UĞRUNDA ŞƏHİD OLDUĞUN FÜZULİDƏ  HAVA LİMANI AÇILIB YUSİF

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Vətənimizə və xal­qımza sonsuz qürur hissi yaşa­dan, hər birimizə baş ucalığı haqq edən minlərlə qəh­rəman övladlarımızla birlikdə həm­yer­li­miz Yusif Vaqif oğlu Məm­mədov da 29 gün çətin və şərəfli döyüş  yolu keçdi. O, Füzulinin və rayo­nun Şükür­bəyli, Veysəlli kəndlə­rinin işğaldan azad olun­ması uğrunda döyüşlərdə, düşmənin 102-ci postunun dar­madağın edilməsində misilsiz şücaət gös­tərdi. Milli Ordumuzun vətəni canından və qanından artıq sevən cəsur əsgəri Yusif Məmmədova çox təəssüf ki, qələbə sevincini yaşamaq qismət olmadı.
2020-ci il oktyabrın 27-si onun üçün son döyüş oldu. Düşmən tərəfdən atılan artilleriya mərmisinin qəlpəsi ilə qəhrəmancasına həlak oldu. Sentyabrın 28-dən başlayaraq uğurlu döyüş əməliyyatlarında mərd­liklə vuruşan Yusif şəhidlik zirvəsinə ucalmamışdan bir neçə gün öncə ailə üzvləri ilə telefonla əlaqə saxlamış- "Məndən qətiyyən narahat olmayın. Ordu­muz çox güclüdür, düşmən qarşımızda duruş gətirmir. İnşallah, qələbə bizimlədir! Tezliklə görüşərik.. ana!" deyərək xoş müjdə çat­dırmışdır.   
Qəhrəman şəhidimiz Yusif Vaqif və Diləzbər Məm­­­mədovlar ailəsinin böyük oğlu idi. 1995-ci il yanvar ayının 16-da dün­yaya gəlmişdi. Şəhər 9 nöm­rəli tam orta məktəbdə təhsil almışdı. 
Ömrünü, gününü şagirdlərin təlim-tərbiyəsi­nə həsr etmiş, gözəl ənə­nələri ilə fərqli bir məktəbə 17 il direktorluq edən əmək­­dar müəllim  Şükür Mehdiyevlə Yusif haqqında söhbət edirəm. Yusif haqqında öz balası kimi, yana-yana danışır: -Üç qardaş idilər, ikinci qardaşı Vüqar da bizim şağirdimiz olub. Sonbeşikləri Cavid isə hazırda məktəbimizin 6-cı sinfində oxuyur. Hər biri də vətənpərvər, tərbiyəli, çalışqan. Yusifin şəhadətə ucaldığını eşidəndə bütün kollektivimiz yas içində idi. Məzara tapşırılanda da hamımız bir yerdə idik. Deyir­lər, dərdi bölüşəndə çəkmək daha asan olur. Vaqif də, Diləzbər də ən səliqəli və nümunəvi valideynlərimiz­dən­dir. Övladlarının yaxşı təhsil almaları üçün daim səy göstərirdilər.
Yusif elə məktəbi bitirdiyi həmin ildə də Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdu. Ali təhsilini  başa vurduqdan sonra Vətən qarşısında həqiqi hərbi xidmət borcunu Murovdağ bölgəsində yerinə yetir­mişdi. Ordudan tərxis olunduqdan sonra şəhərimiz­dəki AS- İstehsal" MMC-nin Yevlaxdakı filialında əmək fəaliyyətinə başlayan Yusif Dövlət qulluğu vəzifəsinə qəbul olunmaq istəyi ilə "Comp Study" Tədris Mərkəzində hazırlıq keçmiş, birinci və ikinci sınaq turundan uğurla çıxmış, son turun keçiriləcəyi günə az qalmış Vətən müharibəsi başladığına görə səfərbərliyə cəlb olunaraq, neçə-neçə ərənlərlə birlikdə cəbhəyə yollanmışdı. Hərbi xidməti zamanı qumbara­atan manqa komandiri kimi ixtisaslaşdığı üçün döyüşlərdə də tank əleyhinə qumbaraatandan istifadə edib. Füzulinin Şükürbəyli və digər kəndlərinin azad oln­masında mərdliklə vuruşmuşdur. Sonuncu dəfə Veysəlli kəndində igidlik göstərmiş 102-ci erməni pos­tunun ələ keçirilməsində, buraya üçrəngli Azər­bay­can bayrağının sancılmasında şəxsən iştirak etmişdir. Ağır artilleriya atəşi nəticəsində qəlpə yara­sından oktyabrın 26- da şəhid olmuşdur. Qəhrəman övladımızın nəşi şəhər rəsmilərinin, insan izdihamının iştirakı ilə Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
Cəmi 44 gün davam edən döyüşlər ərzində düşmən ordusu darmadağın  edildi. Dünya Azərbay­can dövlətinin gücünə, qüdrətinə yenilməz  Ordu­sunun, əsgər və zabitlərinin döyüşkənliyinə və fəda­kar­lı­ğına heyran qaldı. Məhz bu çarpışmada Azər­bay­can Ordusu məğlubedilməz erməni mifi üzərində öz müzəffər qələbəsi ilə dünya müharibələri tarixində görünməmiş şanlı  qəhrəmanlıq salnaməsini yazdı, məğlub  dövlət və xalq ləkəsinin birdəfəlik üstümüz­dən götürülməsinə nail  oldu.
