Partlayışdan geridə qalan "qanun" dağıntısı
7 Aprel 2022 11:30 SosialƏfsanə Kamal
Fikri zəif olanlar oxumasın
"Location" gecə klubundakı partlayışdan sonra ortaya çıxan fikirlər, hadisənin özündən də çox danışıldı. Özü də Orta Şərqdə yox, hər hansı qaçqın düşərgəsində yox, məhz Bakının göbəyində, ən məşhur küçələrindən birində... Kimsə bu əhvalatı mənə danışmış olsaydı, gülərdim. Bu necə mümkündür ? Avropanı qazla təmin edən Odlar Yurdunun mərkəzi küçəsinə qaz xətti çəkilməyib? Yox, bu,ola bilməz.
Hətta hadisədə insan təlafatı belə var, vəziyyəti ağır olanlar da.
Ancaq məsuliyyət daşıyan şəxslərə demək lazımdır ki, "daldan atılan daş topuğa dəyir". Hər zaman məni düşündürən suallardan biri budur ki, nəyə görə Azərbaycanda hadisə baş verdikdən sonra tədbirlər görülməyə başlayır?
Sualımın cavabı yəqin ki, bir çoxlarına məlumdur. Rüşvət!
Bəs bu təlafat? Cavabdeh kimdir?
Bizim üçün önəmlisi cavabdeh olan qurumlar və həmin qurumlarda bu iş üçün məsuliyyəti daşıyan şəxslərin cəzalandırılmasıdır. Hadisə zamanı məkan kimin icarəsində olub, orada kimlər olub bu, ikinci plana atılacaq problemdir.
Digər insanların da olduğu məkanlarda buna oxşar hadisənin baş verməyəcəyinə dair kim bizə zəmanət verə bilər? Deməli, getdiyimiz hər məkanda bizim də həyatımız qismən təhlükə altındadır. Nə üçün mətbəxdə qaz xəttindən yox, qaz balonundan istifadəyə zərurət yaranmışdı? Bu sualın cavabı araşdırmalardan sonra məlum olacaq olsa da, heç bir halda cəzadan yayındıra bilməyəcək.
Dünya üzərində sosial media, ictimai qınaq bu cür hadisələrə çox böyük töhfələr verir. Azərbaycanlı sosial media istifadəçiləri əlinə qılınc alıb, hazırda gözləyən ordu kimidir. Hər kəsin əlində eyni qılınc və daim hücum. İnsanların əksər hallarda dediyi sözlər Ramazan ayının vurğulanmasından və orada əylənən insanları əxlaqsız adlandırmaqdan ibarətdir. İctimai qınaq o halda hansısa problemi həll edir ki, düzgün istiqamətə yönəlmiş olsun. Qarğış etmək, qınamaq nə zamandan bəri çıxış yolu olub? Axı, problem bu deyil. Axı, Bakının mərkəzində bu cür hadisə baş verirsə, problem çox böyükdür. Demək olar ki, heç kim hadisənin niyə baş verməsi ilə maraqlanmır. Çoxları hətta bunu Allahın verdiyi dərs adlandırır. Bəli, bu da 21-ci əsrin Azərbaycan xalqı haqqında reallığıdır.
Mənim isə tənqid edəcəyim başqa şeylər də var. Yaralılar siyahısında gözümə 2009-cu il təvəllüdlü uşaq sataşdı. Aha, bu uşaq doğrudan, orada olmamalı idi. Səbəbi nə olursa olsun. İndi təsəvvür edin, 13 yaşlı yeniyetmə hadisə yerində həyatını itirmiş olsaydı, necə olacaqdı? Xəbər saytları, əcnəbi media haqqımızda nələr yazacaqdı?. "Azərbaycanda gecə klubunda baş verən hadisədə 13 yaşlı yeniyetmə həyatını itirib" kimi başlıqlar manşetləri bəzəyəcək, yenə bir nəticə olmayacaqdı. Çünki, əsas problem yeniyetmənin yaralı və ya həyatını itirmiş olması yox, nəyə görə o məkanda olması idi. Müharibə dönəmində yeniyetmələri, uşaqları cəbhəyə göndərir, ölümün qucağına atır deyə çox gülmüşdük düşmənə. Yeniyetmə hansı əsasla məkana buraxılıb, məlum deyil. Partlayış baş verməsə idi, bundan bixəbər olacaqdıq. Və bixəbər olduğumuz minlərlə qanunsuz hərəkətin üzərinin açılması hələki mümkün görünmür. Nəticə olaraq, mənim, bizim, hətta yeniyetmələrin belə qanunsuzluğa qurban getməsi reallığı uzaq görünmür. Əsrlər sonra özünü xarici siyasət baxımından ən sabit dönəmini yaşayan Azərbaycanda, daxili sabitliyin də daimi olması üçün məsuliyyət daşıyan hər kəs qanun qarşısında cavab verməlidir. İnsanların həyatının və psixoloji sağlamlığının əllərində OYUNCAQ olmadığını anlamalıdırlar.