insanlara, yaralananlara, həlak olanlara qarşı bu cür aqressiya yolverilməzdir. Gecə klubuna getmək heç də əxlaqsızlıq anlamına gəlmir. Qısa ətək geyinmək, saçını hansısa formada düzəltmək "əyri yola getmək" anlamına gəlmir. Ona görə mən bu aqressiyanı qəbul etmirəm. Hər kəsin öz düşüncəsi, həyat tərzi və yanaşması var. Ola bilər ki, insanlar orucluq vaxtı ora gedir, əylənirlər, ünsiyyət qururlar. Lakin hər kəsin öz inamı, imanı, yanaşması var. Bu səbəbdən də biz belə mövzulara daha anlayışlı, tolerant yanaşmalıyıq. Heç kəsi ittiham etmək doğru deyil. Bəlkə də, həmin adamların arasında yüngül həyat tərzinə alışmış, geniş kütlənin düşündüyü mənada pis adamlar var. Amma çoxluğa bu qəzəbi ünvanlamaq doğru sayılmır. Biz insanlara, xüsusən də həlak olanlara, yaralananlara hörmətlə yanaşmalıyıq".
Jurnalist Jalə Mütəllimova:

"Çox vaxt belə məsələləri dinə, Ramazan ayına bağlayırlar. Ümumiyyətlə, Azərbaycanda gecə klublarına əxlaqsızlıq yuvası kimi yanaşmaq və bu cür də istifadəyə verməyin özü yanlış yanaşmadır. Bu mənim birinci mövqeyimdir. Yəni gecə klubları dünyanın hər yerində təkcə əxlaqsızlıq yuvası, narkotiklərin satış yerləri kimi deyil. Elə gecə klubları var ki, insanlar orada öz həyat yoldaşı, bacı-qardaşi ilə gəlib ailəvi dincəlir, stress atırlar. Bu məsələlərin dinə, imana, Allaha heç bir bağlılığı yoxdur. Sadəcə təhlükəsizlik qaydalarına riayət etmək lazım idi. Görünür, bəzi adamlar öz canlarını belə, düşünmürlər. Əslində düşünməlidirlər. Zaman-zaman maliyyə durumları həll olunmalıydı ki, insanlar bu vəziyyətə düşməsinlər. Ümumiyyətlə, bizim millətdə hər şeyi bəzəkli-düzəkli göstərib, bir az özünə qapanma, olduğunu danma sindromu var. Əminəm ki, 90% bunu yazan insanların hamısı elə diskotekada da , barda da, gecə klubunda da olublar. Hətta bəlkə, kənar işlərlə də məşğul olanlar var. Bu natamamlıq sindromundan azad olmaq lazımdır. Bundan azad olmayınca, biz hər şeyə "yaxşı olub", "cəhənnəmə olub" deyəcəyik . Başqa yanaşmamız olmayacaq. Siz sadaladığınız yanaşmaların heç birinin olmamasının səbəbi budur. Hər şeydən əvvəl ortaya insan faktoru qoyulmalıdır. Bizdə isə bu faktor hər şeydən axırda gəlir. Nə qədər ki, yanaşma belə olacaq, gecə klubunda olanlara də, küçədə baş verən hadisəyə də, kiminsə övladının narkotik vasitələrə qurşanmasına, pis yola düşməsinə də reaksiyamız bu cür olacaq. Əgər orada narkotik satılırsa, əyyaşlıqla məşğul olunursa, bu, artıq nəticədir. Biz insanları bu nəticələrə gətirən səbəbləri araşdırmalı və o səbəbləri aradan qaldırmalıyıq. Nə qədər ki, səbəblərimiz tapılmayıb, bizdə vəziyyət bundan da pis olacaq. Mən bunu pessimistcəsinə yox, gələcəyi duyan, hiss edən optimist bir yanaşma ilə deyirəm".
Məsələnin hüquqi tərəfinə gəlincə, vəkil Elcan Həsənli bildirib ki, bu hadisədən sonra 3 şəxs cinayət məsuliyyətinə cəlb olunub, 2 maddə üzrə cinayət işi açılıb (314.2, 225.2):

"Yanğın təhlükəsizlik qaydalarının pozulması ilə bağlı onu qeyd etmək lazımdır ki, yanğın təhlükəsizlik qaydalarının 4.8-ci maddəsinə uyğun olaraq, ümumiyyətlə müəssisələrdə, binalarda qazla dolu balonların saxlanılması qadağandır. Bu qayda həmin müəssisə tərəfindən ciddi şəkildə pozulub
Yəni 225.2-ci maddə ilə bağlı cinayət işinin açılması tam doğrudur. Burada administirator işləyən Rəsul Rəsulova qarşı cinayət işi başlanılıb. Prokrorluq tərəfindən müəyyən olunacaq ki, həmin məkanda yanğın təhlükəsizliyinə nəzarət kimin öhdəsində olub. Daha sonra həmin şəxsə qarsı bu maddə ilə cinayət işi açılacaq və o, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunacaq.
Digər 2 maddə səhlənkarlıqla bağlıdır: vəzifəli şəxsin işə vicdansız və laqeyd yanaşması, öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, insanların qanuni maraqlarına, eləcə də dövlətin və cəmiyyətin maraqlarına zidd hərəkət etməsi.
Bu maddə ilə cinayət işi cox vaxt müəssisənin direktoru barəsində başladılır.
Sözügedən hadisədə müəssisənin meneceri də təqsirkardır. Hesab edirəm ki, həmin şəxsə qarşı cinayət məcəlləsinin açılması düzgündür.
Ruslan Məmmədovla bağlı bağlı cinayət işi açılmalı idi, çunki həmin obyekt qaz istifadəçisi deyil və bununla bağlı hər hansı nəzarət mexanizmi olmalı idi. Görünür ki, həmin müəssisədə bu yoxlanış olmayıb. Məhz buna görə həmin şəxs cinayət məsuliyyəti dasıyır. Hazırda prokrorluq tərəfindən istintaq aparılır. Buradakı ən əsas məsələ odur ki, müəssisə tərəfindən Yanğın Təhlükəsizlik Qaydaları pozulduğu üçün faciə baş verib".
İlahiyyatçı Elşad Miri:

"Müəyyən günlərdə baş verən bədbəxt hadisələr adətən "Allahın qəzəbi" kimi qiymətləndirilir. Unutmaq olmaz ki, kimin necə və hansı formada öləcəyini heç kim bilə bilməz. Bu cür iddia sahiblərinin ölüm anına kimi eyni düşüncədə qalacağına da zəmanət yoxdur. Bu hadisəni Allahın qəzəbi kimi təqdim edənlərə məlumat üçün qeyd edim ki, Allahın qəzəblə əlaqəli adı və sifəti də yoxdur. Allahı qəzəbləndirənlər Ona ortaq qoşanlar, başqalarına böhtan atanlar, öz fikirlərini Allaha istinad edənlər, Onun mesajlarını dəyişdirib təqdim edənlərdir ("Bəqərə" surəsi, 2/79; "Ali-İmran" surəsi, 3/78). İnsanlar necə əylənəcəklərinə özləri qərar verirlər. Allah insanlara Ona güvənib yaşamaq və ya inkar edib yaşamaq seçimini verib. Yaddan çıxarmayaq ki, günahsız insan yoxdur. Tövbə qapısı da ölüm anına kimi açıqdır"
Mehriban Xəlilli