ŞƏHİD QANINDAN İÇİB ÇİÇƏKLƏYƏN AĞACLAR

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti 

Müharibə atəşi 30 ildir yaxıb, yandırdı yurdumuzu, anaları balasız, ataları oğulsuz, körpələri atasız, ölkəmizi yurd­suz-yuvasız, viranə qoydu. Ailələr minbir əziy­yətlə, arzuyla övlad böyüdüb, ev-eşik edərkən, çağırılmamış qonaq kimi dayandı qapıda, söndürdü ocaqları müharibə. Çiçəyi burnunda körpələr do­yun­ca vətən çörəyi yemədən düşmən qurşunu yedi. Qanlarından içib çiçəklədi ağaclarımız, yaşardı torpağımız. Həyatlarının baharında soldular.
İbrahimov Bəhram Sakit oğlu 1999-cu il mayın 5-də Ərəbbəsrə kəndində doğulmuşdu.

Ana qoynunda böyümüş mələk, gənclik arzuları ilə atəşlənirkən, düşmən atəşinin qurbanı olan körpə. Bəhram Şəhid İsa Məmmədov adına Ərəbbəsrə kənd orta məktəbini bitirib, əsgəri xidmətini 2019-cu ildə Beyləqanda keç­mişdi. Hərb sənətinə çox həvəsliymiş. Əsgərlikdən sonra müddətdən artıq  həqiqi  hərbi xidmət qul­luqçusu kimi hərbi xidmətə davam etmək üçün sənəd­lərini də hazırlayıbmış. Bir qalıbmış tibbi komissiyadan keçmək. Bu ərəfədə müharibə başlayır, vətən övlad­ları səfərbərlik üçün hərbi komissarlıqların qarşısına axışır. Bəhram da elə ilk gündən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə gəlib könüllü olaraq müharibəyə getmək istədiyini bildirir və ertəsi gün qısa müddətli təlimlərə cəlb olunur. Lakin müharibə elə ilk gündən ildırım sürətilə ölkəmizin düşmənlə olan bütün cəbhə boyun­da alovlanır. Bəhram da döyüşə gedəcəkdi, ailəsi ilə vi­da­laşmağa gələndə qol açıb oynayır, ata-anasına ürək-dirək verir ki, məndən narahat olmayın, vətənimi qorumağa gedirəm.
Sentyabrın 29-da Bəhramın daxil olduğu tağım Tərtər-Ağdərə istiqamətində döyüşə girir. Hərbi təcrü­bəsi çox olmasa da, Bəhram döyüşlərdə təcrübəli əsgər kimi qəhrəmanlıqla döyüşür, dostlarına gözəl əhval-ruhiyyə, döyüş həvəsi bəxş edirmiş. İmkan ol­duqca da ailəsilə danışır, hər şeyin əla olacağını, düş­mənə qan uddurduqlarını, qələbə bizim olacağını de­yir­miş. Sonuncu dəfə oktyabrın 4-də səhər saat 9:40-da ata­silə danışıb. Yenə də ümid dolu, qələbə havalı danışıb. Deyib ki, ata, az qaldı, qələbə çalacağıq. Mən də müharibədən sonra orduda qalıb işləyəcəm. Atası da xeyir-dua verib, inşallah, oğlum, qələbə çalaq, sağ-salamat gəl, nə istərsən, harda istəyərsən orda işləyər­sən- deyib. Ancaq atasına haqqını halal elə, özünüzə yaxşı baxın, deməyi də unutmayıb.
O gündən sonra bir xeyli Bəhramdan xəbər gəlmir. 10-15 gün gözləyirlər, yenə xəbər çıxmayınca ürəyinə kor atəş saplanmış ata-ana bütün cəbhə boyu döyüş nöqtələrinə gedib oğullarını axtarır. Hospital­ları, xəstəxanaları, morqları ələk-vələk edirlər, tapmasalar da, ümidlərini üzmürlər, qayıdacağına inanırlar. Bütün axtarışlar nəticəsiz qalanda Müdafiə Nazirliyinə müraciət edirlər və nazirlik də Bəhramı axtarışa verir. Sonda ata və anadan DNK analizi götü­rülür və bu yolla şəhid olmuş Bəhramı tapırlar. 