Onu da qeyd edim ki, şəhərimizdəki "AS- İstehsal" MMC- nin rəhbərliyi Vətən müharibəsinə yola düşənəcən həmin  kollektivdə çalışmış şəhid Yusifə böyük ehtiram və hörmət əlaməti olaraq onun qardaşı Vüqarı işə qəbul  etmişlər.
Şəhid balamızın atası Vaqif, anası Diləzbər xanım, nənəsi Anastasiya, qardaşları Vüqar və Cavidlə söh­bət­ləşərkən Vətən yolunda canını fəda edən ciyər­paraları Yusiflə böyük iftixar hissi keçirdiklərini dilə gətirdilər. Vətənimizin ərazi bütövlüyü uğrunda haqq savaşında şəhidlik zirvəsinə ucalan ərənlərimizə də Allahdan rəhmət, qazilərimizə şəfa, əsgərlərimizə can sağlığı arzuladılar.
Sağlığında mərifəti, qanacağı ilə uşaqdan böyüyə qədər hamının hörmətini qazanmış, vətən­pərvər kimi yetişərək şəhid adını haqq etmiş Yusifin valideynləri qarşısında ehtiramla baş əyir,  vətənə sevgisini öz qızıl qanı ilə suvarmaqla sübut edən Yusifə ruhun şad olsun, torpağın nurla dolsun,- deyi­rəm. Bir də onu deyirəm ki, bu zəfəriniz mübarək, Azərbaycan əsgərləri! Xalqımız bu böyük qələbənizə görə Sizi Qalibiyyət bayrağı kimi ucalara yüksəltdi.
Yusif haqqında bu yazını qələmə almağımdan artıq bir ildən çox vaxt keçib. Şəhidin anası Diləzbər xanımı çoxdan tanıyıram. Oğlunun biliyinə, əməksevərliyinə görə həmişə onu ən ucada görmək istəyirdi. Oğlu isə şəhidlik ucalığını seçdi. Hər ikimiz Heydər Əliyev prospektində yaşadığımızdan ara-sıra onunla rastlaşıram. Ailə üzvləri haqqında o qədər xoş sözlər eşitmişəm ki, bu gün görüşəndə ilk gözümə çar­pan saçında bircə qara tük də olmaması oldu. Xeyli söh­bət­ləşdik. Köz-köz, tüstü-tüstü alıışıb yanmağına baxıb ürə­­yimdə neçə dəfə "dərdinə qurban olum "ay ana"- de­dim.Oğlunun çalışdığı kollektivdə necə hörmət qazandı­ğın­dan, vətənə bağlılığından necə qürurla danışırdı, ana: - Anası ölmüş işdən çıxandan sonra Mingəçevirə gedib axşamlar kursda oxuyur, evə gələndə ana, məni bir saat­dan sonra oyat deyib yatırdı. Və bir saatdan sonra yenidən durub oxuyurdu. Elə buna görə də ən yüksək balla dövlət qulluğuna daxil olmaq üçün birinci mərhələni keçmişdi. 
Diləzbər xanım evdar qadındır. Həyat yoldaşı, oğlan­ları Yusifin müharibədə, ən qaynar nöqtədə vuruş­duğunu ondan gizlədirdilər. Telefonda bir dəfə danışanda güllə-baran səsi eşitsə də, Yusif onu döyüşlərdə olmadı­ğına inandıra bilmişdi. Bu sözü tez-tez təkrar edirmiş. Mənə çoxlu dua et, ana. Diləzbər xanım oğlunun şəhid ol­masında az qala özünü günahlandırır: - Çox tez-tez dua edir­dim. Bəlkə dualarımı az etmişəm?! Deyib, təəssüflənir.  
Həyat davam edir. Diləzbər xanımla söhbət edir, nə qədər kədərli, qəmli olduğunu, qiymətli oğul itkisi üçün həsrətinin sönmədiyini gö­rü­rəm. Amma vətəni, torpağı xilas edən oğlu üçün gözlərindəki işığı da görürəm. Onun işğaldan azad etdiyi Füzulidə quruculuq işləri gedir, o torpaqlar nəfəsimizlə isinir. Bu günlərdə Füzulidə Beynəlxalq Hava Limanının açılışı olub. Yusif kimi oğulların qanı axdığı o torpaqlar əbədi vətənimiz, yurdumuz, ocağımız oldu.   
Dövlətdən, onu əhatə edən insanlardan, qonum­dan-qonşudan razılıqla danışır. Oğlu Vüqarı "AS- İsteh­sal" MMC-nin Yevlax­dakı filialının rəhbərliyi şəhid qar­da­şının yerinə lobarant vəzifəsinə işə götürüb. Elə onun iş otağında da fəaliyyət göstərir. Burada bütün kollektiv ondan öz qayğısını əsirgəmir.     
   Məmmədov Yusif Vaqif oğlu ölümündən sonra Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Yusifin uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!   
 



 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31