Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr Azərbaycan təhsilini dünya standartları səviyyəsinə qaldırıb

İSTİQAMƏT-Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Anar Salehoğlu: "Təhsil sahəsində Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək vacibdir"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədr müavini Anar Salehoğlunun "OLAYLAR"-a müsahibəsi

-Anar müəllim, Azərbaycan dövlətinin həyata keçirdiyi elm və təhsil siyasəti, eləcə də  elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının işlənib hazırlanması ölkənin təhsil sisteminin inkişafına nə dərəcədə müsbət təsir göstərir?

-Azərbaycanda 1969-cu ilə qədər milli təhsil konsepsiyası mövcud olmamışdır. Həmin ildə Heydər Əliyevin Azərbaycan KP MK birinci katibi seçilməsi ilə Azərbaycan SSR-in tarixində islahatlar dövrünün əsası qoyulur. Bu islahatların arasında təhsil sahəsi geniş yer alır. Məhz milli təhsil konsepsiyasının əsası bu dövrdə qoyulur. Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan ölkəyə çevrilir. Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illərdə milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına xüsusi diqqət yetirib. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bəhs etdiyimiz milli təhsil konsepsiyası tam formalaşdırıldı və möhkəmləndirildi. 1993-cü ildən başlayaraq "Təhsil millətin gələcəyidir" deyən Ulu öndər Heydər Əliyevin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı.  "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 4 oktyabr 2002-ci il tarixli sərəncamı və həmin sərəncamla hazırlanmış xüsusi proqram sayəsində Azərbaycanda dünya standartlarına uyğun müasir tipli məktəb binaları tikilməyə başlandı. "Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir" - deyən ümummilli lider Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən bir sıra sənədlər imzaladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti, milli təhsil konsepsiyası onun siyasi varisi, cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev siyasi hakimiyyətə gəldiyi gündən etibarən təhsilin, elmin inkişafına yüksək diqqət və qayğı ilə yanaşmışdır. Heydər Əliyevin siyasi irsini rəhbər tutan prezident İlham Əliyev bütün sahələrdə yeniləşmələrin aparılmasına, maddi-texniki bazanın dünya standartlarına uyğunlaşdırılmasına dair mühüm qərarlar qəbul etmişdir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir. Bundan başqa prezident İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra onun təşəbbüsü ilə Azərbaycanda bir çox yeni ali təhsil müəssisələri də fəaliyyətə başlamışdır. Burada əsas məqsəd ölkədə yüksək ixtisaslı kadrların yetişdirilməsi və ölkə əhalisinin savadlılıq səviyyəsinin yüksəldilməsidir.

-Elm və təhsil sahəsində həyata keçirilən uğurlu addımlardan biri də xaricdə təhsil proqramlarının həyata keçirilməsi və bununla bağlı dövlət başçısının imzaladığı müvafiq sənədlərdir. Xaricdə təhsil proqramları Azərbaycan gəncinin daha elmli, bacarıqlı, gələcəkdə öz ölkəsinə daha çox xeyir gətirə biləcək bir kadr kimi inkişafına necə təsir göstərir?

-Bildiyimiz kimi azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən biri maddi çətinliklərdir. Bu cür çətinliklərin aradan qaldırılması  üçün mümkün yollardan biri xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından istifadə etməkdir. Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün lazımi maliyyə yardımı almasına imkan yaradır. Ölkəmiz uzun zaman SSRİ-nin tərkibində qaldığı üçün təhsil sistemimiz həmin mühitdə formalaşan "SSRİ təhsil konsepsiyası" ilə fəaliyyət göstərmişdir. Belə olan halda gənclər üçün heç bir gələcək vəd etməyən SSRİ təhsil sistemi Azərbaycanın təhsil sahəsinin inkişafına mane olmuş və Azərbaycan gəncliyinin savadlılıq səviyyəsi xeyli aşağı olmuşdur. Ancaq müstəqillik əldə etdikdən sonra Ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin bu sahədə yürütdükləri uğurlu siyasət nəticəsində Azərbaycan təhsil sistemi SSRİ təhsil sistemi əsasında deyil, beynəlxalq təcrübə əsasında formalaşmağa və inkişaf etməyə başladı. Hal-hazırda Azərbaycanda beynəlxalq təcrübə geniş şəkildə öyrənilir. Cənab prezidentin Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün müxtəlif qərarları qəbul etməsi özündə bir neçə mühüm məqsədləri birləşdirir. Belə ki, xaricdə təhsil alan gənclər vətənə geri döndükdən sonra onlar qərb ölkələrinin təcrübəsinə tam yiyələnmiş olurlar. Bir növ beynəlxalq təcrübə ölkə daxilinə gətirilmiş olur. Sonrakı etaplarda bu gənclər artıq ölkədə müxalif sahələrdə fəaliyyət göstərməyə, beynəlxalq təcrübəni tətbiq etməyə başlayırlar. Xaricdə təhsil proqramları vasitəsilə dünyanın müxtəlif ölkələrində yüksək ixtisaslı kadr kimi yetişən gənclər Azərbaycanda kadr potensialını artırır, parlaq gələcəyimiz üçün əsaslı zəmin yaratmış olurlar. 

