17 namizəd icbari təlimə buraxılıb
4 Aprel 2022 11:28 SosialƏdliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub. Nazirlikdən "Olaylar"a bildirilib ki, bölgələrdə yerləşən icra və probasiya, həmçinin qeydiyyat qurumları (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) üzrə test imtahanından uğur qazanmış namizədlərlə müsabiqənin ikinci mərhələsində cari ilin yanvar-mart aylarında fərdi qaydada qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində söhbət aparılıb.
Bu mərhələdə iştirak etmiş 35 namizəddən 17 nəfər nəticələrə görə zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların aprel ayının 6-dan etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib. İcbari təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar. İcbari təlimdə iştirakla bağlı namizədlər Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).