2021-ci il yanvarın 12-də Bəhram şəhid kimi Ərəbbəsrə kəndində dəfn olunur. Çiyinlərində daşıdı­ğı övlad dərdi 47 yaşlı atanın qamətini büküb, üzündə cizgi-cizgi qırışlar sıralansa da, qürurludur. Sakit İbra­himov özü də I Qarabağ müharibəsi döyüşçüsü­dür:- Oğlum çox ciyərli uşaq idi, vətənə-yurda bağlı idi. Müharibəyə oynaya-oynaya getdi, deyir. 
Anası Aytəkinin göz yaşları bulaq kimi axır. Analarımızın alın yazısı körpə balalarının qanilə yazılıb millətimizin. Son günəcən ümidini üzməyib­miş balasından. Minbir əziyyətlə, ümidlə böyütmüş­dü. İstədiyini yedirib, geydirə bilməmişdi hələ. Bu kasıb ailə iki övlad böyütmüşdü. Gözlərinin ilk ovu Bəhramdı, balaca Səbuhi bu il onuncu sinfə gedir. Ümidləri bu uşaqla pöhrələnsin, göz yaşları Səbuhinin xoşbəxt günlərində sevinc yaşlarıyla əvəzlənsin.
Bəhram itkin düşəndə Şəhər İcra Hakimiy­yətinin nümayəndələri ilə  mən də getmişdim, dərdlə­rinə şərik olduq, oturub xeyli dərdləşdik. Çox kasıb, darısqal evləri vardı, ata-anası ümidlə gözləyirdi ki, Bəhram dönə­cək, əl-ələ verib, çalışıb özlərinə gözəl ev tikib, güzaranlarını yaxşılaşdıracaqlar. Doğrudan da ən sonda ümid ölürmüş. Bəhramın şəhid nəşi gələn günə qədər ailə ümidini kəsməmişdi. Çox təəssüf ki, indi bu evin qapısını şəhid ailəsi kimi döyməli oldum. Müharibə neçə-neçə evlərə atəş saldı, ürəkləri qarsıb yandırdı. Bəhramın ata-anası kimi. Belə ataları, ana­ları, qadın-uşaqları gördükcə insanın düşmənə nifrəti birə min artır. Qeydlər aparmaq üçün ailə ilə görü­şərkən "YAŞAT" Fondundan razılıq etdilər. Mal-qara saxlayıb güzaranlarını yaxşılaşdırmaq üçün ailəyə yardım edib, hər şəraiti olan tövlə və s. tikilməsinə vəsait ayırıb.
Artıq bir ilə yaxın zamandır yazımı qələmə aldığım. Yenidən İbrəhimovlar ailəsindəyəm. Bu evə gələndə yan­varın 21-ni xatırladım. O gün Ərəbbəsrəyə qara bu­lud, hüzn çökmüşdü, qo­ca­dan-gəncə,qadından-uşa­ğa hər kəs Bəhram adlı oğlunu ağlayırdı. O gün kəndin bütün analarının Bəhramı  ölmüşdü...
Amma sən ölmədin Bəh­ram, zəfərimizin müjdəçisi, 30 ildir öləzimiş ümidimizin işığı oldun, ruhumuzu dirçəltdin. Yurdun hər daşın­da, torpağında çiçək­lədin. Milləti­mizin işğal dər­dini, vətən həsrətini içində qocalt­madın oğul. Ərəbbəsrə camaatı sonsuza qədər kənd məzarlığındakı məkanını minnətlə, sonsuz sevgiylə ziyarət edəcək, əziz xatirəni sonsuzadək anacaqlar.   
Bəhramın valideynləri ilə növbəti görüşüm zamanı ötən bir ildə həyatlarında baş verənlərlə bağlı da maraq­landım. Gözütox, könlütox fədakar in­san­lar ancaq təşək­kür etdilər: "Hər kəsdən diqqət və qay­ğı görürük, sağ ol­sunlar. İribuynuzlu heyvan verilib, "YAŞAT" fondu bir sıra məişət avadanlıqları ilə təmin edib bizi. Əlavə torpaq sahəsi verilməsi də nəzərdə tutulub, dedilər. Şəhidin anası Aytəkin xanım xüsusilə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan dünyalarca razı qaldıqlarını ifadə etdi.
İbrahimov Bəhram Sakit oğlu ölümündən sonra Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təl­tif olunmuşdur. Bəhramın uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!


 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31