Vərəmlə bağlı beynəlxalq konfrans keçiriləcək
1 Aprel 2022 15:37 SosialAzərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı vətəndaş cəmiyyəti təşkilatı olan "Sağlamlığa Xidmət" İctimai Birliyi Yaponiyanın Fujifilm Şirkətinin və Araş Medikal Kompaninin baş sponsorluğu ilə, Yaponiyanın Azərbaycandakı səfirliyinin və "Stop Vərəm" Tərəfdaşlığının dəstəyi ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Konfrans təşkil edəcək. İctimai Birlikdən "Olaylar"a bildirilib ki, konfrans aprelin 4-də baş tutacaq. Yaponiyanın Azərbaycandakı səfirliyinin açılmasının 30 illiyi ilə əlaqədar elan edilmiş "Azərbaycan-Yaponiya dostluq ili - 2022" çərçivəsində Azərbaycanda silsilə tədbirin məqsədlərindən biri Yaponiya və Azərbaycan arasında vərəm/COVID-19-a cavab tədbirlərinə yönəlmiş əməkdaşlıq müstəvisində, Yaponiyanın ən yeni vərəm diaqnostik texnologiyalarının vasitəsilə əlçatmaz ərazilərdə yaşayan insanlar üçün vərəmin aşkarlanmasını mümkün edən və onların sayəsində əldə olunan nailiyyətləri də işıqlandırmaqdır.
Konfransda vərəmlə mübarizə üzrə yerli və beynəlxalq ekspertlər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, parlamentarilər, nazirliklər və ən yüksək səviyyədə təmsil olunan qurumlar iştirak edəcək. Eyni zamanda, "Stop Vərəm" Tərəfdaşlığının İcraçı Direktoru Luçika Ditiu (https://www.stoptb.org/lucica-ditiu), Türkiyə, Gürcüstan və İsveçrədən dəvət edilmiş aparıcı vərəmlə mübarizə qurumlarının nümayəndələri tədbirdə iştirak edəcək. Ümumdünya Vərəmlə Mübarizə Gününün "Vərəmi son qoymaq üçün sərmayə qoyun!" şüarı altında ölkə liderlərini və biznes nümayəndələrini vərəmə sərmayə qoymağa və 2018-ci ildə baş tutan BMT-in vərəmlə bağlı yüksək səviyyəli görüşündə verilən vədlərə əməl etməyə çağırırıq.