-Bütün bu müsbət addımların, təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının qarşılığında Azərbaycan gənci özünü təhsilə daha çox meyilli edirmi və elmə, təhsilə nə dərəcədə maraq göstərir?

-XXI əsr elmi-texniki tərəqqi əsri kimi qiymətləndirilir. Bu dövrün gəncləri müasir gənclərdir. Bundan əlavə gənc nəsildə dövrə uyğun olaraq maraq dairələri genişlənir və müxtəlif sahələri əhatə edir. Bu sahələrdən biri də sözsüz ki, elm və təhsil sahəsidir. Təbii ki, aparılan islahatlar, görülən işlər gənclərin bu sahəyə marağı artırmışdır. Ölkə rəhbərliyi tərəfindən gənclərə, onların təhsilinə, sosial vəziyyətinə göstərilən diqqət və qayğının qarşılığında onların böyük əksəriyyəti daha elmli, daha savadlı olmağa can atırlar. 2020-ci ilin əvvəllərindən etibarən bütün dünyanın iflic vəziyyətinə salan COVID-19 pandemiyası təhsilin inkişafına böyük zərbə vursa da, düşünürəm ki, Azərbaycan gəncliyi bu çətin sınaq mərhələsindən üzü ağ çıxmağı bacardı. Azərbaycan ali təhsil müəssisələrində təhsil alan tələbələrin bilik səviyyəsi aşağı düşmədi, əksinə onlar mövcud vəziyyətin tələbləri daxilində müasir texnologiyalardan istifadə imkanlarını, bilik və bacarıqlarını daha da artırdılar.

-Müsbət haldır ki, dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da təhsil sahəsində müxtəlif proqramlar həyata keçirirlər. Bu mənada Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətini necə xarakterizə edərdiniz?

-Heydər Əliyev fondunun təhsil sahəsindəki təşəbbüsləri və gördüyü işlər bu sahənin davamlı və dayanıqlı inkişafını təmin etməkdə əvəzsiz rol oynayır. Təhsil sahəsində Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək vacibdir. Çünki Heydər Əliyev Fondunun təhsil sahəsində ardıcıl həyata keçirdiyi layihələr  Azərbaycan təhsilini dünya standartları səviyyəsinə qaldırmışdır. Heydər Əliyev Fondu Azərbaycanın parlaq gələcəyi üçün inkişaf etdirilməsi vacib sahələrdən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşmış, bu istiqamətdə mühüm  tədbirlər həyata keçirmişdir. Bütün ölkədə böyük rəğbətlə qarşılanan "İnternat məktəblərinin inkişaf proqramı", "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı, Dağlıq Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində fəaliyyəti, "Təhsilə dəstək",  ümumiyyətlə fond dövlət maraqları baxımından böyük əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirmişdir. Bu layihələr çərçivəsində Azərbaycanda xeyli sayda məktəb əsaslı təmir edilmiş, yeni məktəb binalarının tikintisi həyata keçirilmişdir. Heydər Əliyev fondunun təhsil sahəsindəki təşəbbüsləri və gördüyü işlər bu sahənin davamlı və dayanıqlı inkişafını təmin etməkdə əvəzsiz rol oynayır.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31